Milli Məclis rəhbərliyi uğrunda mübarizə - Kimlər gəlir…
YAP-ın sabiq icra katibi və baş nazirin müavini Əli Əhmədovun 1 sentyabr 2024-cü ilə növbədəkənar parlament seçkilərində iştirakı ölkənin siyasi cəmiyyətində ciddi müzakirələrə səbəb olub. Hətta bir çoxları Əli Əhmədovun parlamentin rəhbərliyinə gətiriləcəyi ilə bağlı iddialar irəli sürürlər. Artıq bununla bağlı bir sıra media resurslarında yazılara rast gəlmək olur. İddiaların əsasları var və bu, səbəbsiz deyil. Birincisi ona görə ki, Əli Əhmədov YAP İcra katibi postundan gedərkən, o baş nazirin müavini postuna təyin edildi. İndi isə hakim partiyanın Əli Əhmədovun parlament seçkilərində iştirakı ilə bağlı verdiyi qərar da onun Mili Məclis rəhbərliyinə gətirilməsi iddiasını deməyə əsas verir.
Təbii ki, Əli Əhmədovun və onun tərəfdarlarının belə bir niyyətinin olması da istisna deyil. Ona görə də ictimai rəyi yoxlamaq və formalaşdırmaq üçün belə xəbərlər məqsədyönlü şəkildə cəmiyyətə ötürülür.
Bu arqumenti şərtləndirən amillərdən biri də ondan ibarətdir ki, Əli Əhmədov YAP İcra katibi postundan uzaqlaşdırılsa da, hakim partiyanın siyasi həyatında və qərarların qəbulunda hələ də ciddi təsirə malik şəxslərdən biri hesab olunur.
Əli Əhmədov Milli Məclisin sədri olmasa belə, ən azından birinci müavin postunu tutmaq niyyətində ola bilər. Lakin parlament praktikasına əsaslansaq deyə bilərik ki, Milli Məclis sədrinin birinci müavinləri hakim partiyanın təmsilçisi olsa da, əsasən hüquqşünas olublar. Parlament rəhbərliyinin yeni qaydaya əsasən formalaşdırılmasında isə digər müavinlərin biri bitərəf, başqa birisi isə parlamentdə azlıq təşkil edən partiyalardan birinin olur.
Gender bərabərliyi qaydasına uyğun olaraq parlament rəhbərliyində təmsil olunanlardan biri qadın deputat olmalıdır.
VI çarırış Milli Məclis rəhbərliyində təmsil olunan xanım deputat Sahibə Qafarova olub və o da parlamentin sədri postunu tutub. Sahibə Qafarova parlament sədri kimi fəaliyyətində çox uğurlu spiker olaraq özünü tamamilə doğruldub. Bu müddət ərzində özündən əvvəlki spikerlərdən daha bacarıqlı şəkildə parlamenti peşəkarcasına idarə edib.
Digər bir məqam isə ondan ibarətdir ki, daxili ictimai-siyasi və bölgədəki geosiyasi proseslər fonunda VII çağırış Milli Məclis rəhbərliyinin formalaşmasında hər hansı ciddi dəyişikliyin baş verəcəyi o qədər də inandırıcı görünmür. Artıq belə bir dəyişiklik baş verib və Adil Əliyev vitse-spiker postu ilə vidalaşıb.
Hər hansı ciddi siyasi qərarların verilməyəcəyi təqdirdə Milli Məclis rəhbərliyində dəyişiklik olmayacaq.
Uğurlu fəaliyyətinə görə, yeni sədr postuna namizəd kimi yenə də Sahibə Qafarovaya etimad göstəriləcək və ölkə rəhbərliyi də onun namizədliyini müdafiə edəcək. Sədrin birinci müavininin Əli Hüseynli, digər müavinlərdən birinin isə Fəzail İbrahimli olacağı gözlənilir. Bitərəflərdən həmin posta ən real namizəd isə deputat seçiləcəyi təqdirdə Şahin Seyidzadə olacaq. Onun Adil Əliyevi əvəzləyəcəyinin isə əsasları var. Çünki Şahin Seyidzadə VI çağırış Milli Məclis deputatı olub və o, deputat seçildikdən qısa müddət sonra İçərişəhər Dövlət Qoruğuna rəhbərliyə gətirildiyindən mandatdan məhrum edilib. Əgər Şahin Seyidzadə yenidən deputat olmaq barədə qərar veribsə, deməli, Adil Əliyevin yerini tutacaq ən real namizəd o olacaq.
Əli Əhmədova gəldikdə isə onun ən yaxşı halda parlamentdə hansısa komitə sədri olacağını ehtimal etmək olar.
Amma və lakin... Əli Əhmədovun Milli Məclis rəhbərliyinə gətirilməsi ilə bağlı məlumatların dövriyyəyə buraxılması istək və iddialardan irəli gələn məsələdir. Onu da unutmaq lazım deyil ki, vaxtından əvvəl belə xəbərlərin dövriyyəyə buraxılması nəticədə adı hallanan şəxslər üçün yaxşı sonluqla bitmədiyinin də yetərincə şahidi olmuşuq.
Yekun olaraq onu demək olar ki, son söz YAP lideri, cənab Prezidentin verəcəyi siyasi qərardan asılı olacaq. Parlamentdə mütləq səs çoxluğunu mövcud hakim partiya olan YAP qazanacağından parlamentin növbəti dövr üçün fəaliyyətini idarə edəcək şəxsin namizədliyini o müəyyən edəcək.
Mürtəza