Ruhani: “Nazarbayev İranla Qərb arasındakı nüvə anlaşmasına töhfə verib”
“Sizin yürütdüyünüz siyasət bütün Xəzəryanı dövlətlərə fayda gətirəcək”
APA-nın “inform.kz” saytına istinadən verdiyi məlumata görə, bu sözləri Qazaxıstan prezidenti Nursultan Nazarbayev ölkəsində rəsmi səfərdə olan iranlı həmkarı Həsən Ruhani ilə görüşü zamanı söyləyib.
O bildirib ki, İran Qazaxıstan üçün müsəlman dünyasında vacib tərəfdaş, Xəzər bölgəsində qonşu və dost ölkədir: “Qazaxıstan xalqı nüvə məsələsinin həllində sizin böyük əməyinizi yüksək qiymətləndirir. Bu, böyük bir qələbədir. Sanksiyaların ləğvindən bir il vaxt keçib və İran iqtisadiyyatının inkişafında bir çox şeyə nail olunub. Bu, İranla Qazaxıstan arasında münasibətlərin inkişafına öz təsirini göstərib”.
Qazax xalqını müstəqilliyin 25 illiyi münasibətilə təbrik edən H. Ruhani ölkəsi ilə Qərb dövlətləri arasında nüvə razılaşmasının əldə olunmasına N. Nazarbayevin verdiyi töhfəyə görə ona təşəkkürünü ifadə edib: “Mən şəxsən sizə İranın “altılıq” dövlətləri ilə razılıq əldə etməsinə nail olmaq və birgə tədbirlər planının vaxtında həyata keçirilməsi məsələlərində oynadığınız xüsusi rola görə təşəkkür edirəm. İranla Qazaxıstan arasında sülh məqsədləri üçün istifadə olunacaq nüvə enerjisinə dair səmərəli əməkdaşlığa görə minnətdarlığımızı çatdırıram”.