Vaşinqtondan Bakıya kiberhücum xəbərdarlığı
ABŞ regiondakı müttəfiqlərini Tehranın dağıdıcı kiberhücumundan ayıq olmağa çağırır; Osman Gündüz: “Peşəkar kadrlar hazırlanmalıdır, bu sahədə problemlər var”
Vaşinqtonda kəşfiyyat analitikləri və kibertəhlükəsizlik ekspertləri İranın növbəti addımının daha pis - dağıdıcı kiberhücum və ABŞ-ın və ya onun regiondakı müttəfiqlərinin infrastrukturuna hücum ola biləcəyini təxmin edir.
ABŞ dövlət katibinin köməkçisinin kibernetika və informasiya siyasəti üzrə müavini Robert Streyer bildirib ki, hakimiyyət İrandan gələn potensial təhlükələrlə əlaqədar ayıq olmağa çağırır. O, bu təhdidlərin xarakterini açıqlamayıb.
Tehranın yaxın qonşuları, o cümlədən Azərbaycanın energetika infrastrukturu və ya digər sənaye nəzarəti sistemləri üçün hər hansı təhlükə təşkil edib-etmədiyi haqda suala cavabında Streyer «Turan» İnformasiya Agentliyinə deyib ki, ABŞ İrandan gələn təhdidlərlə bağlı narahatlıqlarını və məlumatları öz tərəfdaşları ilə bölüşüb.
Deməli, İranla qonşu olan və Amerikaya tərəfdaş Azərbaycana da Vaşinqton tərəfindən məlumatlar verilib, narahatlıqlar ifadə olunub.
Bəs İran kiberhücumları necə və hansı mərkəzlərə təşkil edə bilər? Ümumiyyətlə, Azərbaycan xarici kiberhücumlara hazırdırmı?
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüzün “Yeni Müsavat”a bildirdiyinə görə, rəqəmsal transformasiyalar gücləndikcə, internetdə təhdidlər artır.
Onun fikrincə, bu təhdidlər İrana və başqa dövlətlərə də şamildir: “Azərbaycan diqqət mərkəzində olan ölkədir. Bizi istəməyən, gözü götürməyən ölkələr, eləcə də müharibə şəraitində olduğumuz Ermənistan var.
Ona görə ABŞ tərəfinin açıqlamasından asılı olmayaraq, kiberhücumlarla bağlı diqqətli olmalıyıq. Azərbaycanın dövlət resursları, qlobal informasiya şəbəkələri, enerji resursları var. Onu da nəzərə almaq lazımdır ki, real infrastruktur qurulduqca, informasiya sistemləri də yaranır. Bu baxımdan müxtəlif ölkələr internet texnologiyaları (İT) üzrə mütəxəssis saxlayır, digər ölkələrin enerji və informasiya sistemini sıradan çıxarmaq üçün istifadə edirlər. Azərbaycan gərək bu məsələləri nəzərə alsın".
O.Gündüz ölkədə bu sahə ilə bağlı kadr problemi olduğunu vurğuladı: “Peşəkar kadrlar hazırlanmalıdır. Bu sahədə problemlər var. Çünki devalvasiyadan sonra kadrlar Azərbaycandan gediblər. Biz buradakı kadrları təcrübə keçmək üçün xaricə göndərməliyik. Bundan əlavə, köklü audit aparılmalıdır. Dövlətə aid nəhəng informasiya resursları auditdən keçmir. Deyirlər ki, bu, könüllüdür. Amma məcburi audit olmalıdır”.
Yeri gəlmişkən, ötən ilin yayında ABŞ tərəfindən İranın silah sistemlərini idarə edən kompüter şəbəkəsinə kiberhücum edilib. ABŞ bu addımı Hörmüz boğazında İran tərəfindən ABŞ dronunun vurulmasına cavab olaraq atıb.
“Vaşinqton Post”un qeyd etdiyi kimi, bu kiberhücum nəticəsində İranın raket qurğularını idarə edən kompüter sistemləri sıradan çıxarılıb.
“Nyu-York Times” isə yazmışdı ki, ABŞ İrana qarşı bu kiberhücumu Hörmüz boğazında neft tankerlərinə edilmiş hücumlara və ABŞ dronunun məhv edilməsinə cavab olaraq keçirib.
Emil SALAMOĞLU,