azia.az
azia.az

ABŞ və Fransanın Ermənistanda hərbi iştirakı haqda müzakirələr

27-07-2021, 19:37

ABŞ və Fransanın Ermənistanda hərbi iştirakı haqda müzakirələr
Ermənistanın son növbədənkənar parlament seçkilərindən sonra xarici siyasətini dəyişərək daha çox qərbyönümlü siyasət aparmağa başladığı haqda xəbərlər və ekspert dəyərləndirmələri dərc olunmaqdadır. Virtualaz.org xəbər verir ki, Yerevandakı “Modus Vivendi” analitik mərkəzinin rəhbəri Ara Papyan Ermənistanı Qərblə hərbi əməkdaşlığı genişləndirməyə çağırıb.

Onun fikrincə, Azərbaycan-Ermənistan sərhədində yaranmış mövcud vəziyyətə və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ölkələrinin, ilk növbədə də Rusiyanın “hərəkətsizliyinə” görə, Qərb ölkələri ilə hərbi əməkdaşlıq genişləndirilməlidir.



“Bu, yeganə çıxış yoludur, ona görə də bunu həyata keçirmək üçün bütün imkanlara əl atmalıyıq. Aydındır ki, Rusiyanın maraqları indi Türkiyə və Azərbaycanın maraqları ilə üst-üstə düşür. Onlar bunu bir neçə dəfə, müxtəlif səviyyələrdə də deyiblər. Nəticə olaraq, ortaq maraqlar, ortaq müttəfiq münasibətləri yoxdursa, münasibətlər formal xarakter daşıyır. Məsələn, biz Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv dövlətik. Hansı ki, təşkilatın nizamnaməsinin birinci maddəsində müttəfiq ölkəyə zərər verə biləcək hər hansı hərəkət qadağan edilir. Amma Rusiya daim silah sataraq Azərbaycana kömək edirdi. Ona görə də hesab edirəm ki, biz NATO üzvü olmayan müttəfiq kimi mütləq ABŞ və Fransa ilə hərbi əməkdaşlığı inkişaf etdirməyə çalışmalıyıq və əgər Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvlük buna mane olsa, onda biz bu təşkilatdan çıxmalıyıq,-deyə Papyan bildirib.

Xatırladaq ki, Fransanın Ermənistandakı səfiri Jonatan Lakot ötən həftə “Azadlıq” radiosunun erməni xidmətinə müsahibəsində ölkəsinin Ermənistanla hərbi sahədə əməkdaşlığa hazır olduğunu demişdi.



Amma siyasi təhlilçi, Qafqaz İnstitutunun rəhbəri Aleksandr İsgəndəryan hesab edir ki, Qərb ordusunun bu regionda iştirakı ağılabatan deyil. O, hesab edir ki, Qərb ölkələrinin Cənubi Qafqazın təhlükəsizliyi ilə bağlı öz üzərlərinə hansısa ciddi öhdəlik götürmələri mümkün görünmür.

“Üçüncü ölkələrin burda birbaşa iştirakının elə bir ciddi perspektivi yoxdur. Üçüncü ölkə deyəndə, mən regional gücləri, yəni Rusiya ilə Türkiyəni nəzərdə tutmuram”,-deyə o bildirib.

ABŞ və Fransanın Ermənistanda hərbi iştirakı haqda müzakirələr

İsgəndəryan deyib ki, Qərb ölkələri üçün vahid təhlükəsizlik sistemi mövcuddur-NATO. NATO-nu isə bölgədə Türkiyə təmsil edir.

Xatırladaq ki, Ermənistanda nəşr olunan “Hraparak” qəzeti bu günlərdə Paşinyanın xarici siyasət kursunu dəyişdiyini, hökumətdə aparıcı vəzifələrə Qərbə bağlı adamları təyin etdiyini yazmışdı.Bildirilirdi ki, Rusiya dairələri də Paşinyanın planlarından xəbərdardır və narazıdır. Ermənistandakı Rusiya hərbçiləri isə deyirlər ki, hökumət Azərbaycanla sərhəddə təhlükəsizliyin təmin edilməsində rusiyalı hərbçilərin bacarıqsız olduğunu cəmiyyətə yeritmək üçün əlindən gələni edir...


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi