Xətai Rayon Polis İdarəsinin keçmiş əməliyyat müvəkkili Elvin Həşimlinin barəsindəki hökmdən verilən apellyasiya protesti üzrə məhkəmə iclasının vaxtı məlum olub.
Bakıda 2 milyonluq dələduzluqda ittiham edilən Xətai Rayon Polis İdarəsinin keçmiş əməliyyat müvəkkili Elvin Həşimlinin barəsindəki hökmdən verilən apellyasiya protesti üzrə məhkəmə iclasının vaxtı məlum olub.
Pravda.az-ın əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək proses avqustun 9-na təyin edilib.
Protest hakim Elmar Rəhimovun sədrliyi ilə araşdırılacaq.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E.Həşimli barəsində bəraət hökmü çıxarılıb. Məhkəmənin qənaətinə görə, onun zərərçəkmiş qismində tanınan Möhkəm Səmədova qarşı dələduzluq etməsi ittihamı sübuta yetirilməyib. Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti verib. Bakı Apellyasiya Məhkəməsi apellyasiya protestini təmin etməyib. Ali Məhkəmənin qərarına əsasən, kassasiya protesti təmin edilib, aşağı instansiya məhkəməsinin çıxardığı qərar tamamilə ləğv edilib, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilib.
Qeyd: Məhkəmədə keçirilən iclas zamanı məlum olub ki, E.Həşimli Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisinin oğlu, eyni zamanda, Xocalı Rayon İcra başçısının müavini Vahid Əliyevin kürəkənidir. O, biznesmen M.Səmədova yalan vədlər verərək, 2,5 milyon manatı dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunur.
Xatırlatma: E.Həşimli vaxtilə Xətai Rayon Polis İdarəsinin Cinayət-Axtarış Şöbəsində əməliyyatçı kimi çalışıb. Məlum əməli törətdikdən sonra daxili işlər orqanlarından xaric edilib. İstintaq orqanı tərəfindən onun barəsində Cinayət Məcəlləsinin 178.4-cü (xüsusilə külli miqdarda dələduzluq) maddəsi ilə ittiham elan edilib.
Kamal Məmmədov