Təhsil xərcləri 116,7 mln. manat artırılır
Azərbaycan 2016-cı ildə təhsil xərclərini 116,7 mln. manat və ya 6,8% artırır. Bu, "Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında" qanunda dəyişikliklər layihəsində əksini tapıb.
Qanun layihəsində bu il üçün təhsil xərcləri 1 mlrd. 830 mln. manat nəzərdə tutulub. Təhsil xərcləri üçün ayrılmış vəsaitin 157,372 mln. manatı məktəbəqədər təhsil, 940,035 mln. manatı ümumi təhsil, 33,604 mln. manatı ilk-peşə ixtisas təhsili, 43,403 mln. manatı orta ixtisas təhsili, 37,190 mln. ali təhsil, 3,563 mln. manatı əlavə təhsilin, 615,045 mln. manatı isə təhsil müəssisəsində digər müəssisə və tədbirlərin maliyyələşdirilməsinə yönəldiləcək.
2016-cı ilin təsdiqlənmiş büdcəsi ilə müqayisədə dəyişikliklərlə bağlı qanun layihəsində ümumi təhsil xərcləri 100 min manat, ilk-peşə ixtisas təhsili xərcləri 120 min manat, orta ixtisas təhsili xərcləri 161 min manat, ali təhsil xərcləri 45 min manat, əlavə təhsil xərcləri isə 11 min manat daha az nəzərdə tutulub.
Bunlardan fərqli olaraq, məktəbəqədər təhsil xərcləri olduğu kimi saxlanılıb, təhsil müəssisəsində digər müəssisə və tədbirlərin maliyyələşdirilməsinə yönəldiləcək xərclər isə 117 mln. manat artırılıb. Ümumi təhsil xərclərində artıma məhz təhsil müəssisəsində digər müəssisə və tədbirlərin maliyyələşdirilməsinə yönəldiləcək xərclərin artımı səbəb olub.