"Sabah"ın "Kəpəz" sınağı, "Səbail" "Sumqayıt"a qarşı - YENİLƏNİR
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXV turun görüşləri davam edir.
Fanat.Az xəbər verir ki, üç gün ərzində yekunlaşacaq turun ikinci günündə daha iki oyun keçiriləcək.
Günün ilk qarşılaşmasında autsayderlər "Səbail" və "Sumqayıt" münasibətlərinə aydınlıq gətirəcək. Turnir cədvəlinin son iki pilləsində qərarlaşan komandaların Bayıldakı dueli birinin digəri üzərində üstünlüyünü artıracaq.
Bu, “Səbail” və “Sumqayıt” arasında 21-ci Premyer Liqa matçı olacaq. Əvvəlki 20 oyunda "Gənclik şəhəri" təmsilçisinin üstünlüyü var. Belə ki, sumqayıtlılar bu görüşlərin yarısında - 10-da qələbə qazanıb. "Səbail" 7 dəfə meydanı 3 xalla tərk edibsə, daha üç görüş heç-heçə nəticələnib. Tərəflər arasındakı son 6 qarşılaşmada meydan sahibi olan komanda uduzmayıb. “Səbail” son üç ev qarşılaşmasının hərəsində 1 qol vurub.
Günün ikinci oyununda "Sabah" ilə "Kəpəz" üz-üzə gələcək. Bu matç da prinsipiallıq daşıyır. Murad Musayevin baş məşqçi olduğu komanda son iki turda, "Turan Tovuz" və "Şamaxı" ilə görüşlərdə xal(lar) itirib. "Kəpəz"ə də qalib gələ bilməyəcəyi halda, "Sabah"ın 2-ci yerdəki mövqeyinə təhlükə yaranacaq. Belədə həmin mövqe "Neftçi" üçün əlçatan olacaq. "Kəpəz"in son iki turda qələbələri sıralaması da rəqibdən çəkinməyi şərtləndirir.
Qeyd edək ki, turun açılış oyunu dünən "Zirə" və "Şamaxı" arasında (2:2) baş tutub. "Qəbələ" - "Qarabağ" və "Neftçi" - "Turan Tovuz" matçları isə martın 5-də keçiriləcək.
Azərbaycan Premyer Liqası
XXV tur
4 mart
16:00. “Səbail” – “Sumqayıt”
Hakimlər: Rəşad Əhmədov, Vüsal Məmmədov, Rəhman İmami, Vüqar Həsənli
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Elçin Məmmədov
“ASCO Arena”
18:30. “Sabah” – “Kəpəz”
Hakimlər: Rauf Allahverdiyev, Pərvin Talıbov, Zöhrab Abbasov, Emin Əliyev
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
“Bank Respublika Arena”