Brejnevi öldürən olay:Sui-qəsd, yoxsa təsadüfi qəza? -Müəmma çözülür
Son vaxtlar "SSRİ-nin girdabında" gizlənən məxfi sirlərin üstü açılır və bəzən açılan sirlər insanda yalnız və yalnız heyrət doğurur.
1982-ci il martın 23-dən martın 25-dək Sov.İKP MK-nın Baş katibi Leonid İliç Brejnev Daşkənddə rəsmi səfərdə olmuşdu. Və elə ilk gün faciəli qəza nəticəsində Sovet İttifaqının lideri az qala həyatını itirəcəkdi. O, ağır yaralandı, amma yenə də ertəsi gün təntənəli mərasimlərdə iştirak etdi.
Cebhe. info Rusiya mətbuatına istinadən Brejnevin başına gələn bu hadisə barədə yazını təqdim edir.
Pambıqçıların gözü qarşısında...
...Brejnev onlarla qabaqcıl pambıqçının gözü qarşısında huşunu itirənə qədər heç kim heç nədən şübhələnməmişdi. Baş katibin Özbəkistan SSR paytaxtına səfərinin formal səbəbi respublikanın əməkdə yüksək nailiyyətlərə görə, daha dəqiq desək, yüksək pambıq məhsulu əldə etdiyinə görə Lenin ordeni ilə təltif edilməsi idi. Sonralar, artıq Sov.İKP MK Baş katibi Yuri Vladimiroviç Andropovun dövründə məlum oldu ki, bütün bu rəqəmlər şişirdilib, respublikada qeydiyyat, rüşvətxorluq, polis qanunsuzluğu "çiçəklənib", özbək pambıq mafiyasının başında isə respublika rəhbəri, iki dəfə Sosialist Əməyi Qəhrəmanı Şərəf Rəşidov dayanıb.
Əlilliklə sonuclanan qəza
Gəldiyi ilk gün Leonid İliç Özbəkistan SSR-nin bir sıra qabaqcıl müəssisələrinə, o cümlədən müasir "İl-76MD" hərbi-nəqliyyat təyyarələri istehsal edən Daşkənd Aviasiya Zavoduna getməli idi. Növbədə işləyən bütün işçilər, bir neçə min nəfər Baş katiblə görüşə toplaşmışdı, hətta mühafizəçilər oradan keçə bilməmişdilər. Brejnevin işçilər qarşısında çıxışı zamanı Rəşidov və yaxınlıqda dayanan insanların üzərinə ağır taxta kontruksiyalar düşür, bu qəza heç kimin ölümünə səbəb olmasa da, bir çox insanı ağır yaralayır.
Leonid İliç digərlərinə nisbətdə yüngül yaralanır- körpücük sümüyü və bir neçə qabırğası sınır. Xəsarət alanların bəziləri isə əlil olaraq qalır. Həmin vaxt Brejnevin 75 yaşı var idi və belə xəsarət onun üçün heç də asan sağalası bir xəsarət deyildi. Ertəsi gün təntənəli iclasda Brejnev çıxış edir və çıxışın mətni qəzetlərdə iki səhifədə dərc olunur. Həmin yazıda Brejnevin çıxışının 30 dəfə alqışlarla kəsildiyi xüsusilə qeyd olunub. Lakin şahidlərin xatirələrinə görə, Brejnev çox qısa müddət ərzində, çox yavaş-yavaş danışıb, sözlərini çətinliklə tapıb. Baxmayaraq ki, o vaxta qədər nitqlə bağlı onun problemləri yaranmışdı, amma aldığı xəsarətlərdən dolayı çox çətinliklə danışıb.
Rəyasət Heyətində əl çalmayan yeganə şəxs
Hətta çoxlarına elə gəlirdi ki, Baş katib sərxoş olub, ya da dərmanların təsirindən süst düşüb. Brejnev həqiqətən də həkimlərdən ağrıkəsici almışdı, bu, çox güman ki, onun aktivliyinə təsir etmişdi. Həmin iclasdan sonra partiya liderləri və fəallarının qarşısında danışan Brejnev dərmanların təsiri tükəndiyindən huşunu itirir.
Ertəsi gün, martın 25-də həkimlər və mühafizəçilər Brejnevin çıxışına mane olmağa çalışsalar da, Baş katib inadından dönmür və növbəti iclasda iştirak edir, Rəşidovu "Oktyabr İnqilabı" ordeni ilə təltif edir və yalnız axşam saatlarında Moskvaya uçur.
24 mart 1982-ci il tarixli məşhur fotoşəkildə Brejnev Rəyasət Heyətində əl çalmayan yeganə şəxsdir. Çünki həmin vaxt o, "cəhənnəm ağrısından" qolunu qaldıra bilmirdi. Həmin şəkildə Baş katibin sağında sözügedən Rəşidov dayanıb.
Sovet mediası susdu
Təbii ki, həmin vaxt Sovet mediası təyyarə zavodunda baş verənlər barədə məlumat vermədi. Lakin diqqətli tamaşaçılar Mərkəzi Televiziyada Leonid İliçin Moskva hava limanında təntənəli qarşılanmasını göstərmədiklərini gördülər. Axı o dövrdə Brejnev və Sovet İttifaqının digər yüksək səviyyəli rəhbərləri rəsmi səfərlərdən qayıdanda təntənəli surətdə qarşılanırdılar və bu mərasim televiziyada göstərilirdi. Özbəkistan SSR-də şayiələr yayılmışdı ki, ağır taxta konstruksiyanın uçmasının yalnız bir səbəbi olub ki, bu da Brejnevə qarşı sui-qəsd planı imiş. Şayiələrdə səsləndirilirdi ki, guya Brejnev Daşkəndə dövlətdən oğurluq edən Şərəf Rəşidovu işindən azad etmək və məsuliyyətə cəlb etmək üçün gəlib. Məhz buna görə Rəşidov "hərəkətə keçib".
Rəşidovun qəribə və qəfil ölümü
Əslində, Rəşidov kreslosundan möhkəm yapışmışdı və yalnız Leonid İliçin dostluğu və dəstəyi sayəsində olduqca sərt davranırdı. Brejnevin vəfatından sonra Andropov Kremldə sükanı ələ keçirən kimi Özbəkistan SSR rəhbərliyinin üzərində "buludlar qalınlaşır" və Sovet təbliğatı ilə şöhrət qazanan Rəşidov qəribə və qəfil şəkildə ölür. Onun onlarla silahdaşı “Pambıq işi” çərçivəsində müttəhimlər kürsüsünə düşür.
...Brejnevin "Daşkənd zədəsi"nin fəsadları bir ay ərzində sağalır. Həkimlər onu sağaltmaq üçün əməliyyatın mümkünlüyünü müzakirə edirlər, lakin sonda Baş katibin yaşı və ümumi fiziki durumu ilə bağlı bundan imtina etməli olurlar. Beləliklə, bəzi tədqiqatçıların rəyinə görə, bu xəsarətlər Leonid İliçi çökdürür və o bundan sonra cəmi 7 ay yaşaya bilir. Qeyd edək ki, akademik, pulmonoloq, Brejnevin keçmiş həkimi Aleksandr Çuçalin təsdiq edib ki, qabırğaların sınması Baş katibin ağciyərlərini zədələyib və bu, travmatik pnevmoniyanın yaranmasına səbəb olub.