Ukraynaya qarşı ərəb muzdluları hazırlanır?
Rusiya Donbassda döyüşmək üçün Suriyadan ərəb muzdluları gətirməyə hazırlaşır. “Russkaya Vesna” portalının (rusvesna.su) yazdığına görə bu haqda müxalif Suriya KİV-lərində məlumatlar yer alıb.
Bildirilir ki, rusların sayəsində Əsəd hakimiyyətinin tərəfinə keçmiş və hazırda könüllülər korpusunda cəmləşmiş keçmiş yaraqlılardan ibarət dəstələr Donbassa göndərilmək üçün hazırlanır. Onların əksəriyyəti olduqca təcrübəli döyüşçülərdir və əsasən Deraa bölgəsindəndir.
“Məlumatlı mənbələr “Deraa 24” agentliyinə təsdiq ediblər ki, Rusiya dördüncü və beşinci korpusların hərbi qulluqçularını, habelə general Suheyl əl-Həsənin “Pələng” diviziyasının döyüşçülərini muzdla ələ almağa, onlara T-4 aviabazasında yenidən hazırlıq keçməyə hazırlaşır. Təlimlər yaxın həftələrdə başlayacaq”,-məlumatda bildirilir.
Suheyl əl-Həsən və "pələngləri"
Həmin mənbələr təsdiq ediblər ki, təxminən 10 gün əvvəl muzdlu qruplardan biri gücləndirilmiş təlimlərə cəlb olunub və təlimlər yekunlaşan kimi onları Hmeymim aviabazası üzərindən Rusiyanın Cənub hərbi dairəsinin komandanlığının yerləşdiyi Rostova göndərəcəklər.
“Bildirilir ki, Rusiya həmin qüvvələri Ukraynaya qarşı müharibədə iştirak etmək üçün Donbassa atacaq, onların sayı birinci mərhələdə 2 500 döyüşçü təşkil edəcək və növbəti mərhələdə 4 000-ə qədər artırılacaq. Müqaviləyə əsasən hər döyüşçü ayda 700 dollar maaş alacaq, döyüşlərdə iştirak etsələr maaşları 1 200 dollara qədər artırılacaq”, - məlumatda deyilir.
Bundan əvvəl Rusiyanın Deraa bölgəsindən olan yaraqlıları muzdlular qismində Liviyaya göndərdiyi də deyilir.
“Məlumatlı mənbələr Rusiya zabitlərinə istinadən bildiriblər ki, ərəb yaraqlılarının Donbassda Ukraynaya qarşı döyüşməsi onların üzərindən mənəvi baryerləri qaldırır və bu yaraqlılar döyüşlərin gedişində tərəddüd etməyəcəklər, çünki qarşılarındakı rəqib onlardan dini və etnik baxımdan fərqlənir”, - müxalif Suriya agentliyinə istinadən Rusiya saytı yazır.
Suriya rejiminin tərəfinə keçən keçmiş müxalif yaraqlılar məhz Deraa bölgəsində cəmləşib. Onlar İŞİD-ə qarşı döyüşlərdə özlərini yaxşı göstəriblər. Bu qruplaşmalar rusiyalı hərbi təlimatçıların rəhbərliyi altında təlim keçir.
“Russkaya Vesna” onu da yazır ki, digər nüfuzlu müxalif Suriya KİV-i olan NORS agentliyi də yaraqlıların Donbassa göndəriləcəyi haqda yazır.
“Yerli mənbələr xəbər verir ki, Rusiya Əsəd ordusunun 5-ci korpusundan olan döyüşçülərə Ukraynaya göndərilmək üçün Suriyadakı xüsusi hərbi bazalarda təlim keçir. Daha əvvəl Liviyada olanlar indi Ukraynaya təkrarlana bilər”,-həmin mənbə iddia edir.
Agentlik habelə rusiyalı hərbi təlimatçıların suriyalı yaraqlılara təlim keçdiyini, o cümlədən tankların vurulmasını öyrətdikləri kadrları da təqdim edib.
Qeyd edək ki, “Russkaya Vesna” 2015-ci ildə Rusiyada rəsmi qeydiyyatdan keçmiş internet nəşridir, əsasən Donbass, Suriya, Liviya və digər münaqişə ocaqlarından Rusiya hərbi dairələrinin maraqlarına uyğun eksklüziv kadrlar və məlumatlar yaymaqla məşğuldur.