Daha bir erməni nazir Xankəndidə: Yeni proqram...
Ermənistanın əmək və sosial məsələlər naziri Mesrop Arakelyan da Azərbaycanın Qarabağ bölgəsinə, Rusiya sülhməramlılarının nəzarəti altında olan Xankəndiyə gəlib.
Azia.az axar.az-a istinadən bildirir ki, Arakelyan Xankəndidə özünü keçmiş və qondarma "dqr"in rəhbəri sayan separatçı-terrorçu Araik Arutyunyanla görüşüb.
O, Ermənistanın Qarabağ ermənilərinə dəstəyin "prioritet məsələsi" olaraq qaldığını deyib.
"Ermənistan hökuməti Qarabağ ermənilərini dəstəkləmək üçün yeni proqramlara başlamağı planlaşdırır", - M.Arakelyan qeyd edib.
Bildirilib ki, tərəflər müharibə nəticəsində evsiz qalan və Ermənistana sığınan ermənilərin sosial problemlərinin həlli məsələlərini müzakirə edib.
Qeyd edək ki, bu gün Ermənistan xarici işlər naziri Ara Ayvazyan da Xankəndiyə gəlib və "görüşlər" keçirib. Onların Rusiya sülhməramlılarının qoruduğu Laçın dəhlizindən istifadə etməklə rus sülhməramlılarının nəzarətində olan Xankəndiyə gəlməsi isə birmənalı qarşılanmır.
Azərbaycan XİN artıq bu "səfər"lə bağlı rəsmi açıqlama yayıb. Açıqlamada bu səfərlərin 10 noyabr Bəyanatına zidd olduğu və problemi gərginləşdirdiyi qeyd edilib.