azia.az
azia.az

Tramp İngiltərə səfərinə başladı və London merini təhqir etdi

3-06-2019, 16:58

Azia.az təqdim edir: “O, tamamən bir zavallıdır'
ABŞ prezidenti Donald Tramp kraliça II Elizavetanın dəvətinə əsasən İngiltərəyə 3 günlük səfərə gəlib.
Tramp İngiltərə səfərinə başladı və London merini təhqir etdi
Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, D.Tramp ölkəyə ayaq basmazdan öncə onun səfərinə sərt reaksiya verən London meri Sadiq Xanı tənqid edib.

Tramp Twitter hesabından verdiyi açıqlamada Xan haqqında “tam bir zavallı” deyib və aşağıdakıları əlavə edib: "Mənə çox axmaq və bacarıqsız Nyu-York meri (Bill) de Blasionu xatırladır”.

Xanın sözçüsü Trampa "Bu kimi uşaqcasına həqarətlər ABŞ prezidentinə yaraşmır”,- deyə cavab verib.

London meri Sadiq Xan isə bildirib ki, İngiltərə Tramp üçün “qırmızı xalça sərməməlidir”. Xan dünən İngiltərənin “Observer” qəzetində yayımlanan yazısında Trampı “20-ci əsrin faşistlərinin siyasət dilindən istifadə etməkdə” günahlandırmışdı.

İngiltərə kraliçası II. Elizaveta ABŞ prezidenti Donald Tramp və həyat yoldaşı Melania Trampı Bukinhem sarayıında qonaq edəcək.

Kraliça Elizavetanı ziyafət zamanı şahzadə Uilyam və onun həyat yoldaşı Keyt müşayiət edəcək. Şahzadə Harri və yenicə ana olan həyat yoldaşı Megan Markl isə yeməyə qatılmayacaq.

Azia.az təqdim edir: Tramp Meqan Markla da daha öncə “əxlaqsız” demişdi. Onun bu sözləri səs yazısı ilə təsdiqlənsə də, prezident bunu inkar etmişdi.

Donald Tramp eyni zamanda istefasını açıqlayan və cümə günü Mühafizəkarlar partiyasının liderliyindən istefa verəcək baş nazir Tereza Mey ilə də silsilə görüşlər keçirəcək. Trampa qarşı olanlar London, Mançester və Birminhem ilə Cənubi İrlandiyanın paytaxtı Belfastda etiraz nümayişləri təşkil edəcək.

ABŞ prezidenti Donald Tramp İngiltərə səfəri öncəsi “Sandi tayms” qəzetinə verdiyi açıqlamada İngiltərənin “Breksit” müzakirələri gedişində bütün “silahları” Avropa Birliyinə verdiyini söyləyib.

Tramp eyni zamanda İngiltərəyə AB-dən anlaşma olmadan çıxma məsələsində hazırlıqlı olması çağırışını edib. O, “Breksit” partiyası lideri Nigel Farageyn də “Breksit” müzakirələri gedişində daha çox rol almalı olduğunu qeyd edib.

Trampın səfəri zamanı Londondakı Trafalgar meydanında geniş miqyaslı etirazlar təşkil ediləcəyi gözlənilir. Etirazların liderləri daha öncəki Tramp səfərində istifadə edlən, üzərində “körpə Tramp”ın şəkli olan nəhəng şarın göy üzünə buraxılacağını deyib. London təhlükəsizlik xidməti isə şəhərdə ciddi təhlükəsizlik tədbirləri görüb.

Tramp ötən il də İngiltərəni ziyarət edərək, kraliça ilə görüşüb. Amma bu gün başlayacaq ziyarətin rəsmi ziyarətlərdən fərqi onun kraliçanın dəvəti əsasında baş tutmasıdır.

Sevinc, Musavat.com


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi