Deputat Elçin Mirzəbəyli sosial şəbəkələrlə bağlı qanunu dəstəklədi
“İkinci oxunuşda müzakirə etdiyimiz“İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilməsi təklif olunan yeni maddə informasiya məkanında mövcud olan real risklərin hüquqi tənzimlənməsi məqsədi daşıyır və normativ zərurətdən irəli gələn mühüm təşəbbüs kimi qiymətləndirilə bilər.
Birinci oxunuş zamanı obyektiv səbəblərdən məsələ ilə bağlı çıxış etmək imkanım olmasa da, mövqeyimi yazılı şəkildə katibliyə təqdim etmişəm. İkinci oxunuşun tələblərinə uyğun olaraq, bəzi hüquqi-texniki məqamlara diqqət çəkmək istərdim”.
“Cebheinfo.az” xəbər verir ki, bunu parlamentin bugünkü plenar iclasında deputat Elçin Mirzəbəyli deyib.
Deputat qeyd edib ki, təklif olunan əlavədə istifadə edilən anlayışların əksəriyyəti, o cümlədən ictimai mənəviyyata zidd hərəkətlər, cəmiyyətə hörmətsizlik ifadə edən davranışlar, əxlaqsız ifadələr və əxlaq normalarının pozulması halları mövcud qanunvericilikdə, xüsusilə İnzibati Xətalar və Cinayət Məcəllələrində normativ məzmun daşıyan və hüquqi tətbiq təcrübəsi formalaşmış anlayışlardır:
“Eyni zamanda, əlavədə istifadə edilən “milli-mənəvi dəyərlər” ifadəsi hüquqi-normativ aktlarda ayrıca anlayış kimi təsbit edilməyib və ölçülə bilən hüquqi meyarlarla müəyyən olunmayıb.
Bu anlayışın semantik yükü aydın olsa da, normativ tətbiq baxımından onun şərhində müxtəlif yanaşmaların ortaya çıxması ehtimalı mövcuddur. Nəzərə alsaq ki, təklif olunan əlavədə artıq “ictimai mənəviyyat”, “əxlaq normaları” və “əxlaqsız hərəkətlər” kimi hüquqi baxımdan müəyyən olunmuş anlayışlar yer alır, normanın tətbiqi üçün əlavə qeyri-müəyyən anlayışların daxil edilməsinə ehtiyac yaranmaya bilər.
Cinayət Məcəlləsinin 27-ci fəsli – ictimai mənəviyyat əleyhinə cinayətlərə dair normalar – mahiyyət etibarilə hazırda müzakirə etdiyimiz qanun layihəsində təklif olunan əlavənin məqsəd və məzmunu ilə uzlaşır.
Xüsusilə Cinayət Məcəlləsinin 242-ci maddəsində pornoqrafik materialların hazırlanması, yayılması və reklamı ilə bağlı müəyyən edilmiş hüquqi tənzimləmə insan bədəninin əxlaq normalarına zidd formada təqdim olunmasına dair normativ yanaşmanın mövcudluğunu göstərir. Bu baxımdan, yeni əlavənin mövcud hüquqi mexanizmlərlə normativ uyğunluğu təmin edilməlidir.
Diqqətə çatdırmaq istərdim ki, Azərbaycan Respublikasının Konstitusiyası da daxil olmaqla, qüvvədə olan normativ-hüquqi aktlarda “milli-mənəvi dəyərlər” anlayışı hüquqi termin kimi təsbit edilməyib. Konstitusiyada ümumbəşəri dəyərlər və mənəviyyat anlayışlarından istifadə olunur ki, bu da hüquqi baxımdan daha geniş və tətbiqi baxımdan müəyyənlik yaradan anlayışlardır.
Normativ aktlarda istifadə edilən terminlərin hüquqi müəyyənlik prinsipinə uyğunluğu sonrakı tətbiq mərhələsində mübahisələrin qarşısının alınması baxımından mühüm əhəmiyyət kəsb edir”.
E.Mirzəbəyli əlavə edib ki, gələcəkdə təklif olunan maddənin tətbiqi zamanı sanksiyaların mübahisələndirilməsi prosesində subyektiv şərh risklərinin yaranmaması üçün normanın terminoloji dəqiqliyinin təmin edilməsinin məqsədəuyğun olduğunu düşünür:
“Bu baxımdan, hesab edirəm ki, “insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə dair məlumatlar” ifadəsinin “insan bədəninin hissələrinin əxlaq normalarına və ictimai mənəviyyata, yaxud insan mənəviyyatına zidd formada göstərilməsinə dair məlumatlar” kimi redaktə olunması hüquqi müəyyənliyi gücləndirə bilər.
Diqqətə çatdırmaq istədiyim başqa bir məqam təklif olunan əlavədə yer alan “açıqca” sözü ilə bağlıdır. Doğrudur, bu söz digər qanunvericilik aktlarında, o cümlədən Cinayət Məcəlləsində də yer alıb. Lakin bu ifadənin ikili məna verdiyini və həm zərf, həm də isim kimi işlədildiyini nəzərə alsaq, bu sözün, sadəcə “açıq”, “açıq şəkildə”, “açıq-aydın” kimi işlədilməsi, zənnimcə daha doğru olar.
Bu baxımdan, təklif olunan əlavənin “cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsi” hisəsinin “cəmiyyətə açıq hörmətsizlik edən hərəkətlərin edilməsi” kimi təqdim olunmasını təklif edirəm. Bütövlükdə, layihəni dəstəkləyir və qəbulunun mühüm əhəmiyyət daşıdığını qeyd etmək istəyirəm”.
Vilayət Muxtar