Cəzaların sərtləşdirilməsini yox, labüdlüyünü təmin etmək lazımdır - Deputat
"Mədəni sərvətləri qəsdən korlayan şəxs ictimaiyyət üçün olduqca təhlükəlidir.Ona görə ki, bu şəxslər bilirlər ki, həmin mədəni sərvətləri bərpa etmək mümkün olmur".
Bunu deputat Qüdrət Həsənquliyev Milli Məclisin bu gün keçirilən plenar iclasında Cinayət Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” və “Mədəniyyət haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, hər hansı rəsm əsərinin üzərinə kimyəvi tərkibli maddələr atır, yaxud hansısa bir sənət əsərini məhv edir. "Yəni bunların bərpa olunması mümkün olmur. Bu da həmin şəxsin son dərəcə ictimai təhlükəli bir şəxs olmasının gösətricisidir", - o qeyd edib.
Deputat təklif edib ki, bu normaların sanksiyaları alternativ cəzalar nəzərdə tutsa da, bu alternativ cəzalar olmamalıdır: "Cinayətkarlığa qarşı mübarizədə cəzaların sərtləşdirilməsini yox, cəzanın labüdlüyünü təmin etmək lazımdır. Yəni cinayət törədən şəxs bilməlidir ki, o, hansısa bir cinayət hadisəsi törədirsə, rüşvət verməklə ya da kimlərinsə təsiri, himayəsi ilə o cinayət məsuliyyətindən yaxa qurtara bilməyəcək. Yaxud da əgər hüquq mühafizə orqanlarının peşəkarlığını şübhə altına alırsa, fikirləşirsə ki, onlar bu cinayətin üstünü aça bilməyəcəklər, onda insanlar bu hallarda cinayət törədirlər. Əlbəttə, sərt cəzalar təyin olunmalıdır. Xüsusilə də şəxsiyyət əleyhinə ağır cinayət törətmiş şəxslərə, o cümlədən bu cür mədəni sərvətləri qəsdən məhv edən insanlara".
Mürtəza