İctimai nəzarətin təşkili: “Vətəndaşların müxtəlif mərhələlərdə idarəetmə prosesində iştirakı təmin olunmalıdır”
Müasir dünyamızda hər bir ölkədə ictimai nəzarətin təşkili işi ən mühüm məsələlərdən hesab olunur. İctimaiyyətlə ayrı-ayrı dövlət qurumları arasında qarşılıqlı səmərəli fəaliyyətin təşkilinin həyata keçirilməsi, dövlət orqanlarının fəaliyyətində şəffaflığın təmin edilməsi, qərarların qəbulu məsələsində ictimai rəyin nəzərə alınması, gənclərin ictimai fəaliyyətində səmərəliliyin artırılması, insan, vətəndaş hüquqlarının müdafiəsinin təmin edilməsi ən əhəmiyyətli məsələlərdən biridir. Bu işdə ictimai təşkilatlar, media, ictimaiyyət fəalları, ziyalılar çox böyük aktivlik göstərir. Azərbaycan Prezidenti İlham Əliyev də dəfələrlə öz çıxışlarında vətəndaşları fəallığa səsləyib, ictimai nəzarət mexanizmlərinin təkmilləşdirilməsi vacibliyi haqqında fikirlər söyləyib. 1 iyun 2014-cü ildən qüvvəyə minmiş “İctimai İştirakçılıq haqqında” qanun da məhz ictimai iştirakçılığın inkişafı üçün mühüm əhəmiyyətə malikdir.
İctimai nəzarətin təşkili işində QHT-lərin də böyük rolu var. QHT-lər ölkəmizdə vətəndaş cəmiyyəti quruculuğunda, Azərbaycan dövlətinin ictimai-siyasi, sosial-iqtisadi inkişafı istiqamətində həyata keçirilən proseslərdə çox fəal iştirak edirlər.
Mövzu ilə əlaqədar Editor.az-a danışan Milli Məclisin deputatı Könül Nurullayeva bildirib ki, ölkədə vətəndaş cəmiyyətinin və ictimai təşkilatların inkişafına əsaslı dəstək dövlətin də marağındadır:
“Bütün dünyada, o cümlədən də Azərbaycanda QHT institutunun bir neçə prioriteti var. Onlardan biri dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən məsələlərə dair ictimai təşəbbüskarlıq meyillərinin artırılmasını təmin etməkdir. “İctimai iştirakçılıq haqqında” qanunda da qeyd olunduğu kimi, dövlət siyasətinin həyata keçirilməsində, qərarların qəbulunda, yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının fəaliyyətinə ictimai nəzarətin təşkilində vətəndaşların və vətəndaş cəmiyyəti institutlarının iştirakı vacibdir. Yəni, vətəndaşların müxtəlif mərhələlərdə idarəetmə prosesində iştirakı təmin olunmalıdır. Bu baxımdan dövlət qurumlarının yanında yaradılan İctimai Şuraların fəaliyyətini effektiv təcrübə hesab edirəm. Çünki əksər hallarda məsələlərin həllinin mərkəzləşməsi səmərə vermir. Beynəlxalq təcrübəyə nəzər salsaq, müasir idarəetmədə ictimai nəzarət mexanizminin institusional hal aldığını görürük. Müasir cəmiyyətlərin strukturu müəyyən mənada iştirakı tələb edir. Sadə dillə desək, vətəndaş öz problemini qısa müddətdə həll etmək istəyir, amma bu, əksər hallarda vaxt tələb edir. Prosesin hətta obyektiv səbəbdən gecikməsi belə vətəndaşı narazı salır. Amma ictimai iştirakçılıq və dövlət qurumlarına qədər vəziyyətin vətəndaş cəmiyyətinin üzvləri QHT-lər tərəfindən araşdırılması, hətta problemin bu və ya digər formada ictimai müzakirəyə çıxarılması sosial gərginliyi azaldır”.
Millət vəkilinin sözlərinə görə, bu gün eyni zamanda, dövlət-özəl və qeyri-hökumət təşkilatları arasında üçtərəfli tərəfdaşlıq münasibətlərinin təşviqinə də ehtiyac var:
” QHT-lərə Dövlət Dəstəyi Agentliyinin prioritetlərindən biri də budur. Prezident İlham Əliyev də hər zaman ictimai nəzarətin vacibliyini bəyan edir və bildirir ki, harada insanları narahat edən məsələlər, nöqsanlar, çatışmazlıqlar var, onlar deyilməlidir. Ən vacib məsələ məmurların vətənə vicdanla xidmət etməsidir. “Bütün dövlət məmurları bilməlidirlər ki, onlar vətəndaşlara vicdanla xidmət etməlidirlər. Təyin edilmiş hər bir icra başçısının qarşısına qoyduğum birinci vəzifə bundan ibarətdir” deyən dövlət başçımız bu prosesdə hər kəsin öz məsuliyyətini anlamasını istəyir”.
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Zaur İbrahimli Editor.az-a bildirib ki, bu gün bütün dünyada ictimai nəzarətin həyata keçirilməsi çox vacib bir amil kimi qarşıya qoyulur:
“Çünki təcrübə göstərir ki, vətəndaşlar tərəfindən real nəzarətin olmaması hakimiyyət subyektlərinin və dövlət orqanlarının fəaliyyətində operativliyi və səmərililiyi azaldır. İctimai nəzarət monitorinq, müşahidə, qiymətləndirmə orqanları, agentlikləri, təşkilatları vasitəsilə hökumət qurumlarının iş və idarəetmə keyfiyyətinin, vəzifəli şəxslərin fəaliyyətinin qanunvericiliyə uyğun olmasını və keyfiyyətlə həyata keçirilməsini təmin etməyə yardım edir. Son vaxtlar ictimai nəzarət mexanizmlərinin işlək olub-olmaması, KİV, QHT-lər, vətəndaşların ictimai nəzarət fəaliyyətləri həyata keçirməsi imkanları, ictimai nəzarət üçün mövcud hüquqi imkanlar barədə müzakirələr açılıb. Bu müzakirələrdə ictimai nəzarət üsul və vasitələri bunlar üçün hüquqi əsaslarla bağlı da fikir mübadiləsi aparılır. Bu müzakirələr çox faydalıdır və ümumilikdə cəmiyyətimizin maariflənməsi və məlumatlanmasına əhəmiyyətli töhfə verir. Bu prosesə töhfə vermək üçün aktual olan bir mövzuda fikirlərimi bölüşməyə qərar verdim. Azərbaycan qanunvericiliyi səmərəli ictimai nəzarət mexanizmləri nəzərdə tuturmu? İctimai şuraların səmərəli ictimai nəzarət həyata keçirməsi üçün mövcud hüquqi imkanlar yetərlidirmi? Birinci məsələ ilə bağlı qeyd edim ki, MDB məkanında yalnız Rusiyada 2014-cü ildə və Özbəkistanda 2018-ci ildə ictimai nəzarət haqqında ayrıca qanun qəbul edilib. Ölkəmizdə 2014-cü ildə qüvvəyə minən “İctimai iştirakçılıq haqqında” qanunda bu ölkələrdəki ictimai nəzarət üsul və vasitələrinin hər biri nəzərdə tutulub. “İctimai iştirakçılıq haqqında” qanun ictimai nəzarəti ictimai iştirakçılığın bir komponenti, həm də məqsədi kimi nəzərdən keçirərək ictimai iştirakçılıq formalarını, elə ictimai nəzarət üsul və vasitələri kimi nəzərdə tutub. Həmçinin, aparıcı Qərb ölkələrinin təcrübəsi və Avropa Şurasının əsas tövsiyələri “İctimai iştirakçılıq haqqında” qanunda öz əksini tapıb. Eyni zamanda International Association of Public Participation (IAP2) yanaşması, standartları milli qanunvericilikdə əsasən əks olunub. Bununla bağlı əsas çətinlik informasiya açıqlığının bəzi aspektləri ilə bağlıdır. “İctimai iştirakçılıq haqqında” qanun vətəndaşlara da heç bir təşkilat yaratmadan, yalnız təşəbbüs qrupları vasitəsilə ictimai dinləmə, müzakirə keçirmək, İctimai şuralara namizəd irəli sürmək hüququ verir. Eyni zamanda, dövlət orqanları üçün ictimai iştirakçılıq-nəzarət üçün mexanizmlərinin tətbiq ilə bağlı geniş öhdəliklər müəyyənləşdirir. Milli qanunvericilik qərarların hazırlanması mərhələsindən tutmuş, onun icrasına nəzarət edilməsi, izlənilməsi, təkliflər verilməsi, müzakirəyə çıxarılması və s. səviyyəyə qədər iştirakçılıq və ictimai nəzarət, ictimaiyyətlə məsləhətləşmək imkanları nəzərdə tutub. İctimai Şuraların səmərəli ictimai nəzarət həyata keçirməsi üçün mövcud hüquqi imkanlar yetərlidirmi? – sualına gəlincə vətəndaşların idarəetmədə və qərarların qəbulunda iştirak etmək hüququ Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilmişdir. Konstitusiyanın 55-ci maddəsinə görə, Azərbaycan Respublikasının vətəndaşları dövlətin idarə olunması fəaliyyətlərində iştirak etmək hüququna malikdirlər və vətəndaşların birbaşa və ya öz nümayəndələri vasitəsilə idarəetmədə və qərarların qəbulunda iştirakı üçün nəzərdə tutulan bir sıra mexanizmlər, o cümlədən İŞ-lər vasitəsilə bu hüququ həyata keçirə bilərlər. “İctimai iştirakçılıq haqqında” qanun ictimai iştirakçılığın məqsədlərini müəyyənləşdirir. Əsas məqsəd vətəndaşları dövlət idarəçiliyinə cəlb etməkdir. Dövlət idarəçiliyinə cəlb olunma məsləhətləşmə prosesində iştirak, dövlət orqanlarının fəaliyyətinin monitorinqi və məsləhətləşmə prosesinə daha geniş ictimaiyyətin cəlb edilməsi formasında və digər formalarda ola bilər”.
Zaur İbrahimli qeyd edib ki, ictimai iştirakçılıq müxtəlif üsullarla, o cümlədən ictimai məsləhətləşmələr, ictimai dinləmələr, İŞ-lər vasitəsilə, eləcə də digər üsullarla həyata keçirilə bilər:
“Təəssüf ki, İŞ-lərlə bağlı neqativ təcrübə müsbət praktikadan daha çoxdur. İŞ-lərin hesbatlığı aşağı səviyyədədir, səmərəli, uğurlu ictimai nəzarət nümunələri azdır. Həmçinin, elə təəssürat yaranır ki, bir çox İŞ-lərin əsas missiyası dövlət orqanını təbliğ etməkdir. Bu problemləri həll üçün bir sıra qanunvericilik və institusional islahatlar həyata keçirilməsi zəruridir. Bu məqsədlə İctimai iştirakçılıq, ictimai şuraların fəaliyyətini tənzimləyən qanunvericiliyin yenidən nəzərdən keçirilməsi, İctimai şuraların müstəqilliyinin əsaslarının, institusional imkanlarının artırılması istiqamətində dəyişikliklər edilməsi zəruridir. İŞ-lərin maddi-texniki imkanlarının artırılması, seçki mexanizmi ilə əlaqədar bəzi boşluqların, kənar müdaxilələrin istisna edilməsi ilə bağlı təkmilləşdirməyə ciddi ehtiyac var. İctimai şuraların peşəkarlardan formalaşması üçün müvafiq meyarlar və seleksiya mexanizminin yaradılması, İctimai Şuraların bacarıqlarının artırılması ilə bağlı hökumət səviyyəsində təlim dəstəyinin verilməsi də əsas vəzifə kimi qarşıda durur. Bunlarla yanaşı İŞ-lərin fəaliyyətində hesabatlılığn artırılması, maraqlar toqquşmasının qarşısının alınması ilə bağlı da məsələlər həllini tapmalıdır. Həmçinin, hökumət səviyyəsində dövlət orqanlarının İŞ-lərlə fəal əməkdaşlöq etməsi, ictimai nəzarət həyata keçirilməsi üçün imkanların genişləndirilməsi ilə əlaqədar addımlar atılmasına ehtiyac var. Əlbətdə QHT-ləri tənqid etmək asandır, lakin bu problemlərin ancaq onlardan qaynaqlandığını demək obyektivlikdən uzaq olardı. Dövlət orqanları da bir çox hallarda İŞ-ə formal qurum kimi yanaşırlar və uzaq tutmağa çalışırlar. Bütün məsələlərə araşdırmalar aparmaqla, obyektiv təhlil etməklə yanaşmaq və proses olaraq nəzərdən keçirərək həll yolları düşünmək lazımdır. İctimai iştirakçılıqla bağlı digər problemlər isə hüquqi aktların layihələrinin ictimai müzakirəsi son illər əvvəlki dövrlərlə müqayisədə əhəmiyyətli şəkildə azalması, yazılı məsləhətləşmə təcrübəsindən çox az istifadə edilməsini qeyd etmək lazımdır. Bir qayda olaraq son məhsul təqdim edilir və VCT artıq fakt qarşısında qalır. Bununla bağlı dövlət orqanları qanunvericiliklə nəzərdə tutulmuş öhdəliklərini icra etmirlər”.
“İnformasiya Təşəbbüslərinə Dəstək” İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə Editor.az-a açıqlamasında bildirib ki, Dövlət Başçısının QHT-lərə dəstək və onların fəaliyyətinin inkişaf etdirilməsi ilə bağlı hər zaman təşəbbüsləri olub:
” Bu təşəbbüslər QHT üzvləri, sədrləri tərəfindən müsbət qarşılanır və müsbət qiymətləndirilir. Ötən il QHT-lərə ayrılan qrant müsabiqələrinin elanı, maliyyə məsələləri ilə bağlı müəyyən problemlər yarananda cənab Prezident tərəfindən imzalanan xüsusi fərmanla bəzi müstəsna hüquqlar müəyyən müddət ərzində QHT-lərə Dövlət Dəstəyi Agentliyinə verdi. Təxminən 4 milyonluq bir vəsait dövlət başçısının birbaşa təşəbbüsü ilə QHT-lərə ayrıldı. Bu da xüsusi olaraq yüksək qiymətləndirilməlidir. Lakin hesab edirəm ki, ciddi nəzarətə baxmayaraq hələ də QHT, ictimai şuralarla bağlı bəzi problemlər hələ də qalır. “İctimai iştirakçılıq haqqında” qanun 2014-cü il 1 iyundan qüvvəyə minsə də icrasına çox gec başlandı. Həmin illər ərzində çox az ictimai şura fəaliyyətə başladı. Statistikaya əsasən 2021-ci ildə mərkəzi icra hakimiyyətləri yanında 12 ictimai şura fəaliyyət göstərirdi. Amma ötən il 8 mərkəzi icra hakimiyyəti yanında da ictimai şuralar yaradıldı. 2014-2021- ci illər ərzində cəmi 12 ictimai şura fəaliyyət göstərib. Amma hansı formada fəaliyyətdən söhbət gedir bunu deyə bilmərik. Ötən dövrdə ictimai iştirakçılıqla bağlı müəyyən boşluqlar var idi. Cənab Prezident 2020-ci ildə yeni parlamentin formalaşması ilə bağlı çıxışında ictimai nəzarətin zəif olduğuna diqqət çəkmişdi. Bu bəyanatdan sonra məhz 2021-ci ildə ictimai şuraların fəaliyyəti genişləndi. Lakin hər kəs ictimai iştirakçılığın zəif olmasından şikayətlənir. Maraqlı olan odur ki, ictimai iştirakçılıq hansı meyarlarla ölçülür bəs? “İnformasiya Təşəbbüslərinə Dəstək” İctimai Birliyi olaraq biz 2021-2022-ci ildə ictimai şuraların fəaliyyətinin qiymətləndirilməsi üçün meyarlar üzərində çalışırıq. Hesab edirik ki, bu meyarlar müəyyən edildikdən sonra ictimai şuraların fəaliyyətinə daha geniş qiymət vermək olar. Amma ümumilikdə ictimai şuraların fəaliyyətinin zəif olması real faktordur. Çünki demək olar ki, heç bir ictimai şura fəaliyyəti haqqında hesabat vermir. Əsas problemlərdən biri budur. İctimai şuralardan bəzilərini çıxmaq şərtilə digərlərinin fəaliyyəti hiss olunmur. Sözsüz ki, burada onların fəaliyyətinin zəif olması təmsil olunanların QHT nümayəndələri olması ilə əlaqədardır. QHT nümayəndələrinin bilik və bacarıqlarının zəif, resurslarının az olması ümumi tendensiyaya mənfi təsir göstərir. İctimai şura müəyyən qurumların təmsilçilik formatıdır. Ona görə də məsuliyyət yalnız onların üzərində deyil”.
C. Hüseynzadənin sözlərinə görə, mərkəzi mərkəzi icra hakimiyyəti orqanları ictimai şuraların fəaliyyətinə imkanlar yaratmır:
” Onların müəyyən resurslarla, otaqlarla təminatı, tədbirlərin keçirilməsi üçün dəstək olmurlar. İctimai şuraları tənqid edərkən dövlət qurumlarının da fəaliyyətini nəzərə almaq lazımdır. İctimai şura yaratmaq ictimai iştirakçılığı təmin etmək demək deyil. İctimai müzakirələr, dinləmələr keçirilməli, ictimai rəylər öyrənilməli, rəy sorğuları keçirilməlidir. Bunların hamısı ümumi problemlərin daha da dərinləşməsinə səbəb olur. İctimai iştirakçılıqla bağlı qanunda müəyyən boşluqlar var. Lakin ən böyük boşluq məhz ictimai iştirakçılığın təmin olunması mövcud qanunvericiliyin həyata keçirilməsi ilə bağlı hər hansı bir nəzarət mexanizmi yoxdur. Biz hansı qurumu ictimai iştirakçılığı həyata keçirməməklə bağlı tənqid edib müəyyən nəticəyə nail ola bilirik? Dövlət qurumlarının da bununla bağlı hesabatı yoxdur. QHT sektoru da bu sahədə güclərini artırmalıdır. Çünki dövlət qurumu ictimai iştirakçılığın təmin olunmasında maraqlı olmaya bilər. QHT-lər bu məsələni müzakirəyə qaldırmalıdır. Biz təşkilat olaraq 2021-ci ildə ictimai şuralara keçirilən seçkilərin monitorinqini aparıb maarifləndirmə işləri həyata keçirmişik. Ötən ildə biz 8 mərkəzi icra hakimiyyəti yanında olan qurumlarda 12 dəyişikliyə nail olmuşuq. Müəyyən prosesləri tənqid etməklə, ictimai fikri ora cəlb etməklə dəyişikliklərə nail olmuşuq. Elə məqamlar olub ki, təşkilatlat qanunun icrası ilə bağlı müəyyən çətinliklər yaşayırlar. Ona görə də ictimai şuraların fəaliyyətinə ümumi dəstək verən qurum lazımdır. Şuranın aid olduğu qurum özü ictimai şuralarla bağlı seçkilər keçirir. Bu, düzgün deyil. Bu barədə nəzarət mexanizmi yoxdur. QHT-lərə Dövlət Dəstək Agentliyinin də hüquqi funksiyası yoxdur. Heç bir qurum buna qarışa bilmir”.
Gülnarə Abasova