Diplomlu ofisiantlar, ali təhsilli kuryerlər — "Təcrübəli kadrları seçirlər..."
Universitet illərində böyük ümidlərlə mühəndislik və digər texniki sahələrə yiyələnən gənclərin diplomları rəfdə qalır. İxtisaslı kadrların kuryerlik, satış təmsilçiliyi və ya ofisiantlıq kimi xidmət sahələrinə yönəlməsi artıq fərdi seçim deyil, əmək bazarının acı reallığına çevrilib.
Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən iqtisadçı ekspert Xalid Kərimli bildirib ki, bu iş yerlərinin olmaması ilə bağlıdır.
"Yəni iqtisadiyyatın, xüsusən də qeyri-neft sektorunun çox zəif inkişaf etməsi nəticəsində texniki ixtisaslı işçilər, mühəndislər və digər mütəxəssislər üçün kifayət qədər iş imkanları yaranmır. Çünki biznesin inkişafı üçün əvvəlcə həmin sahələrdə iş yerlərinin olması vacibdir. İş yerləri olmadığına görə məzunlar ya ölkəni tərk edərək Rusiyaya, Almaniyaya, Amerikaya və digər ölkələrə gedirlər, ya da tanışlarının olduğu yerlərə köçürlər. Bəziləri isə harada iş tapsalar, orada işləməyə məcbur olurlar. Çünki gəncdirlər, universiteti bitiriblər, amma iş tapmaqda çətinlik çəkirlər".
Ekspert bildirib ki, universitet dövründə tələbələr həm dərsə gedib-gəlir, həm sosiallaşır, həm də valideyn və cəmiyyət tərəfindən dəstəklənir.
"Lakin universiteti bitirdikdən sonra artıq özlərinə uyğun iş tapmaq məcburiyyətində qalırlar. Ona görə də “filan şəxs filan yerdə işləyir” kimi hallara görə insanları günahlandırmaq düzgün deyil. Hamı öz ixtisasına və maraqlarına uyğun işləmək istəyir. Sadəcə əmək bazarında iş imkanları məhduddur, təklif azdır. Bu isə yeni iş yerlərinin kifayət qədər yaradılmaması ilə bağlıdır. Xüsusilə gənclər və tələbələr daha çox çətinlik çəkirlər. Çünki təcrübələri az olur və vakansiyalarda işəgötürənlər daha çox təcrübəli kadrları seçirlər. Nəticədə belə vəziyyət yaranır. Çıxış yolu iqtisadiyyatın inkişaf etdirilməsidir. Bunun həyata keçirilməsi isə iqtisadi qurumların və hökumətin üzərinə düşür və bu istiqamətdə müvafiq addımların atılması gözlənilir".
Məzunlar üçün ən çətin dövr məhz diplomu aldıqdan sonra başlayır. Tələbəlik illərində ailə və cəmiyyət tərəfindən maddi-mənəvi dəstək görən gənclər, əmək bazarına addım atdıqda təcrübəsizlik maneəsi ilə qarşılaşırlar. İşəgötürənlərin əksəriyyəti yalnız təcrübəli kadrları seçdiyi üçün gənc mütəxəssislər kənarda qalır.
Xalid Kərimli qeyd edib ki, insanları öz ixtisası üzrə işləmədiklərinə görə qınamaq olmaz, çünki bu, məcburi seçimdir. Çıxış yolu isə yalnız iqtisadiyyatın, xüsusilə sənaye və texnoloji sektorların şaxələndirilməsindən keçir. Bu istiqamətdə əsas yük hökumətin və müvafiq iqtisadi qurumların üzərinə düşür.
Əfsanə Kamal