“İnformasiya, sənədləşdirmə, nəşriyyat və kitabxana işi” standartlaşdırma üzrə Texniki Komitənin növbəti iclası keçirilib
“İnformasiya, sənədləşdirmə, nəşriyyat və kitabxana işi” standartlaşdırma üzrə Texniki Komitənin (AZSTAND/TK 52) növbəti iclası keçirilib. Onlayn formatda baş tutan tədbirdə komitənin sədri, “Elm” nəşriyyatının direktoru filologiya üzrə fəlsəfə doktoru Səbuhi Qəhrəmanov, sədrin müavini, AMEA Rəyasət Heyəti aparatı Elm və təhsil şöbəsinin müdiri, AMEA-nın Redaksiya-Nəşriyyat Şurasının sədr müavini filologiya elmləri doktoru Sərxan Xavəri, Azərbaycan Standartlaşdırma İnstitutunun əməkdaşları, komitənin məsul katibi və üzvləri iştirak ediblər.![]()
İclası giriş sözü ilə açan S.Qəhrəmanov gündəlikdəki məsələlər haqqında məlumat verib. “İnformasiya, sənədləşdirmə, nəşriyyat və kitabxana işi” standartlaşdırma üzrə Texniki Komitənin (AZSTAND/TK 52) 2026-cı il üzrə fəaliyyət planına yenidən baxılması məsələsi haqqında danışan S.Qəhrəmanov bildirib ki, ilin əvvəlində komitənin 2026-cı il üçün fəaliyyət planı və qəbul olunacaq standartlar müəyyənləşdirilib. Lakin hazırkı fəaliyyət planında müəyyən əlavə və dəyişikliklər edilməsinin zəruri olduğunu vurğulayıb. Müzakirələrdən sonra komitənin cari il üçün fəaliyyət planına dəyişiklik edilməsi qərara alınıb.![]()
Gündəlikdə yer alan növbəti məsələ “Uşaqlar və yetkinlik yaşına çatmayanlar üçün nəzərdə tutulmuş malların təhlükəsizliyinə dair texniki reqlament” layihəsinin nəşriyyat, kitab və jurnal məhsullarına dair təhlükəsizlik tələblərinin müzakirəsi və müvafiq standartlaşdırma işlərinin perspektivlərinin müəyyən edilməsi haqqında olub. S.Qəhrəmanov bildirib ki, xüsusilə uşaqlar və yetkinlik yaşına çatmayanlar üçün nəzərdə tutulan çap məhsulları hazırlanarkən sanitar-gigiyenik normalara əməl olunması vacibdir. Bu reqlamentdə yer alan müddəalara əsasən, kitab, jurnal və digər çap məhsullarının istehsalı zamanı uşaqların sağlamlığı, görmə təhlükəsizliyi mütləq nəzərə alınmalıdır. Burada şrift ölçüsü, mətnin oxunaqlılığı, istifadə olunan kağızın keyfiyyəti, nəşrin bioloji və kimyəvi təhlükəsizliyi diqqət yetirilməli olan mühüm məsələlərdir. Bu baxımdan müzakirəyə çıxarılan reqlamentin ölkə üzrə icrasına dəstək olmaq məqsədilə müvafiq standartların qəbulu məqsədəuyğun hesab olunur.![]()
Məsələ ilə bağlı çıxış edən filologiya elmləri doktoru Sərxan Xavəri bildirib ki, tez-tez rast gəlinən hallardan biri də kitabların uşaqlarda allergik problemlər yaratmasıdır. Kitabların hazırlanmasında istifadə olunan kağız, rəng və digər materialların təhlükəsizliyinin də vacib məsələlərdən olduğunu söyləyib. Qeyd edib ki, keyfiyyətsiz materiallar bəzi uşaqlarda allergik reaksiyalara, tənəffüs yollarının qıcıqlanmasına səbəb ola bilir. Buna görə də dərslik və digər nəşrlərin istehsalında sağlamlıq üçün təhlükəsiz materiallardan istifadə edilməsinə xüsusi diqqət yetirilməlidir. Mövzunun çox aktual olduğunu deyən natiq müvafiq istiqamətdəki problemlərin həlli yönündə standartların qəbul olunmasının zəruriliyini də diqqətə çatdırıb.
Müzakirələrdən sonra reqlamentin müvafiq bəndlərinə uyğun standartın hazırlanması qərara alınıb.
Haqqında danışılan növbəti məsələ “Beynəlxalq muzey statistikası” standartı ilə bağlı olub. Çıxış edən komitənin məsul katibi sənətşünaslıq üzrə fəlsəfə doktoru Nəzmin Cəfərova bildirib ki, bu standart muzeylər üçün statistik məlumatların toplanması və təqdim olunması qaydalarını müəyyən edir, muzeylərin ziyarətçilərə təklif etdiyi bütün növ resurs və xidmətlərin hesablanması üçün tərif və prosedurları özündə birləşdirir. Standartın məqsədinin bu və ya digər statistik məlumatın toplanması zamanı eyni tərif və metodlardan istifadənin təmin edilməsindən ibarət olduğunu deyən məsul katib dünyada fərqli vəzifələri və məqsədləri olan müxtəlif növ muzeylərin fəaliyyət göstərdiyini, bu qurumların unikal keyfiyyətlərə (struktur, maliyyələşmə, idarəçilik və s.) malik olduğunu, buna görə də sənəddə hər muzeyə fərdi yanaşmağın zəruriliyini vurğulayıb.
Nəzmin Cəfərova qeyd edib ki, sözügedən standart muzey ictimaiyyətinə statistikanın toplanması və hesabatı ilə bağlı rəhbərlik edir. Buraya muzeylərin strateji planlaşdırılması, daxili idarə olunması, hesabatlar verilməsi, öyrənmə və tədqiqat, təhsil və mədəniyyət, sosial və iqtisadiyyat sahələri baxımından muzeylərin rolunun təşviqi, alınan nəticələrin milli, regional yaxud beynəlxalq səviyyədə müqayisəsi və təhlili daxildir. Standartın müddəaları ilə bağlı ətraflı məlumat verən məsul katib sənədin qəbulunun ölkəmizin muzey şəbəkəsinin cari vəziyyətinin öyrənilməsi və təhlili baxımından faydalı olduğunu nəzərə çatdırıb.
Müzakirələrdən sonra “Beynəlxalq muzey statistikası” standartının qəbul olunması üçün AZSTAND-a təqdim edilməsi yekdilliklə qərara alınıb.
Gündəlikdə yer alan növbəti məsələ “Kitabxana fəaliyyətinin standartlaşdırılması sahəsində Türkiyə təcrübəsi”nə dair olub. Mövzu ilə bağlı çıxış edən Kitabxana statistikası və fəaliyyət göstəriciləri üzrə İşçi Qrupunun rəhbəri tarix üzrə fəlsəfə doktoru Daşqın Məhəmmədli Türkiyədə kitabxana fəaliyyətinin tənzimlənməsi istiqamətində formalaşdırılmış normativ-hüquqi baza, beynəlxalq standartların tətbiqi, xidmət keyfiyyətinin qiymətləndirilməsi, kitabxana proseslərinin idarə olunması, rəqəmsal transformasiya və peşəkar fəaliyyətin standartlaşdırılması sahəsində həyata keçirilən islahatlar və s. haqqında danışıb. Qeyd edib ki, Türkiyənin kitabxana sahəsinin standartlaşdırılması istiqamətindəki təcrübəsinin öyrənilməsi Azərbaycanda kitabxana fəaliyyətinin standartlaşdırılması istiqamətində yeni yanaşmaların formalaşdırılması baxımından mütərəqqi təcrübə nümunəsi kimi qiymətləndirilə bilər. Eləcə də, natiq bu istiqamətdə araşdırmaların davam etdirilməsi və nəticələrin elmi məqalələr şəklində ümumiləşdirilərək beynəlxalq xülasələndirmə və indeksləmə bazalarına daxil olan elmi jurnallarda nəşr olunması məsələsinin prioritet plan olduğunu diqqətə çatdırıb.
Məsələ ilə bağlı işçi qrupun üzvü, BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsinin baş müəllimi Əliyusif Məmmədov çıxış edərək kitabxana işi sahəsində terminoloji vahidliyin təmin edilməsinin vacibliyini vurğulayıb, kitabxana fəaliyyətinin terminlərinə dair beynəlxalq standartların qəbul edilməsinin zəruriliyinə toxunub. Bildirib ki, vahid terminologiyanın formalaşdırılması normativ sənədlərin hazırlanması, elmi-tədqiqat işlərinin aparılması, tədris prosesinin təşkili və peşəkar fəaliyyətin koordinasiyası baxımından xüsusi əhəmiyyət daşıyır.
Tədbirdə komitə üzvləri tarix üzrə fəlsəfə doktoru Eldəniz Məmmədov, Natiq Mürsəlov, Akif Dənsizadə, Elnur Məmmədov və digərləri çıxış edərək müzakirəyə çıxarılan məsələlərin əhəmiyyətindən danışıblar.
Daha sonra digər cari məsələlər müzakirə olunub, müvafiq qərarlar qəbul edilib.