Mərkəzi Elmi Kitabxanada yeni şöbə yaradılıb
Azia.Az xəbər verir ki, İnformasiya cəmiyyətinin formalaşdığı müasir dövrdə Ümummilli liderimiz Heydər Əliyevin “Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs yer, mənəviyyat, bilik, zəka mənbəyidir” sözləri bir daha AMEA-nın Mərkəzi Elmi Kitabxanasının (MEK) əsas fəaliyyət missiyasını müəyyən edir. Ulu öndərin davamçısı olan Prezident İlham Əliyev Azərbaycan kitabxanalarını Azərbaycan xalqının milli sərvəti hesab edir. Bu milli sərvətin mühüm tərkib hisslərindən biri də MEK-in elmi ədəbiyyat fondlarıdır.
Kitabxana rəhbərliyi hazırda elmi ictimaiyyətə daha səmərəli innovativ xidmət üsulları tətbiq etməklə, kitabxana-informasiya fəaliyyətində əsaslı islahatlar aparmaqdadır. Eyni zamanda kitabxananın fondlarının strukturunda da yenidənqurma işləri görülür, yeni fondların təşkili nəzərdə tutulur.
MEK-də yeni yaradılan Şərqşünaslıq şöbəsinin əsas fəaliyyət istiqamətlərini şərq dillərində xaricdə və Azərbaycanda çap edilən, eləcə də elektron elmi nəşrlərlə və azərbaycanşünaslığa dair ədəbiyyatla fondun komplekləşdirilməsi, elmi kataloqlaşdırılması, elektron kataloqun formalaşdırılması, informasiya-axtarış aparatının təşkili və aparılması, oxuculara kitabxana-informasiya xidmətinin təşkili və s. əhatə edir. Bundan başqa, şöbə Yaxın Şərq ölkələri ilə beynəlxalq kitab mübadiləsinin və fondun mühafizəsinin təşkili işini həyata keçirir. Sənədlərin istifadəsi acıq rəf üsulunda təqdim edilir.