"Hərbi bazaları tərk edin!" - Rusiya ilə İran arasında GƏRGİNLİK
Rus zabitləri İran hökumətindən Suriyanın Həma və Tartus şəhərlərindəki hərbi bazaları tərk etməyi tələb ediblər.
Sfera.az-ın məlumatına görə, “Times of Israel” qəzetinin sentyabrın 2-də dərc edilən hesabatında deyilir ki, Suriya ərazisinə "İsrailə aid edilən hava hücumlarının" artmasından sonra Rusiya hökuməti İran İslam Respublikası və onun proksi qüvvələrindən Suriyadakı bəzi mövqelərindən geri çəkilmələrini istəyib.
Qəzetin yazdığına görə, Rusiya hərbçiləri çərşənbə günü Suriyanın Həma hava limanında iranlı həmkarları ilə görüşüb və onları Suriya ordusunun 49-cu alayının bazası ilə yanaşı yerləşən Həma vilayətindəki İrana məxsus hərbi qərargahı tərk etməyə çağırıblar.
“Times of Israel” yazır ki, sözügedən baza İran İslam Respublikası üçün mühüm hərbi baza hesab olunur. Çünki İran hökumətinə bağlı hərbi qüvvələr S-200 hava hücumundan müdafiə sistemi raketlərini və Rusiya istehsalı olan digər hərbi texnikanı orada saxlayır:
“Rus zabitlərinin İrana bağlı qüvvələrin boşaltmasını istədikləri digər yer Tartusun cənubunda yerləşən sahilyanı Əl-Həmdiyə şəhəri yaxınlığındakı bazadır”.