azia.az
azia.az

Diş klinikalarında hansı dəhşətli xəstəliklərə yoluxuruq... - Ərəblərin axını bu sahədə olan təhlükəni daha da artırıb.../ ARAŞDIRMA

29-10-2018, 08:31

Diş klinikalarında hansı dəhşətli xəstəliklərə yoluxuruq... - Ərəblərin axını bu sahədə olan təhlükəni daha da artırıb.../ ARAŞDIRMA


Son zamanlar Azərbaycanda Hepatit, xüsusən Hepatit C-ə yoluxanların sayı artır. Ondan da qorxulu olan QİÇS-İİV immundefisit xəstəliyi ilə bağlı statistika da ürəkaçan deyil. Nikaha daxil olan insanların ailə qurmazdan öncə keçdiyi tibbi müayinələrin son statistikası da bunu göstərir. Aşkar olunan xəstəliklər sırasında ən çox QİÇS (SPİD) deyilən xəstələrin sayında artım var. Gənc insanların nə vaxt, necə, hansı şəraitdə bu viruslara yoluxması isə çox vaxt sual altında qalır.

Medicina.az xəbər verir ki, Hepatit və QİÇS kimi xəstəliklərin qanla keçdiyini nəzərə alsaq, əməliyyatxana və stomatoloji kabinetlərdə xəstə insandan sağlam insana yoluxma ehtimalı çoxdur. Çox xəstələr olub ki, əməliyyatdan, hətta adi keysəriyyə əməliyyatından sonra özündə Hepatit aşkarlayıbar. Həkimlər manikür-pedikürdən, qan almaq və qan köçürmə zamanı ehtiyatlı olmağı tövsiyə etsələr də, stomatoloji kabinet və klinikalarda riskin daha yüksək olması nədənsə qabardılmır.

Avropa və Rusiyada demək olar, bütün klinikalarda implant-diş əkilməsi kimi əməliyyatdan öncə pasiyentdən Hepatit və QİÇS analizindən keçmək tələb olunur. Əgər pasiyentdə QİÇS, İİV aşkarlanarsa, ya əməliyyatxana buna uyğun hazırlanır, birdəfəlik alətlərdən istifadə olunur, ya da təhlükədən yayınmaq üçün ümumiyyətlə o pasiyentə xidmətdən imtina olunur.
Diş klinikalarında hansı dəhşətli xəstəliklərə yoluxuruq... - Ərəblərin axını bu sahədə olan təhlükəni daha da artırıb.../ ARAŞDIRMA

Azərbaycanda da implant diş qoyulması çox populyardır. Amma bu əməliyyatdan öncə xəstədən hansısa analizlərin tələb olunması, xəstə yoluxucu olduğu halda təhlükəsizlik tədbirlərinin gücləndirilməsi barədə informasiya yoxdur.

Öncə insanlar arasında apardığımız sorğu göstərdi ki, diş müalicəsindən öncə pasiyentlər heç bir analizə göndərilmir və analiz tələb olunmur. Yəni diş çəkilməsi, plomblanma, müalicə kimi prosedurlarda savadlı insan sadəcə həkimdən sterilizasiya barədə soruşur. Sonradan isə Hepatitdən analiz verib yoxlanılırlar. O zaman stomatoloji müalicə zamanı virusa yoluxub-yoluxmadıqlarını təxmin edə bilərlər. Amma heç kim dişlərini müalicə etdirməzdən öncə hepatit və QİÇS analizindən keçib həkimə sənədlə getmir. Sonradan xəstədə virus aşkarlansa da bunun stomatoloqun "günahı” olduğunu sübut etmək mümkün olmur.

Son aylarda çox sayda stomatoloji klinika və kabinetə ərəblərin axını da müşahidə olunur. Stomatoqlar deyir ki, öz ölkələrində diş müalicəsi, yeni dişlər qoydurmaq çox baha olduğundan burdakı qiymətlər, xidmətin operativliyi onlarda "Bakıya gəlmişkən dişlərimi də düzəldim” arzusu yaradır.

Həkimlər özləri etiraf edir ki, ərəblər bir dəfə özləri gəlib, növbəti dəfə qohum və tanışlarını da gətirirlər.

Stomatoloq kabinetlərinə dəstə-dəstə əcnəbinin axın etməsi yaxşı haldır, amma mətbuatda ərəblərin yoluxucu viruslar, xüsusən QİÇS və Hepatit daşıyıcısı olması barədə məlumatlar yayıldığından, onların stomatoloji klinikalara axını vəziyyəti daha da kritikləşdirə bilər.

Картинки по запросу arabian at hospital

Burda stomatoloqların qarşısında heç olmasa bir tələb qoyulmalıdır: əcnəbilər stomatoloji müalicədən öncə mütləq Hepatit, İİV, QİÇS analizinə göndərilsin. Amma bu tələb dövlət səviyyəsində qanunla tənzimlənməsə, heç bir stomatoloq könüllü etməyəcək. Çünki analizlərə əlavə pul, vaxt lazımdır. Bunları tələb etdikdə isə pasiyent imtina edə və başqa həkimə gedə bilər. Başqa həkim isə sorğusuz-sualsız onu müalicə edəcək, lazım gəlsə yeni diş də əkəcək.
Stomatoloqların bir çoxu insanların niyə analizlərdə maraqlı olmamasının səbəbini maddi problemlərdə görür.

Medicina.az əməkdaşının mövzu ilə bağlı ünvanlandığı sualı bir neçə stomatoloq belə cavablandırıb:
Diş klinikalarında hansı dəhşətli xəstəliklərə yoluxuruq... - Ərəblərin axını bu sahədə olan təhlükəni daha da artırıb.../ ARAŞDIRMA
Diş klinikalarında hansı dəhşətli xəstəliklərə yoluxuruq... - Ərəblərin axını bu sahədə olan təhlükəni daha da artırıb.../ ARAŞDIRMA


Stomatoloq həkim Könül Səmədova:

"Xəstə dişlərini müalicə üçün müəyyən vəsaitlə gəlir. Onu 20-30-35 manatlıq Hepatit və QİÇS analizlərinə göndərmək əlavə xərc deməkdir. 30-40 manatlıq bir prosedur üçün bir o qədər də pul ödəmək çox vətəndaşın imkanı xaricindədir. Əgər pasiyentin 3-5-6- ay öncə bu viruslardan analiz cavabları varsa, o zaman o sənədi stomatoloqa göstərə bilər. Dünyanın inkişaf etmiş ölkələrində insanların ildə 1-2 dəfə bu analizlərdən keçməsi normal haldır. Onlar öz sağlamlıqlarını təkcə diş düzəltdirməyə gedəndə düşünmür. Amma Azərbaycanda insanlar təəssüf ki, sağlamlıqlarına biganədir. Ən dəhşətlisi odur ki, bu xəstəliklərə uşaqlar və yeniyetmələr də stomatoloji prosedur zamanı yoluxa bilər. Ona görə uşaqları maksimum uşaqlar üzrə ixtisaslaşmış kabinet və klinikalarda müalicə etdirmək lazımdır.

Stomatoloji kabinetdə bu viruslara yoluxmaq xəstədən çox həkimin özü üçün təhlükəlidir. Çünki biz gündə 10 xəstə qəbul edirik. İynə və alət ucluqları toxuna bilər. Təhlükə, risk çoxdur. Hepatit və İİV nəfəs, tüpürcək, xəstənin toxunduğu, əyləşdiyi kreslo ilə keçmir. Bizdə klinika şəraiti olduğundan bütün sanitar normalar, sterilizasiya və dezinfeksiya işləri ciddi görülür. Bizim də klinikaya ərəblər gəlir. Düşünürəm ki, əcnəbi turistlərdən istənilən diş müalicəsindən öncə analiz tələb etmək olar. Buna onların maddi imkanı da çatar. Həm də vətəndaşlarımızın sağlamlığını da təhlükəyə atmarıq”.

Stomatoloq Tural Mehtiyev:

"Əslində, adi diş çəkəndə də analiz tələb etmək lazımdır, sadəcə bizdə hələ buna pul ödəmək istəmirlər. Yenə də hər şey maddiyyat üzərindədir. Amma biz hər pasiyentlə işləyən zaman elə yanaşırıq ki, sterilizasiya yüksək səviyyədə olsun. Stomatoloji müayinədən öncə viruslara görə analizlərin verilməsinin stomatoloqun qiymətlərinə aidiyyəti yoxdur. Onu pasiyent ayrıca laboratoriyası olan klinikada verir”.

Stomatoloq həkim Fariz Quliyev:

""Heç bir həkim, klinika tələb etmir” fikrini hamıya şamil etməyin. Bizim klinika bir qayda olaraq HVC, HVB, qanın laxtalanması, şəkərli diabet analizlərini mütləq tələb edir. Əks halda əməliyyat etmirik. Sizi inandırım, bundan imtina edən xəstə də olmayıb. Sadəcə olaraq insanlara düzgün izah olunmalıdır. Qeyri-hökumət təşkilatları, mətbuat maarifləndirmə işləri aparmalıdır. Bizim insanlar hələ buna hazır deyil. Biz öz klinikamıza görə əminliklə deyə bilərik ki, sterilizasiya 100% dünya standartlarına cavab verir”.

Stomatoloq Fərid Cəfərov:

"Xəstənin hər hansı virus, infeksiya xəstəsi olmasının mənim üçün önəmi yoxdur. Mən özümü qoruyuram, sterilizasiyanı elə təşkil etmişik ki, digər xəstəyə heç bir halda keçmə ehtimalı yoxdur”.

Vüqar Qurbanov:

"Dünya protokollarına əsasən sağlam insan gəlirsə heç bir klinikada analiz tələb olunmur və ümumiyyətlə tələb olunmasına gərək yoxdur. Yalnız xüsusi hallarda tələb edirik. Sterilizasiya önəmlidir. Onu da klinikaya girən kimi anlamaq olur. Sadəcə bir az məlumatlı, diqqətli olmaq lazımdır”.

"Alətdə cüzi qalmış quru qan ləkəsi 1 həftə ərzində pasiyenti yoluxdura bilər”

Hepatit virusunun müayinəsi və müalicəsi ilə məşğul olan həkim hepatoloq Nuranə Quliyeva isə Medicina.az-a hepatitli xəstələrin əksəriyyətinin elə stomatoloqlar olduğunu birdirib: "Hepatit B və C virusları quru qan ləkəsində 1 həftə yaşaya bilir. Yəni "alətdə təzə qan yoxdur, təhlükə də yoxdur” düşünmək səhvdir. Alətdə cüzi qalmış quru qan ləkəsi 1 həftə ərzində istənilən pasiyenti yoluxdura bilər. Nəinki pasiyent, çox stomatoloqlar var ki, özləri hepatit B, C xəstəsidir. Hətta bir pasiyentimiz stomatoloqa demişdi ki, mən burda Hepatitə yoluxdum, həkim demişdi ki, nə olsun, özüm də Hepatitəm. Sanki bununla barışırlar. Yəni kütləvi hal alıb, hamıda var, gizlədirlər, bununla da yaşayırlar.

Stomatoloji manipulyasiyada birbaşa diş toxumasına təmas edən alətlər Hepatit virusunun faktiki yoluxdurucusudur. Stomatoloqların qeyd etdiyi kimi, virus 1-2 saata itib gedir, təzə qanda olur, ya 100 dərəcədə ölür- bunlar yanlış fikirlərdir. Alətləri yumaq, spirtlə silmək, adi dezinfeksiya ilə sterilləşdirmək mümkün deyil. Bu, özünü və xəstəni aldatmaqdır. Stomatoloji alətlər Livitol adlı xüsusi məhlulda 20 dəqiqə qalmalıdır, daha sonra avtoklabda uyğun temperaturda sterilizə edilməlidir”.

Ucuz aparatlar – Ölümü cana yeridir...

Mütəxəssis bildirib ki, Hepatit virusunu məhv edən məhlul hər klinikada olmalıdır: "Bu məhlulu və avtoklabı almaq fərdi stomatoloqun və kiçik kabinetlərin maddi imkanı xaricindədir. Yəni bunlar çox bahalıdır. Yalnız böyük klinikalarda ola bilər.

Adicə ağız suyu qurudan hava vurucu boruların ucuz variantında tüpürcək gedib boruda ilişib qalır. O borunu dezinfeksiya etmək mümkün deyil. Ona görə digər pasiyentin ağız boşluğuna vurduqda o boruda qalan əvvəlki pasiyentin ağız suyu geri qayıdır. Tüpürcəklə keçən xəstəliklər də belə yoluxur. O borunun daha müasir variantı alınmalıdır, o da bahadır. Həmçinin ucluqların yaxşısı bahalıdır. Ona görə yüksək qiymətə xidmət təklif edən klinika və stomatoloqlarda çox güman ki, bahalı avadanlıqdır.

Hazırda Hepatit xəstələrinin 80%-i diş müalicələrindən sonra yoluxduğundan şübhələnir. Çünki hər adam əməliyyat olmur, qan köçürmür, amma çoxu diş həkiminə gedir. Stomatoloqda yoluxduğunu sonradan heç kimə, hətta şübhələnsən də stomatoloqa sübut etmək olmur.

Bəs pasiyent nə etməlidir:

- Ən sadə yol Hepatit B-dən qorunmaq üçün peyvənd olunmaqdır. Bütün sivil ölkələrdə bu peyvənd olunur, indi yeni doğulmuş körpəyə də 24 saat ərzində vurulur. Hazırda Hepatit B-nin müalicəsi üçün dərmanların kəşf olunmasına önəm verilmir. Çünki peyvəndi var. Hepatit B daha tez, sürətlə yoluxur və müalicəsi çətindir. Hepatit C-nin isə peyvəndi yoxdur, ona görə bu virusun müalicəsi ilə bağlı işlər gedir, dərmanlar çoxdur, müalicəsi də var.

- Vətəndaş diş müalicəsindən və implantdan öncə hepatit və QİÇS analizlərini verib, həm özü arxayın ola bilər, həm də həkimə təqdim edə bilər ki, bu prosedurdan, əməliyyatdan öncə mən sağlam idim. Daha da arxayın olmaq üçün öncədən Hepatit B peyvəndi olunsunlar.

- İkinci yol müasir, avtoklabı olan və dünya standartlarına uyğun klinikalara müraciət etməkdir. Orda diş müalicəsi bir az bahadır, hər insanın maddi durumuna uyğun olmaya bilər. Ona görə kiçik, xırda, məhəllə arası stomatoloji kabinetlərdə yoluxma halları daha çox olur.

- Pasiyentin tam hüququ var ki, alətlərin sterilizasiyası ilə maraqlansın. Həkimdən Hepatit əleyhinə məhlulu və avtoklabı göstərməsini tələb edə bilər. Alətlərin son sterilizasiya vaxtını göstərən qeydə baxa bilər. Yəni gəldim, kresloda oturum, ancaq dişlə maraqlanım, olmaz.

Əslində, Türkiyədə belə qayda var: stomatoloq hər bir xəstəyə hepatitli, QİÇS-li xəstə kimi davranmalıdır. Arayışla, analizlə iş bitmir. Biri analiz göstərəcək, ya deyəcək, digər pasiyent deməyəcək, gizlədəcək. Deməli, o faktiki təhlükədir. Stomatoloq ideal sterilizasiya şərtlərinə əməl etməlidir.

Azərbaycanda hər hansı stomatoloji manipulyasiya üçün analizlərə heç kimi məcbur etmək olmur: analizlər pulsuz olmadığına görə hər xəstənin imkanı çatmır, üstəlik QİÇS xəstəsinin anonimliyi qorunur. Həkimin soruşmağının da önəmi yoxdur, çünki xəstə aldada bilər. Ona görə həkim üçün hər pasiyent potensial yoluxucu kimi qəbul olunmalıdır.

Картинки по запросу dentist hepatitis

Hazırda Azərbaycan 8%-lik virus göstəricisi ilə yüksək endemik zona sayılır. Düşünürəm ki, artıq müəyyən qanunlarla yoluxmanın qarşısını almaq lazımdır. İnkişaf etmiş ölkələrdəki səviyyəyə çatmalıyıq. Diş müalicələrindən öncə pasiyentin analiz verməsini könüllü yox, məcburi tələb halına salmaq olar. Əgər stomatoloji kabinetlərdə yoluxmanın qarşısı alınsa, bu kifayət qədər azalma deməkdir. Daha bir təhlükə ondadır ki, ailədə ər stomatoloqda virusa yoluxubsa, evdə həyat yoldaşını cinsi yolla Hepatitə yoluxduracaq. Ona görə evlənmədən öncə bu virusları yoxladıb, peyvənd olunmaq mütləqdir. Hazırda Azərbaycanda yüksək səviyyədə Hepatit B vaksinasiyası aparılır, qiyməti də münasibdir. Vaksindən sonra ömürlük antitel qazanılır.

Stomatoloji prosedurdan sonra virusa yoluxub-yoluxmadığınızı 6 aydan sonra təyin edə bilərsiniz. Virus özünü 3 aydan sonra biruzə verməyə başlayır”.

Qeyd edək ki, həkimlərdən QİÇS İİV-lə bağlı da münasibət öyrənməyə çalışsaq da, onlar Azərbaycanda QİÇS-lə bağlı bütün məsələlərin Respublika QİÇS-lə Mübarizə Mərkəzinin nəzarətində olduğunu bildirdilər.

Mərkəzin saytında İİV-ə yoluxma yolları və konkret olaraq İİV infeksiyalardan universal təhlükəsizlik tədbirləri sadalanıb. Deməli, Azərbaycanda konkret olaraq stomatoloji müalicə zamanı İİVdən profilaktika nizamnaməsi var.

Картинки по запросу spid

Yoluxma üçün İİV orqanizmdə 4 mayedə - qan, sperma, vaginal maye və ana südündə olur.

Virus ətraf mühitə qarşı davamsızdır. Tüpürcək, tər, sidiklə yoluxmur.

Qanla ötürülən infeksiyaları bütün pasiyentlərdə aşkarlamaq mümkün olmadığı üçün tibbi işçiləri qarşısında bu prinsiplər qoyulur:

-Bütün pasiyentlərə potensial yoluxmuş kimi yanaşmaq, yəni fərqi yoxdur qarşında xəstə, sağlam adamdır, eyni yanaşmaq. Ona görə bütün pasiyentlərin qan və bioloji mayeləri ilə işləmə zamanı təhlükəsizlik tədbirlərinə ciddi əməl olunmalıdır.

-İstifadə olunmuş çirklənmiş bütün alət, ləvazimat, camaşırlar düzgün zərərsizləşdirilməli, dezinfeksiya olunmalıdır.

-Təkrar istifadə olunan alətlərin steril olunması sənədlə təsdiq olunmalıdır. Sənəddə stelizasiya vaxtı, temperatur və buxarın təzyiqi qeyd olunmalıdır.

-Stomatoloji alət və cihazlar: cərrahi alətlər, diş daşlarını təmizləyən ucluqlar, neştərlər, cərrahiburğular, güzgülər, plomblar üçün ştopferlər, qaşıqlar, burğu maşının ucluqları termik üsulla sterilizə olunmalıdır.

-Yüksək temperatura dözməyən alətlər güclü maddələrlə zərərsizləşdirilməlidir.

-Xəstənin ağız boşluğuna daxil edilən və aspirator ilə birləşdirilərn qurğular, su-hava tapançaları manipulyasiyadan sonra 30 saniyə ərzində işlək vəziyyətdə saxlanmalıdır ki, alətdə qalan bioloji material xaric olunsun.

-Stomatoloq və həkimin özünün sağlam olması şərtdir. Onlar vaxtaşırı Hepatit, İİV, vərəm müayinələrindən keçib, işlədiyi yerdə müvafiq sağlamlıq haqda sənədləri saxlamalıdır. Pasiyent həkimin sağlam olmadını dəqiqləşdirmək üçün bu informasiyanı tələb edə bilər.

İİV virusu qapalı otaqda, iynədə, qanda, cihazda bir neçə sutka yaşaya bilir. 56 dərəcə temperaturda yalnız 30-35 dəqiqədən sonra ölür.

İdeal təmizlik odur ki, müalicə aparılan otaq hər pasiyentdən sonra təmizlənib, sanitar işlənsin. Xəstənin uzandığı kreslo dezinfeksiya olunmalıdır.

Ağız suyu tüpürülən qab təmiz olmalıdır. Ordan vərəm çöpləri keçə bilər. Həkimin əlcəyi, maskası, önlüyü birdəfəlik olmalı, hər pasiyentdən sonra təzələnməlidir.

Hazırda Avropa ölkələri və Rusiyada ekpress testlərdən istifadə olunur. Həkim pasiyentin xəstə olmasına şübhələndikdə OraQuick HCZV adlı testlə xəstənin ağız, damaq suyundan istifadə etməklə onda Hepatit və ya İİV olmasını dəqiqləşdirə bilər. Lakin bu test bir qədər bahalıdır: 25-35 manat arası dəyişir və hər klinikada yoxdur.

Mövzu ilə bağlı Medicina.az-ın əməkdaşı bir neçə məşhur stomatoloji dental klinikaları ilə (KLİNİKALARIN ADLARI VAR) əlaqə saxlayıb, diş çəkilməsi və implantdan öncə hansısa analizlərin tələb olunduğunu pasiyent olaraq dəqiqləşdirib. Klinikalar plomb və diş çəkilməsi üçün analiz lazım olmadığını bildirib. 5 klinikadan yalnız biri implantdan öncə qanın ümumi analizi, Hepatit B, C və digər bir iki analizin verilməsini tələb etdiklərini söyləyib. Analizlər həmin klinikada yox, digər laboratoriyada verilməlidir. Analizlərin xərci də ayrıca olaraq pasiyentin üzərinə düşür.

Bəs stomatoloji klinikada Hepatit və ya İİV-ə yoluxduğunu bilən pasiyent bunu sübut edib, həkimi və klinikanı məhkəməyə verə bilərmi, hansısa təzminat ala bilərmi, ümumiyyətlə bu məsələlər dünya tibbi hüququnda necə tənzimlənir?Azərbaycan qanunvericiliyində pasiyentin xəstəliklərə yoluxmasının qarşısını almaq üçün hansı boşluqlar var?

(Ardı var)

Aygün Musayeva


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi