Ombudsman Zəngilanda dövlət sərhədini pozan erməni diversantlarINI ZİYARƏT ETDİ
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva və Ombudsmanın İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Qrupunun (MPQ) üzvləri tərəfindən şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi saxlama yerlərinə əvvəlcədən xəbərdarlıq etmədən başçəkmələr davam etdirilir.
Xəbər verilir ki, Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində (MPM) BMT-nin İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiyasının Fakültativ Protokolu və “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanununun tələblərinə uyğun təşkil olunmuş növbəti başçəkmədə məqsəd müəssisədə saxlanma şəraiti və rəftar məsələlərinin, saxlanılan şəxslərin hüquqlarının təmin edilməsi vəziyyətinin araşdırılmasından ibarət olub.
Başçəkmə zamanı bu il may ayının 26-da Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonunun Rəzdərə kəndi ərazisindən keçən hissəsində Azərbaycan Respublikasının dövlət sərhədinin pozulması və digər qanunsuz əməllərin törədilməsi ilə bağlı saxlanılmış və məhkəmə qərarı ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş Ermənistan Silahlı Qüvvələrinin 2 hərbi qulluqçusu - Hovagimyan Harut Yuriki və Qazaryan Karen Aşoti qəbul edilib.
Ombudsman Səbinə Əliyeva tərəfindən Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində həmin şəxslər konfidensial qaydada qəbul olunub, müraciətləri yerində dinlənilib. Qəbul edilmiş şəxslərin saxlanma şəraitindən və rəftardan şikayətləri olmamış, yaradılmış şəraitə görə Azərbaycan dövlətinə minnətdarlıqlarını bildirmişlər.
Başçəkmə çərçivəsində saxlanma şəraiti – kameraların vəziyyəti, şəxsi gigiyena və sanitariya şəraiti, tibbi xidmət, qidalanma məsələləri yerində araşdırılıb.
Eləcə də həmin şəxslərə münasibətdə də heç bir fərq qoyulmadan beynəlxalq hüquq normalarına uyğun hüquqlarının, lazımi tibbi-psixoloji xidmətin təmin olunduğu müşahidə edilib və qəbul olunmuş şəxslərin özləri də bunu təsdiq ediblər.
Saxlanılan şəxslər üçün kameralarda bədii ədəbiyyat və informasiya materiallarının (öz dillərində) olması müşahidə olunub. Qəbul edilmiş şəxslərə hüquqları üzrə müraciət mexanizmləri ilə bağlı öz dillərində qanunvericilik aktları və beynəlxalq sənədlər, Ombudsmana və 916 Çağrı Mərkəzinə müraciət imkanlarına dair məlumatlandırıcı nəşrlər təqdim edilib.