Polimer Materialları İnstitutunun əməkdaşlarının növbəti məqaləsi impakt faktorlu jurnalda dərc olunub
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Polimer Materialları İnstitutunun Polimerlərin mexaniki-kimyəvi modifikasiyası və emalı laboratoriyasının əməkdaşları - laboratoriya müdiri kimya elmləri doktoru, professor Nəcəf Qəhrəmanov, aparıcı elmi işçi kimya üzrə fəlsəfə doktoru, dosent Xəyalə Allahverdiyeva və aparıcı elmi işçi kimya üzrə fəlsəfə doktoru Fatimə Mustafayevanın həmmüəllifi olduqları məqalə “Journal of the Chemical Society of Pakistan” jurnalında (2023, Volume 45, No. 2, pp. 119-127) dərc olunub. https://jcsp.org.pk/issueDetail.aspx?aid=db3f792c-b06b-4d08-a0e0-460f03aa40e1
“New Approaches For The İnterpretation Of The Structure And Phase Transitions İn Nanocomposites Based On Modified Polyolefins And Technical Carbon” (“Modifikasiya olunmuş poliolefinlər və texniki karbon əsasında olan nanokompozitlərin quruluşunun və faza keçidlərinin izahına yeni yanaşma”) adlı məqalədə müəlliflər tərəfindən müxtəlif miqdarda texniki karbon və maleinləşdirilmiş poliolefinlər əsasında olan nanokompozitlərin termomexaniki xassələrinin tədqiqi nəticələri təqdim olunub. Poliolefin olaraq yuxarı sıxlıqlı polietilen, aşağı sıxlıqlı polietilen və polipropilendən, texniki karbon olaraq isə (poliolefinin tərkibinə onun 1.0-20 kütlə % miqdarı daxil edilib) Printex XE 2B markasının 20nm ölçülü nanohissəciklərindən istifadə olunub. Texniki karbonun miqdarının 1.0, 5.0, 10, 20 kütlə % artımı ilə termomexaniki əyrilərin dəyişmə qanunauyğunluqlarının əhəmiyyətli dəyişikliklərə məruz qaldığı müəyyən olunub. Nanokompozitlərin molekulüstü kristal quruluşu və fazalararası amorf sahəsi barədə müasir nəzəri anlayışlar nəzərə alınmaqla müəyyən edilmiş qanunauyğunluqların izahı üçün yeni elmi yanaşmalar təqdim olunub.
Qeyd edək ki, Web of Science™-in Science Citation Index Expanded™ (SCIE) beynəlxalq bazasına daxil olan jurnal 0.698 impakt faktora malikdir və “Clarivate Analytics”in Q4 kateqoriyasındadır.