Şokoladla rəsmlər yaradan möcüzəvi rəssam Əli Qafarlı
Şokoladla rəsmlər yaradan möcüzəvi rəssam Əli Qafarlı
Müsahibim- 15 il İncəsənət məktəbində rəssamlıq üzrə müəllim kimi çalışan istedadlı yaradıcı insan- Əli Qafarlıdır. Xatırladım ki, Əli bəy, Rəssamlıq Akademiyasının məzunu olmaqla yanaşı, eyni zamanda xalça üzrə eskiz rəssamıdır. Onun ən böyük istedadı isə- şokoladla portret əsərlərini yaratmasıdır. - İlk sualım şablon ola bilər: amma rəssam olmasaydınız, hansı peşənin arxasınca gedərdiniz? - Çox güman ki, rok musiqiçisi olardım. Uşaqlıqdan Anadolu rokçularını dinləmişəm: Barış Manço, Emre Aydın, Kıraç- ən çox sevdiyim və dinlədiyim musiqiçilərdilər. Onu da qeyd edim ki, özümə qitara alaraq akordlarla ifa etməyi də öyrənmişəm. Musiqiyə olan həvəsim hədsizdir. Onu da vurğulayım ki, çox sevdiyim Emre Aydının bu yaxınlarda Azərbaycana gələcəyini eşidərək, konsert təşkilatşıları ilə əlaqə yaradaraq, ona rəsm əsərini hədiyyə etməyi düşünürəm. - Necə düşünürsünüz, musiqini seçsəydiniz rəssamlıqdakı kimi uğur qazana bilərdiniz mi? - Deməzdim. Zənnimcə rəssamlıq ruhuma daha yaxındır. - Yaradıcı insanların meyilliyi çox zaman qenetik olaraq özünü biruzə verir. - Sizdən savayı ailənizdə və ya əqrabalarınızda yaradıcılığa meyli olanlar varmı? - Anam musiqi müəlliməsidir; gözəl piano ifa edir. Atam Vidadi Qafarlı də tanınmış rəssamdır və onun işləri Mona Liza qalereyasında saxlanılır. O, uzun illər Türkiyədə çalışıb, bir çox məşhurların əsərlərini yaradıb; hətda, çox sevdiyi Barış Mançonun rəsmini çəkərək, ailəsinə hədiyyə edib. Çox güman ki, atamın rəssamlığa olan sevgisi məndə uşaqlıqdan bu sənətə maraq yaradıb. Evdə iki qardaşıq və atam əslində qardaşımın rəssam olmağını istəyirdi ki, o daha dəqiq sənət sahibi olaraq, turizm sahəsini seçdi. Bakı Dövlət Universitetinin məzunu olan qardaşım, hal- hazırda Polşada yaşayır. - Rəssamlıqda gəlir azdır deyirlər. Qazancınız sizi qane edirmi? - Təbii ki, qazanc mənbəyimiz çəkdiyimiz rəsmlərin satışından olur ki, əsərlərimizin alışına daha çox əcnəbilər maraq göstərir. Və bir də, “Torqovıy” adlanan ərazidə rəsm sərgiləri satışında rusların əsərlərə maraq göstərdiyinin şahidi oluruq. Bizim millətə gəlincə isə, onu demək istərdim ki, daha çox sifariş verən insanlar hədiyyə tipli işlərlə müraciət edirlər. Bəzən olur ki, şəkili almaq istədikdə son anda fikirlərindən daşınırlar. Misal üçün, sərgilərin birində Mehriban xanım Əliyeva ilə İlham Əliyevin birgə çəkdiyim rəsm əsərini sərgilədim. Olduqca böyük tablonun dəyəri ilə maraqlanan deputatlar onu almaqdan nədənsə imtina etdilər. Məbləğ beş min manat civarında idi. - Emalatxananızda daha çox sərbəst üslübda çəkilən əsərlərə, natyurmort və avanqard səpkili əl işlərinizə rast gəlmək olur. Bir çox rəssamlar portretin asan və gəlirli olduğunu düşünərək, digər janrlardan qaçırlar. - Deməzdim. İnanın ki, portret rəssamlıqda ən qəliz sayılan və ən çətin olan bir janrdır ki, hər rəssam da üz cizgilərini dəqiq olaraq çəkə bilmir. Olub ki, hansısa bir qız gördükdə, onun simasını yadımda saxlayaraq, sonradan onun sürətini kətan üzərinə köçürtməyə başlamışam. Tam alınmasa da, təqribi olaraq istəyimə çatmışam. - Rəssamlar təbiətcə olduqca həssas olurlar. Məşhur Van Qoq sevdiyi xanımdan ayrıldıqda, ona öz qulağını kəsərək bağışlamışdır. Siz öz növbənizdə sevdiyinizə qarşı hansı fədakarlığı həyata keçirərdiniz? - Allahın bəxş etdiyi cana əzab vermək mənim aləmimdə düzgün deyil. Amma mən o xanıma olan hisslərimi kətana keçirərdim. Bəli, olub ki həyatımdakı xanımı canımdan çox sevmişəm, lakin, ailə qurub getdikdən sonra, zamanla anlamısan ki, unudulmayacaq bir kəs yoxdur əslində və həyat davam edir. Rəssamın emosiyaları da elədir; bəzən depressiv anında bütün duyğularını kətan üzərinə köçürərək, mütləq bir şedevr yarada bilərsən. Bəzən də, özünə qapanıb aylarca emalatxanaya daxil olmazsan. Şəraitdən və vəziyətdən asılı olaraq, münasibət birmənalı sayıla bilməz. - Ölümü hansı rəngdə ifadə edərdiniz? - Ölüm -rəngsizdir. - Rəssamlar var ki, öz doğmalarının rəsmlərini çəkmirlər. Onlar bunu yaxın adamlarının rəsmlərini çəkərək, sanki onların daxili auralarını zədələmiş olduqları inancına köklənirlər. - Bəli, bu cür düşüncə məndə də mövcuddur. Mən heç bir zaman doğma insanlarımın rəsmini çəkmirəm. Və onu da qeyd edim ki, dünyasını dəyişmiş insanların rəsmini çəkmək mənə pis təsir edir. Bu məsələdə olduqca həssas olduğum üçün, çalışıram ki, vəfat edən şəxslərlə bağlı əsərlərə müraciət etməyim. Amma təbii ki, istisnalar olur: təmənnasız olaraq, özümə borc bilərək, şəhidlərimizin çoxsaylı rəsmlərini canlandırmışam və bununla qürur duyuram. Və olub ki, tamamilə sadə bir ailədən gənc qızın avtoqəzada həlak olmasından duyğulanan rəfiqəsi onun rəsmini çəkmək üçün müraciət edib. Mən imtina etməmişəm, amma uzun müddət kövrək hisslər məni tərk etməyib. - Ən sevdiyiniz rəng? - Sarı. Mənim bütün əsərlərimdə sarı rəng özünə məxsus bir ahəngdədir. Bütün rənglər əslində maraqlıdır. Misal üçün, göylə sarı rəngin qarışığı yaşıl rəng verir. Çəhrayı ilə göy rəngin qarışığı isə bənövşəyi rəng. - Ən sevmədiyiniz rəng? - Bənövşəyi rəngdir ki, ümumiyyətlə rəssamlıqda bu rəngə “zəhərli” adı verilib. Qırmızı rəng- sevgi rəngi hesab edilir. Mənə görə ağ, qırmızı rənglər daha çox əsərin daxili dünyasının açılmasına yardım kimi istifadə edilən çalarlardan biridir. - Qarşımızdakı “Şeytan pıçıltısı” əsəri olduqca vahiməlidir. Şeytanın sanki xanımı qucaqlayaraq, onu arxasınca aparmaq istəyini qeyd etmisiniz. Hansı hisslərdən təsirlənərək bu cür əsəri yaratmağa müvəffəq olmusunuz? - Mən xarici bir fantastik film seyr etdiyimdə, orada şeytanla bağlı obraz artıq beynimə həkk olunmuşdu. Bu əsərdə qadının üzündəki tufeyli həyatdan məmnunluq duyğusu şeytanın yolunada olaraq, onun pıçıltısına ram olmasından xəbər verir. - Əsərlərinizdə avanqard və klassik üslubu geniş yer alır. Sərbəst olaraq hansı janra daha çox müraciət edirsiniz? - Şəkil daxilində şəkil olan və “Qorxu” adlanan əsərim iki penoplast və panel üzərində yaranıb. “Qırmızı”, “İstilik”, “Dəvə”, “Ay işığı”, “Gecikən məktub” sırf sərbəst və avanqard üslübunda olan əsərlərimdir ki, aralarında qrafika – cızma əsərlər də mövcuddur. Bəzən işlədiyim işin üzərindən qaralayaraq, yeni əsər yaradıram. Modernizmlə qarışıq müasir üslubda olan əsərlərimiz də az deyil. - Görmək istədiyiniz və rəsmini yaratmaq istədiyini məşhur varmı? - Ümumiyyətlə, rəssamlarda, şairlərdə ilham gücü gözəl qadınlardan alınır. Evdə pişiklərim var ki, onlardan müsbət enerji ilə köklənirəm. Amma əsas olaraq, xətrini dünyalar qədər istədiyim bəstəkar var; Eldar Mansurov. Mən rəsm əsərləri yaratdığım kimi, o da musiqinin rəsmini çəkir. Bu dahi şəxsiyyəti şəxsən görmək istəyim, onunla tanışlıq yardaraq, rəsmini çəkmək və hədiyyə etmək məni olduqca xöşbəxt edər, yaradıcılığıma stimul qatar. - Sizin üçün xoşbəxtlik anlamı nədir? - Xoşbəxtlik- təmənnasız sevgidir. - İşinizdə xöşbəxtliyi hansı rakuslardan izləmək mümkündür? - Mən şablonluğu sevmirəm və təkrarçılıq mənə görə deyil. Ümumiyyətlə isə bu yaxınlarda Azərbaycanda bir ilk etdiyimi sizinlə məmnuniyyətlə bölüşə bilərəm. Bir çoxlarının sevdiyi adi şokoladdan portret əsərlər yaradıram. Hətda, bəzən sifarişçilər çokolad iyini duyur və mənim şokoladı dişləyib yeyərək sonra yarımçıq qalan hissəsi ilə rəsm çəkdiyimi təəccüb və heyrətlə qarşılayırlar. Bu möcüzənin ideyasını mənə qardaşım təqdim etdi. Mən sınadım- və olduqca gözəl alındı. Qeyd edim ki, İtaliyada italiyanlar şokoladdan heykəl düzəltmişdilər və Azərbaycanda portretlərin məhz şokoladla yaradılmasına ilk mən imza atdım. Bu yeniliyi ilk həyata keçirdiyimdə bir çox məşhurların, o cümlədən Çinarə Məikzadənin əsərini yaratdım. Maraqlananlara bildirə bilərəm ki, əsərlərimin sifarişə və ölcülərə görə qiymətləri dəyişir. 30X40 olan sadə rəsm əsəri yüz manatdır. Kiçik sifarişli penoplastlı əsərlərim əlli manatdır. Şokoladlı rəsmlərim isə yüz manatdan başlayır. - Yaratdığınız əsərlərlə bağlı sizi narahat edən ən çox hansı amil ola bilər? - Mən bu suala məşhur rəssamımız Sakit Məmmədovun sözləri ilə cavab verərdim ki; “Bütün əsərlərim mənim balalarım kimidir və mənə onların sonrakı taleyi maraqlıdır”. Bəzən bir əsəri divardan götürüb sərgiyə apararlar və ya rəsm işi sifariş olaraq satılar və mən uzun müddət gözümü o rəsm asılan boş divardan çəkmərəm. Çox istərdim ki, əsərlərimiz sözün əsl mənasında rəssamlığa, yaradacılığa həqiqi dəyər verən şəxslərin əlində olsun!
Aynur Nurlu