Qadın salonlarında kişi bərbərlər niyə artır? – İLGİNC səbəb REPORTAJDA - FOTO
Son vaxtlar qadın gözəllik salonlarında kişi bərbərlərin sayı xeyli artıb. Bu, bəzi qadınlar tərəfindən narazılıqla qarşılanır. Onlar hesab edirlər ki, bərbərdə daha rahat olmaq, sərbəst davranmaq istəyirlər. Xüsusilə inanclı xanımlar kişi ustaların olduğu salonlarda özlərini narahat hiss etdiklərini deyirlər.
Digər tərəfdən, kişi bərbərlərə üstünlük verən xanımların sayı da az deyil. Onların fikrincə, kişi ustalar işlərinə daha məsuliyyətlə yanaşır, daha diqqətli və peşəkar olurlar. Elə bu səbəbdən son vaxtlar həm sosial şəbəkələrdə, həm də gündəlik həyatda bu mövzu ətrafında müzakirələr daha da artıb.
Bəs qadın salonlarında kişilərin çalışması nə dərəcədə doğrudur? Buna qadağa qoyulmalıdırmı? Xanımlar niyə daha çox kişi ustalara üz tuturlar?

Musavat.com-un əməkdaşı paytaxtın mərkəzində fəaliyyət göstərən gözəllik salonlarından birində olub, vəziyyəti yerində müşahidə edib. Salona daxil olan kimi ilk diqqət çəkən işin gərginliyidir. Fenlərin səsi bir-birinə qarışır, saç boyası qoxusu yayılıb, ustalar dayanmadan işləyir. Müştəri də çoxdur, xüsusən də qadınlar daha çox kişi ustaları soruşur.
Salonda çalışan Kənan Məmmədov 4 ildir bu sahədə işlədiyini deyir. Sözə elə giriş edir ki, sanki uzun söhbətə hazırdır: “Mənim bu sənətə gəlməyimin səbəbi tam sadədir – həvəs. Pul qazansam da, qazanmasam da bu işdən çıxmaram. Mənə daha çox pul təklif etsələr belə, yenə burdayam”.
Bir az dayanır, gülümsəyir: “Qadınların saçını düzəldəndə o “vaaau” reaksiyasını görürsən ha… inanın, bütün yorğunluğun gedir. Kişilərdə o hiss yoxdur. Kəsdin, “sağ ol” deyib çıxıb gedirlər”.
Yan tərəfdə saçı düzələn bir xanım söhbətə qarışır: “ Vallah düz deyir. Biz qadınlar elə şeyləri çox hiss edirik. Saçım xoşuma gəlirsə, ustaya elə tərif deyirəm ki… özü də sevinir”.
Kənan gülür: Bax, bu da motivasiyadır.
O, bəzi kişi bərbərlərin özlərini qız kimi aparması məsələsinə də fikir bildirir:
“Olub... Evdə də əvvəl narahat idilər. Deyirdilər ki, “qızlarla işləyəcəksən, dəyişəcəksən”. Amma mən 2-3 ildir işləyirəm, heç nə dəyişməyib. Mən çöldə necə idimsə, eləyəm də. Salon ayrı dünyadır, çöl ayrı dünyadır. O xüsusiyyət isə insanın özündən gəlir. Yəni, əvvəlcədən elə olan insanlar olur. Bu sənətə gələnlər arasında da belə insanlar var. Amma bu, sənətin özü ilə bağlı deyil. Başqa bir ad da qoyurlar ki, guya çoxları bu sənətə qızlarla işləmək, ətrafında qızlar toplamaq, diqqət cəlb etmək üçün gəlir”.

Bərbər deyir ki, bəzi hallarda qadınların qısqanc həyat yoldaşları hədəfində olub. Kənan əlində fen, yarı zarafat, yarı ciddi danışır: “Çox olub. Bir dəfə xanım gəlib, saçını yığmışam. Xanım sonradan Instagram səhifəmi istəyib, iş səhifəmi. Xanım məni izləyib. Sonra başqa bir prosedur üçün yazıb. Ardınca həyat yoldaşı yaxınlaşıb, dava-dalaş salıb. Halbuki iş prosesində sosial media hesablarımızı hər kəsə veririk”
Deyir “sən mənim yoldaşımla niyə yazışırsan?” Mən də baxıram, deyirəm ki, qardaş, biz saç düzəldirik, yazışmırıq.
- Nə oldu sonra?
- Sakit danışdıq, getdi. Döyülmə-filan olmayıb, elə şey yoxdur. Amma belə halların özü çox olur.
Bir az aralıda salonun digər təcrübəli ustası Vüsalə Sultanova söhbətə qoşulur, gülərək: Vallah mən müşahidə edirəm, qadınlarda kişi ustalara maraq çoxdur. Bu yalnız peşəkarlıqla bağlı deyil.

Yaraşıqlıdrlar, qızlar da buna görə gəlirlər. Düzdür, burada hər kəs işinin peşəkarıdır, amma bu fakt danılmazdır”, deyib gülümsəyir…
Əlini yelləyir: - Bizim işimizi əlimizdən alırlar (gülür).
Sonra bir az daha səmimi danışır: “Bəzi xanımlar da deyir ki, kişi usta daha diqqətli işləyir. Ona görə də gəlirlər. Amma hicablı xanımlar üçün ayrıca otaq da var, arakəsmələr var, yəni hər kəs rahatdır. Biz şərait yaradırıq. Yanımızda saçını düzəltdirən orta yaşlı bir xanım söhbətə qoşulur: “Mən düz deyim də… mən hər dəfə kişi ustaya gedirəm. Niyə? Çünki daha səliqəli edirlər. Daha çox diqqət verirlər. Mənim saçımı onlar daha yaxşı başa düşür...”
Afaq Mirayiq,
Fotolar müəllifindir
Musavat.com