Türkiyə evdə heç-heçə edib, İslandiya aşağı liqaya yuvarlanıb
Millətlər Liqasında IV tura yekun vurulub.
azia.az saytının məlumatına görə, ikinci oyun günündə 20 matç keçirilib.
A və C liqalarının hərəsində üç, B liqasında dörd qrupda II dövrəyə start verilib. Qardaş Türkiyə yığması növbəti ev sınağına çıxıb.
B liqasının 3-cü qrupunda mübarizə aparan Şenol Günəşin yetirmələri Serbiya ilə qarşılaşıb. İlk üç matçda qələbə qazana bilməyən “ay-ulduzlular” bu dəfə də qalib gələ bilməyib. Türkiyəlilər iki top geridə olduqları matçda bir xal əldə edib – 2:2.
Günün ən maraqlı qarşılaşmaları isə A liqasında baş tutub. 2018-ci ildə Rusiyada keçirilən dünya çempionatının finalçılarının duelində Fransa səfərdə Xorvatiyanı məğlubiyyətə uğradıb. İtaliya və Niderlandın duelində qalib müəyyənləşməyib.
İslandiya yığması A liqası ilə vidalaşıb. Belçikaya uduzan şimallılar 2-ci qrupda sonuncu yeri rəsmiləşdirib. Buna İngiltərənin evdə Danimarkaya uduzması da rol oynayıb. Xalı olmayan İslandiya növbəti turnirdə B liqasında çıxış edəcək.