Prezidentin Protokol Xidmətinin yeni statusu - 606 nömrəli sərəncam nələri dəyişib?
Azərbaycan Respublikası Prezidentinin Protokol Xidmətinin statusu yenilənib. İndi bu qurum ayrıca dövlət orqanı aparatıdır.
Prezidentin Protokol Xidməti dövlət başçısının 25 mart 2004-cü il sərəncamı ilə Prezidentin İcra Aparatının tərkibində yaradılıb, həmin gün Elçin Tələt oğlu Bağırov qurumun rəisi təyin edilib.
2009-cu il martın 18-də keçirilmiş referendumda Azərbaycan Konstitusiyasına edilən dəyişikliklə Prezidentin İcra Aparatı Prezident Administrasiyasına çevrilib, bununla Protokol Xidməti administrasiyanın tərkib hissəsi sayılıb.
Dövlət başçısının 17 oktyabr 2022-ci il sərəncamı ilə Elçin Bağırov Prezidentin Protokol Xidmətinin rəisi vəzifəsindən çıxarılıb.
3 noyabr 2022-ci ildə Arif Vasif oğlu Səmədov Protokol Xidmətinin rəisi postuna təyinat alıb.
23 may 2025-ci ildə dövlət başçısı Azərbaycan Respublikası Prezidentinin Protokol Xidmətinin yaradılması haqqında 606 nömrəli sərəncam imzalayıb. Sərəncamın mətni rəsmi resurslarda dərc olunmayıb.
Medianews.az qeyd edir ki, hazırda Protokol Xidməti Prezident Administrasiyasının tərkib hissəsi deyil. Nazirlər Kabinetinin 1 dekabr 2025-ci il qərarı ilə Azərbaycan Respublikası Prezidentinin Protokol Xidməti ayrıca dövlət orqanı aparatı kimi rəsmiləşib. Qərardan Protokol Xidmətinin ayrıca inzibati binasının olduğu da görünür.