Yenilənmiş dövlət büdcəsinin parametrləri açıqlandı
2016-cı il üzrə yenilənmiş dövlət büdcəsinin gəlirləri 16 mlrd. 822 mln. manat, xərcləri isə 18 mlrd. 495 mln. manat nəzərdə tutulub.
Bu, "Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında" qanunda dəyişikliklər layihəsində öz əksini tapıb.
2016-cı il üçün dövlət büdcəsinin dəqiqləşdirilmiş gəlirləri 2016-cı il üçün təsdiq olunmuş proqnozla müqayisədə 2256, mln. manat və ya 15,5% çoxdur. 2016-cı il üçün dövlət büdcəsinin dəqiqləşdirilmiş xərcləri isə 2016-cı il üçün təsdiq olunmuş proqnozdan 13,7% çoxdur.
2016-cı il üçün dəqiqləşdirilmiş dövlət büdcəsi kəsirinin yuxarı həddi 1 mlrd. 673 mln. manat təşkil edəcək.
Yenilənmiş dövlət büdcəsi layihəsində xam neftin satış qiymətinin 1 barreli üçün müəyyən edilmiş qiymət iki dəfə aşağı endirilərək 25 ABŞ dolları səviyyəsində götürülüb.
Yenidən baxılma ilə 2016-cı il icmal büdcənin gəlirləri 15738,6 mln. manat nəzərdə tutulur ki, bu da təsdiq edilmiş büdcəyə nisbətən 981,5 mln. manat və ya 5,9% azdır. Azalma əsasən dəqiqləşdirilmiş icmal büdcənin neft gəlirlərinin hesablanması üçün bir barrel xam neftin qiymətinin təsdiq olunmuş proqnozla müqayisədə 2 dəfə aşağı götürülməsi nəticəsində Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) gəlirlərinin 3 mlrd. 230,3 mln. azalması hesabınadır.
İcmal büdcənin xərcləri təsdiq edilmiş büdcəyə nisbətən 23,1% və yaxud 4 mlrd. 610,2 mln. manat artırılaraq 24 mlrd. 566,6 mln. manata çatdırılması nəzərdə tutulub. Yenidən baxılma ilə icmal büdcənin kəsiri 8 mlrd. 828 mln. manat, ARDNF-in gəlirləri nəzərə alınmadan icmal büdcənin kəsiri 12 mlrd. 309,3 mln. manat təşkil edəcək.
Xatırladaq ki, 2016-cı il dövlət büdcəsinin təsdiqlənmiş versiyasında büdcənin gəlirləri 14,566 mlrd. manat, xərcləri isə 16,264 mlrd. manat səviyyəsində olacağı nəzərdə tutulmuşdu.
Bu ilin yanvarın 28-də isə maliyyə naziri Samir Şərifov bildirib ki, cari ilin dövlət büdcəsinə yenidən baxılıb, gəlir və xərclər hissəsi 2 milyard manat artırılıb.