Aktrisa-sürücü qalmaqalı böyüyür – “20 nəfəri polisdə gözləyəcəm”
Sumqayıt-Bakı istiqamətində hərəkət edən mikroavtobusda baş verən insident sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Tribuna xəbər verir ki, aktrisa Zülfiyyə Qurbanova sözügedən avtobusda sürücünün davranışından narazılığını bildirərək məsələnin ictimailəşməsinə səbəb olub.
Aktrisanın sözlərinə görə, “20 Yanvar” istiqamətində hərəkət edən mikroavtobusun sürücüsü səs-küylü mühit yaradaraq yüksək səslə musiqi açıb və sərnişinlərlə birlikdə mahnı oxuyub. Qurbanova səs-küyə etiraz edəndə isə sürücüdən kobud cavab aldığını deyib:
“Maşın mənimdir, nə istəyirəm edirəm”.
O həmçinin sürücünün avtomobili təhlükəli idarə etdiyini, sərnişinlərin narahatlığını nəzərə almadığını bildirib. Aktrisa məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə və “102” xidmətinə şikayət edəcəyini, sürücünün görüntüləri və əlaqə nömrəsinin də əlində olduğunu vurğulayıb.
Hadisənin sosial şəbəkədə yayılmasının ardından aktrisa ilə istifadəçilər arasında da mübahisə yaranıb. Bir izləyici onun avtobusdan düşərkən təhqiramiz ifadələr işlətməsinə şahid olduğunu qeyd edərək aktrisanın davranışını tənqid edib. O, aktrisanın mədəniyyətdən danışmasını ironik şəkildə lağa qoyub.
Qurbanova isə paylaşım altındakı bəzi sərt və təhqiramiz rəylərə qarşı kəskin reaksiya göstərib. O, özünü təhqir etdiyini iddia etdiyi şəxslərə hüquqi tədbir görüləcəyini bildirib və məsələnin polisə daşınacağını açıqlayıb.
Qarşı tərəf isə əksinə, aktrisadan şikayətçi olduğunu, onun da özlərini təhqir etdiyini iddia edib. Həmin şəxs 20-yə yaxın şahidinin olduğunu, həmçinin videolarının icazəsiz çəkilməsinin qanunsuz olduğunu qeyd edib.
Z.Qurbanova isə videoda heç kimin üzünün görünmədiyini, buna görə də qanun pozuntusunun olmadığını bildirib:
“Mənə qanun öyrətməyin. Ölkə qanun və qaydasını sizdən yaxşı bilirəm. Əvvəlcə özünüz qanuna riayət edin. Videonu mühafizə orqanlarına təhvil verəcəm. Şəxiyyətimə və ləyaqətimə təhqiredici sözlər yazdığınız üçün cavab verəcəksiz. Bütün rəyləriniz məndədir”.
Qarşı tərəf isə aktrisaya belə cavab verib:
“O zaman hələlik sağollaşmayaq, görüşənədək”.
Aktrisa mövqeyini daha da sərtləşdirib:
“Mütləq görüşəcəyik, gizli profillərinizlə bir yerdə. Həm statusuma, həm insanlığıma görə, sizlərə baş qoşmayacaqdım. Amma görürəm ki, siz utanmaq əvəzinə üstə çıxmağa çalışırsız. Sürücünüz və siz 20 nəfəri polisdə gözləyəcəm”.
Bakupost