Sükan arxasında bu mahnıları dinləmək təhlükəlidir
Sükan arxasında dinlənilən musiqilər sürücünün davranışına təsir göstərə bilər. Xüsusilə yüksək ritmli mahnıların sürücülərin daha sürətli hərəkət etməsinə və diqqətinin yayınmasına səbəb olduğu bildirilir.
Xəbər verilir ki, araşdırma çərçivəsində “Spotify” platformasında 30 avtomobil və yol səyahəti pleylisti təhlil edilib, həmin siyahılarda ən çox yer alan 50 mahnı tempinə görə müqayisə olunub.
Məlum olub ki, dəqiqədə 120-dən çox ritmə malik mahnılar sürücülük zamanı daha riskli davranışlarla əlaqəli ola bilər. Belə musiqilərin sürücünün daha sürətli hərəkət etməsinə, diqqətinin azalmasına və daha çox səhvə yol verməsinə səbəb ola biləcəyi qeyd edilir.
Araşdırmada sükan arxasında dinlənilməsi ən riskli mahnı kimi Ed Sheeranın “Shape of You” əsəri göstərilib. Mahnının tempi dəqiqədə 192 ritmdir.
Siyahıda ikinci yerdə Oasis qrupunun “Wonderwall” mahnısı qərarlaşıb. Onun tempi 173 BPM-dir. Üçüncü yerdə isə The Kid LAROI və Justin Bieberin “STAY” mahnısı yer alıb – 169 BPM.
Araşdırmaya əsasən, sürücülərin sükan arxasında daha sakit və orta ritmli musiqilərə üstünlük verməsi tövsiyə olunur.