“Putin Ukraynadakı əməliyyatı dayandıra bilər” – GİZLİ SƏS YAZISI YAYILDI
“Azadlıq” radiosunun “Donbass Realii” layihəsinin jurnalistləri Ukraynanın kəşfiyyat orqanlarından birindəki mənbələrindən Rusiya Federasiyasının 41-ci Ordusunun komandiri vəzifəsini icra edən polkovnik Oleq Korotkeviç ilə hərbi qulluqçuların ailələri arasında keçirilən görüşün audioyazısını əldə ediblər.
Görüş zamanı polkovnik bir sıra çox maraqlı açıqlamalar verib.
“İndi qlobal miqyasda baş verənləri götürsək, iki ölkə arasında başqa dövlətin ərazisində hərbi əməliyyatlar gedir. Hamı belə düşünür.
Faktiki olaraq bütün NATO bloku ilə müharibə gedir. Ukrayna xalqının qanı hesabına NATO bloku mübarizə aparır. Beyinlərini xarab edirlər, sonra cəbhəyə göndərirlər. Əgər bu tapşırıq sona qədər tamamlanmasa, yarıya qədər olsa, nə baş verər?
Prezidentimiz sabah televiziyada “Mən “xüsusi hərbi əməliyyatı” dayandırmaq qərarına gəldim?” deyə bilərmi? Deyə bilər. O, ali baş komandandır. Əlbəttə bilər. Onda nə alınar? Bütün görülənlər boşuna edilib? Və bütün bu yarımçıq qalmış millətçilik sadəcə bir ildən sonra ölkəmizə gələcək. Aleyskdə, Novosibirskdə, Tomskda, Tümendə, Moskvada, hər yerdə olacaq. Çünki dövlətimiz döyülən it kimi oradan çıxmalı olacaq, başa düşürsünüz. Nə qədər çətin olsa da biz bunu edə bilmərik”, deyə Korotkeviç bildirib.