Çörək 2 manata olacaq? - "Hökumət təcili şəkildə..."
Rusiya-Ukrayna müharibəsinin ərzaq qıtlığı, bahalaşma ilə müşayiət olunacağı son günlər ən çox müzakirə olunan məsələdir. Çörəyin qiymətinin bahalaşacağı ilə bağlı da məlumatlar dolaşır.
İddia olunur ki, çörəyin qiyməti 1 manatadək yüksələ bilər. Məlumatlara görə, bəzi çörək zavodlarına unun qiymətinin bahalaşacağı ilə bağlı xəbərdarlıqlar olunub. Bu məlumatlar əhalini də təşvişə salıb. Hətta bəziləri un tədarükünü öncədən görür və bunu artım olacağı ilə əlaqələndirirlər. Bəzi ekspertlərin fikrincə, insanların əvvəlcədən tədarük görməsi, piştaxtaların boşalmasına, qıtlığa, qiymət artımına səbəb olacaq.
Nəzərə alınsa ki, Rusiya dünyada taxıl ixrac edən ölkə kimi birinci yerdədir. Ukrayna ilə Rusiya müharibə apardığı dönəmdə Rusiyaya qarşı sanksiyalar tətbiq edilir. Bu sanksiyalardan sonra bu ölkə də bu il taxıl satışını dayandırdığını bildirib. Daha bir taxıl idxalçısı Ukraynanın dəniz hövzələrinə çıxışı əngəlləndiyi üçün dünya bazarında taxılın qiymətinin sıçrayışla qalxması mümkündür. Çörəyin qiymətinin nəinki 1, hətta 2 manata yüksələ biləcəyi haqda iddialar var. Ölkəmizdə çörəyin qiymətinin bahalaşacağı gözlənilirmi? Bunun qarşısını necə almaq olar?
Mövzunu iqtisadçı alim Vüsalə Əhmədova “Yeni Müsavat”a belə şərh edib: “Çörəklə bağlı qısamüddətli qiymət artımı ehtimalı var. Hazırda Rusiya və Ukraynadan taxıl idxal edən bütün ölkələr alternativ bazar axtarışındadırlar. Düşünürəm ki, alternativ bazarlar kimi Asiya ölkələri, o cümlədən dünyanın ən iri buğda istehsalçılarından biri olan Pakistan gözdən keçirilə bilər. Dünyanın digər ən iri buğda istehsalçıları Çin, Hindistan, ABŞ, Kanada və Avstraliyadır ki, bu ölkələrdən yükdaşıma və logistika xərcləri yüksək olacaq. Belə olan halda, çörəyin qiymətində kəskin bahalaşma yaranmaması üçün hökumət subsidiyalar tətbiq etməlidir”.
İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev isə deyib ki, tədbir görülməsə, qiymət artımı qaçılmaz olacaq: “Rusiyadan taxıl ixracı dayandırılır, Ukraynanın özündə qida məhsullarına ehtiyac duyulur. Başqa ölkələrdən isə taxıl məhsullarının gətirilməsi baha başa gələcək. Sahibkar subyekti orada nə qazanırsa, istər-istəməz gətirdiyi malın üstünə rüsum pulunu qoyacaq. Bu da bahalaşmaya gətirib çıxa bilər. Ona görə də vergi, gömrük, xüsusən də subsidiyalaşma ilə bağlı qərar verilməlidir. Bu sahədə əlavə dəyər vergisindən azad olma var.
Dövlət artım nisbətində müəssisələr üçün subsidiyalaşma həyata keçirsə, minimum qiymətə, yəni 65 qəpiyə satılan çörəyin qiymətinin artmasının qarşısını almaq olar. Təbii ki, burada ƏDV-dən azad olmalar var. Çünki onsuz da bazarda 2 manat-2 manat 50 qəpiyə çörəklər də var. Əhalinin daha çox hissəsi minimum qiymətə olan çörəyi alır. Ona görə düşünürəm ki, dövlət burada kompensasiya tədbirləri görsə, qiymət artımından qaçmaq olar”.