Vaşinqton hakerləri Kremlin informasiya sistemini sındırıb
ABŞ hərbi qüvvələrində işləyən hakerlər Kremlin, həmçinin Rusiyanın telekommunikasiya və elektron sistemlərinin kəşfiyyat və məxfi sənədlərini ələ keçiriblər
Virtualaz.org xəbər verir ki, bu barədə “NBC News” yüksək vəzifəli mənbəyə istinadən məlumat yayıb.
Məlumatda həmçinin qeyd edilir ki, bu kiberhücumlar Rusiyanın resurslarını çox zəiflədib.
ABŞ hakimiyyətinin rəsmi nümayəndələrinin sözlərinə görə, Vaşinqton kibersilahları yalnız əhəmiyyətli hücum halında tətbiq edəcək. Telekanal qeyd edir ki, adətən belə hücumlar müxtəlif ölkələrin kiberhücumlarına cavab olaraq həyata keçirilir.
Qeyd edək ki, daha əvvəl ABŞ Rusiya bütün dünyada siyasi seçkilərə təsir etməyə çalışdığı iddia edirdi.
Xatırladaq, ABŞ Rusiya hakimiyyətini prezident seçkilərinin gedişinə müdaxilə məqsədi ilə Demokrat partiyanın saytına kiberhücumlarda iştirakda ittiham edir. Lakin sentyabrın əvvəlində bu barədə sualları cavablandıran Rusiya prezidenti Vladimir Putin ölkə hakimiyyətinin kiberhücumlarla əlaqəsini inkar etmişdi. Onun mətbuat katibi Dmitri Peskov isə Rusiyanın ünvanına səsləndirilən bu ittihamları absurd adlandırmışdı.
Ancaq kibertəhlükəsizlik sahəsində işləyən “ThreatConnect” şirkətindən iyulda demokratların saytına hücumlar həyata keçirən serverlərin sahibinin şəxsiyyəti araşdırılıb və onun cinayətkarların niyyətləri haqqında heç nə bilməyən rus olduğu aşkara çıxıb.