İran səs-küylü EDAMA HAZIRLAŞIR - Bu dəfə kəndiri öz boğazına keçirəcək
"Qırmızı xətt"dən dəm vuran İran belə görünür ki, özü ya rəngləri qarışdırıb, ya da yuxusunu. Özü də elə qarışdırıb ki, ac toyuq yuxusunda darı görər kimi Azərbaycana nəzərlərini zilləyib.
İranın bütün planları rəsmi Bakı tərəfindən deşifrə olunduğu üçün Tehran Azərbaycana qarşı açıq oyuna girdi. Düzü, keçən il bu vaxt da iki dövlət arasında bənzər səviyyədə gərginlik var idi. Lakin budəfəki gərginliyin miqyası böyükdür və istifadə olunan metodlar da artıq sərtliyi ilə diqqət çəkməyə başlayıb.
Hətta İranın XİN rəhbəri Hüseyn Əmir Abdullahian erməni həmkarı Armen Mirzoyanla Zəngəzura qaçaqaç səfəri zamanı Qafanda yarımtikili vəziyyətində olan konsulluq binasının açılışından sonra mətbuat konfransında açıq şəkildə bəyan etdi ki, "Mənim Ermənistana səfərimin əsas məqsədlərindən biri Fars körfəzi-Qara dəniz dəhlizidir".
İran alternativ marşrut xəttini işə salmaqla Zəngəzur dəhlizinin açılması prosesini deaktivləşdirmək və bölgədə sülhə mane olmaq üçün əlindən gələni edir. Tehranın qarınağrısının əsl səbəbi şübhəsiz ki, dəhlizin fəaliyyətə başlayacağı təqdirdə Ermənistanla bağlanacağını düşündüyü sərhəd xəttidir. Bu mənada İran rəsmi irəvana dəstəyini açıq şəkildə dilə gətirir və Ermənistanın təhlükəsizliyini öz təhlükəsizliyi kimi gördüyünü bəyan edir.
Fikr versək görərik ki, İranın Araz vadisi boyu Azərbaycanla bütün sərhəd boyunu əhatə edən bu ilki təlimləri xarakter baxımından keçən ilkindən daha aqressivdir. Dövlət başçısı İlham Əliyevin dörd gün öncə Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdat Amreyevi qəbul edərkən səsləndirdiyi fikirlər dünyadakı soydaşlarımıza, xüsusilə də Cənubdakı qardaşlarımıza önəmli bir mesaj oldu:
"Biz taleyin hökmü ilə dövlətimizdən ayrı düşmüş azərbaycanlılara, həmçinin bizim qardaş türk dövlətlərinin digər xalqlarının dövlət sərhədlərinin hüdudlarından kənarda yaşayan çoxsaylı nümayəndələrinə kömək etmək, onların inkişafı, onların Azərbaycan dilini, Azərbaycan ənənələrini, Azərbaycan mədəniyyətini qoruyub saxlamaları, azərbaycançılıq prinsiplərinə sadiq olmaları və öz tarixi Vətəni ilə əlaqələri heç vaxt kəsməmələri üçün əlimizdən gələni edəcəyik".
Bununla da Azərbaycan lideri İrana çox ağır mesaj göndərmiş oldu. İlham Əliyev eyni zamanda azərbaycanlıların yayılma arealının Azərbaycandan böyük olduğunu diqqətə çatdıraraq dünyadakı azərbaycanlıları azərbaycançılıq ideyasına sadiqliyə səsləməklə Türk dünyası ölkələri ilə əlaqələrin, qardaşlıq münasibətlərinin möhkəmləndirilməsi məsələsini xarici siyasətinin əsas prioritetlərindən birinə çevirən Azərbaycan üçün yeni xarici siyasi xətt açıldığını elan etdi.
Şübhəsiz ki, Rusiyanın Ukrayna ilə müharibədə xeyli gücdən düşməsi Cənubi Qafqazda boşluqlar verməsi ilə nəticələndi ki, bu da fərqli dövlətlərin bölgədəki güc mübarizəsini intensivləşdirən amillərdən birinə çevrildi. Yaranan fürsətdən istifadə etmək istəyən qüvvələr bu gün regionda hegemonluq sevdasını açıq şəkildə büruzə verməyə başlayıb.
Təlimlərdə körpülərlə İranın Araz çayını zorla keçməsi kimi variantlar üzərində hərbi təlim nümayişi də sadəcə Bakıya təzyiq və güc nümayişindən başqa bir şey deyil. Açığı, İranın bunu etmək üçün özündə cürət tapacağı ehtimalı da çox aşağıdır. Yox ki, İranın buna hərbi potensialı yetməz, ona görə ki, geosiyasi mövcud vəziyyət Tehranı bu riskə getmək kimi məcburiyyətlə üz-üzə qoyacağı inandırıcı məsələ deyil.
İranın Səudiyyə Ərəbistanı ilə münasibətlərinin nə yerdə olduğu, İsraillə uzun sürən hərbi və siyasi çəkişmənin pik həddini, qonşuluğunda Azərbaycana qardaş olan Pakistanın yer aldığını və ən önəmli məsələ - bu gün dünyada güc mərkəzlərindən birinə çevrilən Türkiyənin Şuşa Bəyannaməsi ilə bundan sonra istənilən bu kimi məsələlərdə Azərbaycanın yanında yer alacağı ilə bağlı qərarını nəzərə alaraq Tehranın Bakıya diş qıcamaqdan başqa nə isə edəcəyi inandırıcı görünmür.
Elə bu sadaladığım səbəblərdən də hazırda İranın ən son ehtiyacı olan məsələ şimal sərhədlərində müharibəyə başlamaq olduğu qənaətindəyəm. Tehran çox yaxşı dərk edir ki, onun müharibə edəcəyi ən təhlükəli rəqib Azərbaycandır. Çünki Azərbaycan İranın həm xarici məsələsidir, həm də daxili. Daxilə sıçraya biləcək xarici məsələdə müharibəyə getmək İran üçün intihara bərabər addım ola bilər. Bunu indi Tehranın daxildəki iğtişaşlar nümunəsində daha yaxşı hiss etmək imkanı var. Amma İrandakı daxili xaos durum Azərbaycana qarşı savaşın elan ediləcəyi təqdirdə "toya getməli" ola bilər.
Doğrudur, regiondakı kombinasiyalar çox mürəkkəbdir, hər bir detalı hesablamaq mümkün deyil, kimin necə reaksiya verəcəyi qeyri-müəyyən olaraq qalır. Amma istənilən halda İranın başında dayanan əmmaməli şəxslərin Azərbaycanla müharibə edəcək qədər naşı olduğunu zənn etmirəm.
Amma təəssüf ki, proseslərin bu cür inkişafı və rəsmi Tehranın Bakını ilk dəfə bu qədər qarşısına alması Zəngəzurla bağlı bir müddətdir dilə gətirdiyi "sərhədlər dəyişəcəksə, hərbi müdaxilə edəcəyik" təhdidinin real olduğunu praktiki müstəvidə sübut etməyə çalışan İranın bundan irəli gedəcəyi, hadisələrin müstəvisini hərbi müdaxiləyə istiqamətləndirəcəyi məsələsini də istisna etmir.