Bu gün doğulan uşaqlar 5 il tez öləcək
İngiltərədə Birləşmiş Krallığın Milli Statistika İdarəsi (ONS) bu ölkədə təxmin edilən ömür uzunluğunun əhəmiyyətli dərəcədə azaldığını açıqlayıb.
Azia.az İngiltərə mətbuatına istinadla xəbər verir ki, Böyük Britaniyada 2020-ci illərdə doğulan körpələr 10 il əvvəl (2012) proqnozlaşdırılandan təxminən beş il tez öləcək.
Qeyd olunur ki, ötən il doğulan qızların 90,2, oğlanların isə 87,3 il yaşayacağı gözlənilir. 2020-ci ildə doğulan qızların 2012-ci ildə proqnozlaşdırılandan 4,8, oğlanların isə 4,5 il az yaşayacağı gözlənilir.
ONS rəqəmləri həmçinin Böyük Britaniya əhalisinin strukturunun necə dəyişməyə davam etdiyini və daha böyük yaş qruplarına meyl etdiyini əks etdirir. Hesablamalara görə, yaxın 25 ildə yaşlı əhalinin sayı iki dəfə artaraq 3,1 milyona çata bilər.
İngiltərədə yaşı 85-dən yuxarı olanlar 2045-ci ilə qədər əhalinin 4,3 faizini və ya təxminən 23 nəfərdən birini təşkil edəcək.
Həmçinin proqnozlarda qeyd olunub ki, 2020-2030-cu illər arasında əhalinin sayı 2,1 milyon artacaq, 6,7 milyon insan öləcək və 5,6 milyon insan Böyük Britaniyaya miqrasiya edəcək.
Qeyd edək ki, İtaliya Milli Statistika İnstitutunun (ISTAT) hesabatına görə, ölkə üzrə orta ömür uzunluğu 83,2-dən 82-yə enib.