“1991-ci ildə iranlı deputatlar bizə dedilər ki, müstəqilliyi neyləyirsiz, gəlin, İranın əyaləti olun?!” - Sabiq deputatdan sensasion açıqlama
İran ölkə daxilində baş verən etirazların əsl səbəbini araşdırmaq əvəzinə, yenə də günahı kənarda axtarır. Rəsmi Tehran indi də Azərbaycandan düşmən portfeli yaratmağa çalışır. Məhz bunun nəticəsidir ki, İran Azərbaycanla sərhəd olan Qafan şəhərində konsulluq açmaqla məkrli və hiyləgər planlarını həyata keçirmək məqsədi güdür. Yəni, İran guya Ermənistanı müdafiə etməklə, əslində düşmənçilik siyasətini yeni sferada cərəyan etdirmək istəyir.
İstiqlalçı millət vəkili, siyasi elmlər doktoru Cümşüd Nuriyev mövzu ilə bağlı KONKRET.az-ın suallarını cavablandırıb:
– Cümşüd müəllim, İranın tez-bazar Qafanda konsulluq açmasının səbəbi nədir?
– İranın Qafanda tez-tələsik konsulluq açması, əslində özünün ideyası deyil. Mənim apardığım araşdırmalara görə, Rusiyanın hərbi elitası, daha doğrusu Ukraynada müharibəni uduzan generallar bir növ Rusiyanın dağılmasını istəyirlər deyə, onlar Rusiya üçün ikinci cəbhə açmağa çalışırlar. Həmin cəbhə də ancaq Cənubda ola bilər. Ona görə də həmin hərbi elita şəxsi maraqlarını fars mollalarına tamam başqa formada təqdim edirlər ki, guya onlar Qafanda konsulluq açsalar, artıq bu, İranın birmənalı şəkildə Ermənistanı həm qorumağı olacaq, həm də nəzarət altına almasıdır. Çünki bir dövlətin başqa bir dövlətin ərazisində səfirliyi, konsulluğu və ya istənilən rəsmi nümayəndəliyi açılırsa, həmin ərazi həm də bu nümayəndəlikləri açan ölkənin ərazisi sayılır.
Mövcud qanunvericiliyə görə də, həmin əraziyə hər hansı bir müdaxilə olsa, nümayəndəliyi açan ölkə müdaxiləni özünə qarşı dəyərləndirib müharibə və ya siyasi təzyiq həyata keçirə bilər. Bu konsulluğun təcili açılmasının arxasında da Rusiyanın hərbi kəşfiyyatının bizə məlum olmayan, amma ehtimal olunan bu niyyəti dayanır. Üstəlik, İranın daxilində də kifayət qədər problemlər var və İran orada yaşayan türkləri susdurmaqdan ötürü Ermənistanın əliylə Təbrizdə də konsulluq açmaq istəyir. Bununla da həmin ərazilərdə Ermənistanın toxunulmazlığını təmin etmək, o cümlədən türkləri susdurmaq istəyir. Burada çox uzaqgörən, düşünülmüş, amma çox riyakar siyasət var. Çünki konsulluğun binasına baxanda da görünür ki, heç keçən əsrin ortalarında belə xarabalığa oxşayan binalar tikilmirdi, o ki, qaldı 21-ci əsrdə. Binanın nə arxitekturası var, nə üslubu, nə də ki, təmiri. Dünyanın heç bir yerində belə axmaqcasına rəsmi nümayəndəlik açılmır. Əslində, fars rejimi bacarığını özünə uyğun olan həmin konsulluqla bir daha göstərdi və əsl məqsədini ortaya qoydu. Üstəlik, Qafanda erməni yaşayır ki, onun dərdini də çəksinlər? Bu mənada o konsulluq məhz siyasi məqsədlərə xidmət edir. Amma bu bədbəxtlər başa düşmür ki, Ermənistanla İran sərhəddində dayananlar da rus qoşunlarıdır. Ona görə də onların belə ucuz sensasiya törətməklə nələrəsə nail olacağı düşünülməmiş məsələdir və ağlabatan deyil.
– Şuşada və Qafanda açılan konsulluqlar İran və Türkiyənin bir-birinə cavabıdır?
– Əslində, əvvəlcə İran Qafanda tələm-tələsik tövləyə oxşayan binada konsulluq açdı. Hər halda, bozbaş mollaların səviyyəsi bundan artıq ola bilməzdi, ki, bu da ayrı mövzudur. Amma Azərbaycan keçən il imzalanan Şuşa bəyannaməsinə görə, Şuşada baş konsulluğunun açılacağını bəyan eləmişdi. Amma Azərbaycan Prezidenti məhz İranın Qafanda baş konsulluq açacağı ilə bağlı bəyanatından və İranın xarici işlər nazirinin orada sərsəmləməsindən sonra bu qərarı elan elədi. Yəni, İran konsulluğu açdı, Azərbaycan və Türkiyənin də cavabı özünü çox gözlətmədi.
– Türkiyə və İran yeni qarşıdurma mərhələsinə qədəm qoya bilər?
– Artıq Suriya məsələsində, yəni, son 10 ildə İran – Türkiyə qarşıdurması yeni mərhələyə qədəm qoyub. İran özünü bütün Yaxın və Orta Şərqin hakimi hesab edir və İran mollalarının düşüncəsi budur ki, guya Allah bunlara tapşırıb ki, müsəlman dünyasını qorumalıdırlar. Amma reallıq budur ki, onlar istəsə də, istəməsə də Türkiyə uzun müddətdir ki, dünyanın ən güclü 20 ölkəsinin sırasına daxil edilib və öz hərbi, siyasi, iqtisadi inkişaf səviyyəsinə görə dünyanın ilk onluğundadır. Yəni, görünən odur ki, Türkiyə bu məsələlərə əvvəlcədən, özü də peşəkarlıqla hazırlaşıb. Çünki iki ölkə arasında həmişə qarşıdurma olub. Amma bu qarşıdurmanı istər diplomatik, istər iqtisadi, istərsə də digər sferalarda Türkiyə qazanacaq. Bu məsələdə İranın heç bir şansı yoxdur.
– Belə olan halda, Azərbaycanı nə gözləyir və hansı mümkün addımlar atıla bilər?
– Əslində, İran Qafanda konsulluq açmaqla özünü çətin vəziyyətə saldı. Çünki Azərbaycan uzun müddət idi ki, Şuşada Türkiyənin baş konsulluğunun açılmasına yekdil qərar vermirdi və gözləmə mövqeyində idi. Farslar “sağ olsun” ki, Azərbaycanın yekun qərar verməsini sürətləndirdi. Mən əslində, cənab prezidentdən Azərbaycanın İsraildə səfirlik açması ilə bağlı ikinci qərarı da gözləyirəm. Çünki diplomatiyada düşünülməmiş atılan addımlar baha başa gəlir. İranın son zamanlar Azərbaycan sərhəddində Ermənistanı dəstəkləməklə bağlı atdığı bütün addımlar da bumeranq effekti verərək, ona çox baha başa gələcək.
– Yəni, Azərbaycanla İran qarşıdurma yaşaya bilər?
– Azərbaycanla İran onsuz da qarşıdurma mərhələsinə qədəm qoyublar. Məsələ burasındadır ki, Azərbaycan müstəqillik əldən edəndən bəri, İranda xüsusi qısqanclıq var. Hələ 1991-ci ilin dekabrında Azərbaycan parlamentinin nümayəndə heyəti İrana səfər etmişdi. Nümayəndə heyətinin tərkibində mən də var idim və əsas məqsədimiz İrandan Azərbaycanı tanımaqla bağlı diplomatik tanışlıq idi. Bununla bağlı həm məktub aparmışdıq, həm də danışıqlar aparmaq istəyirdik. Lakin iranlı deputatlar açıq şəkildə bizə dedilər ki, müstəqillik sizin nəyinizə lazımdır? İrandakı azərbaycanlıların sayı sizdən də çoxdur və onlar İran hökumətinin hesabına yaşayırlar. Onsuz da SSRİ-də dağılıb, siz də gəlin İranın bir əyaləti olun. Yəni, bu dərəcədə, bu təfəkkürlə düşünən mollarlardan biz başqa nə gözləyə bilərik?
Bəli, Azərbaycan-İran qarşıdurması var. Son 30 ildə də heç vaxt səngiməyib. Qarabağın işğal olunmasında da İranın çox böyük xidmətləri olub. İranla yeni qarşıdurmanın olacağına isə inanmıram. Baxmayaraq ki, bizim İrana, İranın da bizə sevgisi yoxdur. Amma İran çox gözəl başa düşür ki, onların taleyi Rusiyanın taleyindən də pis olacaq. Çünki İran ordusunun 60 faizini türklər təşkil edir və farslar başa düşməlidir ki, onun türkə verdiyi əmr türkü öldürməyəcək, həmin silah farsın özünə qarşı çevriləcək. Bu da İranın ümumiyyətlə mövcudluğunu məhvə aparacaq, viran günə qoyacaq. Ona görə də İran ağlını başına yığsa, yaxşı olar. Biz yalnız normal qonşuluq şəraitində yaşamaq istəyirik.
– Belə çıxır ki, İran Zəngəzur dəhlizinin açılmasından da məhz bu amillərə görə qorxur…
– İranın Zəngəzur dəhlizinin açılmasından qorxmasının bir neçə səbəbləri var. Birincisi hərbi-strateji məsələdir. İran Azərbaycanın onun ərazisindən keçən yüklərinə nəzarət edə bilir, amma Zəngəzur dəhlizi açılandan sonra bu, mümkün olmayacaq. İkincisi, iqtisadi cəhətdən bunu istəmirlər. Çünki fikirləşirlər ki, Zəngzəur dəhlizi açılmasa, Azərbaycan məcbur olacaq ki, Naxçıvana yenə də İran ərazisindən getsin və İran qazanc götürməyə davam eləsin. Həmçinin, İran Ermənistan üzərindən narkotrafik fəaliyyətini həyata keçirirdi, hətta Araz çayından tunel də çəkmişdilər. Amma ərazilər işğaldan azad ediləndən sonra İran bundan da məhurm oldu.
İranın başqa bir qorxusu isə öz ağılsız planlarına görədir. Guya, İran, Hindistan və Ermənistan Gürcüstan üzərindən Ukraynana çıxıb, oradan da Yunanıstana keçib iqtisadi inkişafını artıracaq. Halbuki bu, sağ əllə sol qulağı qaşımaq deməkdir. Əslində, İran bundan artığını düşünə də bilməz. Amma Azərbaycanın acığına bu məsələni gündəmə gətirir. İran həm də Türkiyə ilə Azərbaycanın quru yolla birləşməsindən qorxur ki, Turan ideyası reallaşa bilər. Çünki bu gün İranı qorxudan bu ideya ilə Amerika Birləşmiş Ştatlarının İranı paraçalamaq arzusudur. Əminəm ki, ABŞ istəyinə nail də olacaq.