Hava ilə bağlı narahatlıq yaradan xəbər-Həmin dövr artıq yaxınlaşır
Azərbaycanda noyabr ayında yağıntıların normadan az olması diqqət çəkib. Belə ki, ay ərzində cəmi 11 gün yağıntılı hava qeydə alınıb. Lənkəran-Astara zonasına normanın 17 faizi, Bakı və Abşerona isə 35 faizi düşüb. Bu vəziyyət ictimaiyyətdə birmənalı qarşılanmayıb: bəziləri sözügedən durumu “narahatedici” adlandırsa da, digərləri normal olduğunu düşünür.
Əslində reallıq necədir? Yağıntıların miqdarı əvvəlki illərdə də belə olubmu?
Azia.az bildirir ki, globalinfo.az-a danışan biomüxtəliflik üzrə ekspert, ekoloq Arzu Mustafayev deyib ki, quraqlıq həmişə mövcud olub: “Hətta qədim dövrlərdə yağışın yağması üçün dualar edilir, heyvan və insan qurban verilirdi. Hazırda da bölgədə ciddi quraqlıq hökm sürür. Bunun nə qədər davam edəcəyini dəqiq proqnozlaşdırmaq mümkün deyil. Region ölkələrinin vəziyyəti göstərir ki, İranda su anbarları boşalıb, çaylarda su qalmayıb. Suriyanın ən böyük çaylarından biri olan, Livandan başlayan və Türkiyənin Hatay bölgəsinə tökülən Oront çayı tamamilə quruyub. Su qıtlığı səbəbindən Hama rayonunda fermerlər əkin sahələrini kanalizasiya suları ilə suvarmağa məcbur qalıblar. Təəssüf ki, Azərbaycan da buna həm hazırlaşır, həm də bəzi bölgələrdə bu praktikanın tətbiqi ehtimal olunur. Bu isə kənd təsərrüfatı məhsullarının kimyəvi çirklənməsi ilə nəticələnə və dolayısı ilə insanların sağlamlığına, o cümlədən onkoloji risklərin artmasına səbəb ola bilər”.
Ekoloq qeyd edib ki, Türkiyədə su anbarlarının quruması,Urmiya gölünün yox olması, Xəzərin geri çəkilməsi, Kür və Araz çaylarının su gətirmə qabiliyyətinin azalması ümumi mənzərəni daha da ağırlaşdırır:
“İyun-iyul aylarında yağıntıların çox olmasına baxmayaraq, iyunun 26-dan temperaturun kəskin yüksəlməsi quraqlığın təsirini gücləndirib. Bu da yeraltı suların səviyyəsini aşağı salır, meşəliklərdə quruma halları artır. Növbəti ildə nəticələr daha ağır şəkildə hiss olunur, çünki əvvəlki nəmişlik bu yumşaldıcı effekti vermir.Hazırda ölkədə su anbarlarının sayını artırmaqla problemi həll etməyə çalışırlar. Məsələn, Şəkidə Əyriçay su anbarı tikilir. Lakin mövcud proses fonunda bu anbarları doldurmaq üçün kifayət qədər su tapılmayacağı ehtimalı böyükdür. Yeni anbarlara su yığılsa belə, bu dəfə Kür çayına axacaq su azalacaq. Su təsərrüfatı ilə bağlı sahələrin bir-biri ilə əlaqəli şəkildə işləməməsi vəziyyəti daha da çətinləşdirir. Uzun illərdir deyilirdi ki, gələcək müharibələr torpaq uğrunda yox, su uğrunda olacaq. Həmin dövr artıq yaxınlaşır”.