Kiberhücum: Bakı sakininin bank kartından külli miqdarda pul oğurlandı
1979-cu il təvəllüdlü Bakı sakini, iri banklardan birinin müştərisi E.Bayramzadə kiber cinayətin qurbanı olub.
Azia.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarından məlumat verilib.
Bildirilir ki, 22 oktyabr tarixində kişi bank kartından 5 477 manat məbləğində vəsait çıxarıldığını aşkarlayıb. Oğurluq barədə Səbail Rayon 9-cu Polis Bölməsinə məlumat verilib. Hazırda əməliyyatçılar hakerin izinə düşməyə çalışırlar.
Hüquq-mühafizə orqanlarının əməkdaşlarının bildirdiyinə görə, son illərdə Azərbaycanda mobil tətbiqetmələr (mobil bank proqramları) və internet vasitəsilə bank hesablarından oğurluq hadisələri çoxalıb. E.Bayramzadənin müştərisi olduğu bankda eyni hadisə artıq baş verib.
Mütəxəssislərin fikrincə, respublikada bir çox bank və ticarət təşkilatı pul oğurlanması ilə bağlı mütəmadi olaraq kiberhücum və haker problemi ilə qarşılaşır, lakin heç kim müştərilərinin gözündə aciz görünməmək üçün bunu etiraf etmək istəmir.