azia.az
azia.az

Bir dərs üçün Bakıdan Xankəndiyə 15 saat yol gedən müəllim

Bu gün, 17:05

“Qarabağ alınsaydı, 4 il çətinliklə oxuduğum hüquq fakültəsinə baxmayaraq, həmişə arzuladığım memarlıq fakültəsinə daxil olub, oxuyub gedib Şuşada ən müasir, yaraşıqlı binalar tikərdim”.

2016-cı ildə Aprel döyüşləri ərəfəsində belə bir status yazır. Həmin ildən 9 il keçir, Qarabağ isə alınıb. Düzdür, o memarlığı oxuyub Şuşada bina tikmir, amma Bakıda yaşamasına baxmayaraq, həftədə 2 dəfə Qarabağa gedib Qarabağ Universitetində dərs keçir və həmin gün də Bakıya qayıdır.

Söhbət 30 yaşlı Arzu Şükürovadan gedir. Valyuta.az olaraq Arzu Şükürlü ilə yol hekayəsindən, motivasiyasından və onu hər dəfə Qarabağa aparan səbəblərdən danışdıq.

- Arzu xanım, 2016-cı ildə o statusu yazmağa vadar edən daxili hissləriniz nələr idi?

- Həmin vaxt mən Milli Aviasiya Akademiyasının Hüquqşünaslıq fakültəsinin 4 cü kursunda oxuyurdum. Bir çox universitetdə tələbələr ordumuza dəstək məqsədilə toplaşır, əlində bayraqla şüarlar səsləndirirdilər. Bizim akademiyada da tələbələr eyni şeyi etmişdilər. O səhnələr hələ də bütün detalları ilə gözümün önündədir. Akademiyanın bütün korpuslarının qabağı tələbələrlə dolu idi. Xüsusilə 2 və 3 cü korpuslar daha fəal idi. Əllərində Azərbaycan bayrağı, himn oxuyur, “Qarabağ” şüarları səsləndirirdi və başımızın üstündən təyyarələr keçirdi. Amma bu səs belə tələbələrin səsini üstələyə bilmirdi. Bildiyiniz kimi, akademiyanın tələbələri forma geyinirlər. Həmin vaxt bir anlıq sakit qalıb ətrafıma baxdım. Və çox qəribə hisslər keçirdim: özümü həmin an döyüşə hazır olan əsgər kimi hiss edirdim. Cəbhəyə çağrılsam, yəqin ki, bir an belə tərəddüd etməzdim. Hətta bəzən bir çoxumuz düşünürük ki, əsgərlərimiz necə özünü canını verməyə qədər hazır hiss edirlər. Əminəm ki, onlarda döyüş vaxtı da elə bir ruh halı olur. Həmin an insanın ağlında da, qəlbində də bir mövzu olur - Vətən. Bəlkə də yeganə andır ki, insanın qəlbi və beyni mübahisəyə düşmədən həmfikir ola bilir. O gündən bəri ağlımda yalnız Qarabağ olurdu. Görəsən, o yerlər necədir? Təsəvvür edirdim. Dağlar necədir? Təbiət necədir? Biz Qarabağı sadəcə ədəbiyyat və tarix kitablarında oxumuşuq. Oxuduğumuz qədəri ilə də gözümüzdə canlandıra bilirdik. Keçmişdə necə olduğunu bilmirəm, amma azad olunduqdan sonra gələcəyini görə bilərəm. Keçmiş tikililər dağıdıla bilər, amma “mən memar olub o yerləri abadlaşdıra bilərəm” kimi düşüncələrlə nəticədə belə bir status yazmışdım.

- Bəzən biz bir status yazıb keçirik, sonrası haqqında düşünmürük. O gün yazdığınız statusun bugünkü yolunuza təsir etdiyni düşünürsünüz?

- O gün yazdığım statusun bu gün də yoluma təsir etdiyini düşünürəm. Düşünürəm ki, dövrümüzdə artıq əksəriyyətimiz danışdığımız sözlərin həyatımıza mənfi və ya müsbət formada təsir etdiyi qənaətindəyik. Artıq belə mövzuların sosial şəbəkələrdə həddinən artıq çox danışılmasından, müzakirələrin kütləviləşməsindən və ya çox məqalələrin yazılmasından da qaynaqlana bilər. Çünki hər birimiz bu prosesin içindəyik və istər istəməz inanmağa başlayırıq ki, sözlərimiz, danışıqlarımız, düşüncələrimiz həyatımıza təsir edir. Yəni mənim dəfələrlə başıma gəlib: sadəcə bir anlıq “necə ola bilər?”, “ola bilərmi?” deyə düşündüyüm bir məsələ qısa müddət sonra reallaşıb. Bu baxımdan müəyyən mənada təsiri olduğunu düşünürəm. Hətta deyərdim ki, illər əvvəl həyatımla bağlı mənə ipucu verib.

- Düzdür, statusda yazdığınız kimi sahənizi dəyişib memar olmadınız, amma bu gün etdiyiniz qiymətlidir. Həftədə iki dəfə 11 saatlıq uzun yolu qət edib Xankəndidə dərs deməyə getmək hər kəsin edəcəyi iş deyil. Bunu etməyə sizi nə ruhlandırır?

- Mən bakalavr pilləsindən 2016 cı ildə məzun olmuşam. Məzun olduqdan sonra bakalavr təhsili ilə kifayətlənib ancaq əmək fəaliyyəti ilə məşğul olmağa yönəldim. Kənardan nə qədər deyilsə də, həmin anda təhsilimi davam etdirməyi düşünməmişdim. Amma içimdə həmişə pedaqoji fəaliyyətlə məşğul olmaq istəyi olub. Bildiyimi paylaşmaq, başqalarına faydalı olmaq mənim üçün dəyər olub. Buna görə də olduğum bütün layihələrdə, çalışdığım bütün iş yerlərində, həmişə digərlərinə dəstək olmağa, faydalı olmağa, bildiyimi paylaşmağa çalışmışam. Məhz bu dəyər məni magistratura təhsili almaq qərarına gətirdi. Bakalavrdan 6 il sonra, 2022 ci ildə Bakı Dövlət Universitetinə qəbul oldum. Magistraturadan isə keçən il məzun oldum.

Məzun olduğum gündən etibarən artıq axtarışlara başlamışdım: “Bu yola necə, hardan başlaya bilərəm?” Hətta özümdə bir neçə məsələni də qərarlaşdırmışdım: “Əgər dərs deməyə başlasam, nələr edəcəm? Hansı tədris metodlarını tətbiq edəcəm? Tələbələrlə ünsiyyətim necə olacaq? Tapşırıqları hansı formada verəcəm?” və s. Bütün bunları dəftərlərimdə də qeyd edirdim. Bunu müəyyənləşdirməkdə mənim mentorluq fəaliyyətimin böyük rolu olduğunu düşünürəm. Uzun müddət şəxsi inkişaf sahəsi ilə məşğul olmuşam. Daha sonra, bu sahədə öyrəndiklərimdən başqalarının da faydalanması üçün müəyyən layihələrdə iştirak edib gənclərə fərdi inkişaf üzrə mentorluq etmişəm. Belə layihələrdən biri də “Paşa Holding”in “Əlaçı” layihəsi idi. Həmin layihə ərzində mentoru olduğum tələbələrin yüksək nəticələri məni daha da ruhlandırırdı.

Bütün bunlarla yanaşı, məzun olduqdan 9 ay sonra Qarabağ Universitetində vakansiya ilə rastlaşdım. Heç tərəddüd etmədən müraciət etdim. Xəyalım öz təhsil aldığım akademiyada dərs keçmək idi. Amma xəyalımdan daha gözəli nəsib oldu. Məni ruhlandıran əsas şey bildiyimi paylaşmaq istəyi, pedaqoji fəaliyyət arzusu və ən əsası vətənimə olan borcum və Qarabağ sevgim idi.

- Evdən işə getmək üçün neçədə çıxırsız və evə nə zaman qayıdırsız?

- Xankəndiyə getdiyim günlər belə olur: 04:30‑da oyanıram, 06:00‑da evdən çıxıram, 07:00‑də Bakı Beynəlxalq Avtovağzalından avtobus yola düşür, saat 13:00‑da Xankəndidə oluram. Dərsi keçirəm, 17:00‑da universitetdən çıxıram, 17:30‑da avtobus Xankəndidən Bakıya yola düşür. Bakıya gecə saat 23:30-24:00‑a yaxın çatırıq. Evə çatmağım da 01:30‑a qədər çəkir.

- Bu, sizin ilk pedaqoji təcrübənizdir? İlk pedaqoji təcrübəniz necə keçdi?

- Bu mənim ilk pedaqoji təcrübəmdir. Bundan əvvəl dediyim kimi, şəxsi inkişaf sahəsi ilə maraqlanmağım, mentorluq fəaliyyətim və tələbələrlə müxtəlif layihələrdə əməkdaşlığım sayəsində onlarla ortaq dil tapmaq, ünsiyyət qurmaq, ehtiyaclarını anlamaq mənə çətin olmadı. Nəzərə alsaq ki, qarşımızdakı tələbələr Z nəslidir və informasiya onlar üçün daha əlçatandır, müzakirəyə açıqdırlar, sorğulamağa çox meyllidirlər. Təbii olaraq onlara ənənəvi metodlarla – 90 dəqiqə passiv mühazirə – dərs keçmək effektiv nəticə verməzdi. Bütün bunları nəzərə alaraq qərar verdim ki, prosesi elə idarə edim ki, mərkəzdə məhz tələbələr olsunlar. Məsələn, ilk dərsdə tələbələrlə fərdi sorğu keçirdim. Məqsədim həm tələbələrin baza səviyyəsini yoxlamaq, həm də onların tələbatlarını öyrənmək idi ki, bundan sonra dərsi həm onların ehtiyaclarına, həm də bacarıqlarına uyğun təşkil edə bilim. Məsələn, sorğuda belə suallar vermişdim: “Dərs hansı formada keçirilərsə, mövzunu daha yaxşı qavrayarsınız?” “Ev tapşırığı hansı formada olsa, mövzunu daha yaxşı mənimsəməyə dəstək olar?” və s. Cavablara əsasən ev tapşırığı verdiyim zaman da tələbələrin bacarıqlarını, boşluqlarını nəzərə alıb hər birinə fərdi yanaşmağa üstünlük verdim. 

Bununla yanaşı əsas məqsədlərimdən biri tələbələrin yalnız peşə bilikləri deyil, eyni zamanda yumşaq bacarıqları (soft skills) əldə etməsinə də diqqət yetirməkdir. Hər dərs onların da diqqətini həmin mövzuya yönəltməyə çalışıram. “Siz özünüzdə hansı boşluqları görürsünüz? Hansı tərəflərinizi gücləndirmək istəyirsiniz? Hansı bacarıqlarınızı inkişaf etdirmək istəyirsiniz?” kimi sorğular keçirdim. Dərsdən sonra "Bu dərsdə yeni nələr öyrəndiniz, mövzuyla bağlı yadınızda nələr qaldı?" kimi suallar verirəm. Bu tip ümumi sorğuları bir neçə dərsdən bir təkrarlayıram. Bu, həm özümün, həm də tələbələrin inkişafını yoxlamaq, geri dönüş almaq, dərsin keyfiyyətini və faydalılığını ölçmək üçün faydalıdır. Hələlik gələn geri dönüşlər müsbət yöndədir.

Sizlə belə bir xatirəmi də bölüşmək istəyirəm. Dərsi keçib bitirmişəm, universitetdəki işlərimi də tamamlamışam və parkda oturub Bakıya qayıdan avtobusun gəlməsini gözləyirəm. Həmin vaxt tələbəmdən bir mesaj gəldi. Mesajın mətni belə idi:

“Müəllim, deməsəm içimdə qalacaq: dərs keçmə metodunuz mükəmməldir”. O an qərarımın, seçdiyim yolun və etdiklərimin nə qədər doğru olduğunu anlamışdım. Öz özümə səsli şəkildə dedim: “Arzu, düz yoldasan, davam et”.

- Ətrafdan sizə necə reaksiyalar gəlir? 

- Ətrafdan müxtəlif reaksiyalarla qarşılaşmışam və bu, hələ də davam edir. Məsələn, bir qisim deyir: “Dərs demək istəyirsənsə, Bakıda neçə universitet var, müraciət elə, ora get, orada rahat dərsini keç. Niyə bu qədər yol gedəsən ki?” Başqaları isə düşünür ki, əsas işin var, niyə əlavə əziyyət çəkirsən? Digərləri maddi tərəfi önə çəkir: “Hər həftə iki gün üçün avtobus biletinə pul verirsən, buna dəyərmi? Hər kəs öz baxış bucağı ilə qiymətləndirir. Mən heç kimi qınamıram, onların fikirlərini mühakimə etmirəm. Sadəcə gülüb keçirəm, çünki özümü tanıyıram. Sevindirici haldır ki, mənfi reaksiyalər bununla bitmir. Təqdir edən, uğur arzulayan, “əhsən” deyən və dəstək göstərən insanlar da az deyil. Biz hamımız əsgər, hərbçi ola bilmərik. Lakin vətənin keşiyində durmaq təkcə silah əlində sərhəddə dayanmaq demək deyil. Dərsini vicdanla keçən hər bir müəllim, xəstəni peşəkarlıqla müalicə edən hər bir həkim, obyektiv qərar verən hər bir hakim vətənin keşiyindədir. Onların sayəsində vətən üçün sağlam vətəndaşlar yetişir. Bu siyahı yalnız müəllim, həkim və hakimlə məhdudlaşmır. Çörəkçi bilməlidir ki, bişirdiyi çörəyi onun xalqının üzvü yeyəcək. Küçəni süpürən təmizlik işçisi belə o düşüncədə olmalıdır: “Mən bu təmizliklə vətənimə və xalqıma xidmət edirəm”. Mən də bu prinsiplərlə yaşayıram və düşünürəm ki, bu yolla mən də vətənin keşiyindəyəm.

- Müəllimlikdən əlavə digər işiniz və şəxsi həyatınıza vaxt ayırmağı necə bacarırsız?

- Ətrafımdakı insanlar tez tez soruşurlar: “Bu qədər işi necə çatdırırsan?” İşlərin bölgüsünü düzgün aparmaq, zamanı dəyərləndirmək, nə istədiyini bilmək, ehtiyaclarını, öz zəif və güclü tərəflərini tanımaq bu məqamda insanın köməyinə çatır. İşlərin çoxluğu mənim məhsuldarlığımı daha da artırır. Məsələn, ilin əvvəlində sadəcə bir iş yerim var idi və əlavə layihə ilə məşğul deyildim. Amma oxumağa başladığım heç bir kitabı tamamlaya bilmirdim. Amma Xankəndinə getdiyim gündən etibarən bir neçə kitab oxuyub bitirmişəm. Əsas iş yerimdə qanunvericiliklə bağlı araşdırmalı olduğum nə qədər mövzuları araşdırmışam. Sahəm üzrə biliklərimi artırmaq üçün əlavə kurslar tapmışam. İşlərin çoxluğundan bəzi məsələləri yolda - avtobusda həll etdiyim də olur. Bütün bunları mən o 11 saatlıq yola borcluyam. Bir çoxları vaxtımı itirdiyimi düşünərkən, mən əksinə vaxtımın bərəkətləndiyinə inanıram. Çətinliklər olsa da düşünürəm ki, qazandıqlarım itirdiklərimdən çoxdur. Dərslə bağlı işlərimi görmək üçün həftənin bir gününü - ya şənbə, ya bazar ayırıram. Bəzi işləri isə dərsə gedəndə və ya geri qayıdanda yolda edirəm. Əsas iş yerimdəki vəzifələrimi isə iş vaxtında yerinə yetirirəm. Bəzən çatdıra bilmək üçün nahar vaxtında da işləməli oluram. Həvəslə etdiyim üçün bütün bunlar mənə ağır gəlmir. İşdən sonra vaxtımı evdə ailəmlə keçirməyi sevirəm. Ailə ilə birlikdə tətil planları qurmaq, yemək süfrəsi arxasında əyləşmək və s. insanın yorğunluğunu alır. Hesab edirəm ki, "ailə" günümüzdə qoruyub saxlamalı olduğumuz əsas dəyərlərdəndir. Həftənin bir gününü isə təbiət yürüşlərinə ayırıram.

- 9 il əvvəlki Arzu bu günkü sizə baxsa, sizcə, nə deyərdi? 9 il əvvəlki o paylaşım indi sizə necə görünür?

- 9 il əvvəlki Arzu bugünkü Arzuya baxsa, qürur hissi ilə baxardı. 9 il əvvəlki Arzunun qurduğu xəyal — şəhidlərimiz, qazilərimiz və Ali Baş Komandan Cənab İlham Əliyev sayəsində gerçəkləşdi. 9 il əvvəlki Arzu qarşısına qoyduğu bir çox məqsədə çatdı. İndi isə yeni hədəflərin axtarışındadır. Mənim 9 il əvvəlki paylaşımım mənə saf bir qəlbin diləyi kimi görünür, necə ürəkdən istənilibsə, illər sonra o, gerçəkləşib.

- Gənc qızlara, xüsusilə sizin kimi ideallarının arxasınca gedən qadınlara nə tövsiyə edərdiniz?

- Xəyallarınızın, ideallarınızın, məqsədlərinizin arxasınca getmək təbii ki, çox gözəl bir şeydir. Amma o idealın, məqsədin, arzunun nə olduğunu, bizi hara apardığını, hansı yollarla apardığını yaxşı götür qoy etmək vacibdir. Əsas məqsəd nə olursa olsun, cəmiyyətə yararlı şəxsiyyət olmağı bacarmaq olmalıdır. Əvvəlcə təhsilinizi tamamlayın. Ulu Öndər Heydər Əliyevin dediyi kimi:

“Təhsil millətin gələcəyidir.”

Hər kəs eyni imkanlara sahib ola bilməz. Amma bu heç vaxt bizə əngəl olmamalıdır. Bu dövr informasiya dövrüdür. İnternet hər şeyi, hər məlumatı bizim üçün əlçatan edir. Sadəcə bu resurslardan düzgün istifadə etməyi bacarmaq qalır. Mütaliəni heç vaxt dayandırmayın. Özünüzü hər tərəfli inkişaf etdirin. Dünya görüşünüzü genişləndirin. İradənizi möhkəm saxlayaraq əzimli və çalışqan olmağı özünüzə aşılamağı unutmayın. Ucqar yerdə yaşayırsınızsa belə, “Oxumasam nə olar? Oxusam nə olar?” düşüncəsinə qapılmayın. Həyatın necə olacağını heç vaxt bilmək olmur. Keçən il mən də bilmirdim ki, Qarabağda işləyəcəyəm. Amma arzumun reallaşacağına inanırdım. Nəticədə mənim arzum yaşadığım həqiqətə çevrildi.

Tənzilə Ağabalayeva



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi