“Yaxşı olar ki, Vüsal Ələkbərov özünü müdafiə etmək üçün başqa bir üsul seçsin” - MTN İŞİ...
Bakı Hərbi Məhkəməsində Milli Təhlükəsizlik Nazirliyinin (MTN 2015-ci ildə ləğv olunub) İstintaq Baş İdarəsinin sabiq rəisi Mövlam Şıxəliyev, istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşmaq üzrədir. 9 aydır ki, davam edən prosesdə iş üzrə 36 zərərçəkəndən 25-i sərbəst ifadə verib.
Onlar təqsirləndirilən şəxslərin onlara qarşı qanunsuz əməllərini təfsilatı ilə anladıblar. Zərərçəkənlərin mütləq əksəriyyəti təqsirləndirilən şəxslər tərəfindən faktiki olaraq girov götürüldüklərini, ailələrindən külli miqdarda pul alınandan sonra azad edildiklərini açıqlayıblar.
İyunun 14-nə təsadüf edən prosesdə təqsirləndirilən şəxs Vüsal Ələkbərov çıxış edib. Deyib ki, ilk həbsi və hazırda istintaqa cəlb olunması dünya casus şəbəkəsinin - ABŞ, İngiltərə, İran və Rusiya casuslarının marağına uyğun gerçəkləşib. İddia edib ki, dünya casus şəbəkəsinin bu istiqamətdə aparılan işləri gözə çapmır və sübut etmək mümkün deyil. Vüsal Ələkbərov “bu gün də həmin şəbəkə məndən əl çəkmir” deməklə, məhkəmədə zərərçəkənlər tərəfindən dilə gətirilən ittihamları qəbul etmədiyini açıqlayıb. Vüsal Ələkbərovun bu açıqlaması prosesdə iştirak edənlərin gülüşünə səbəb olub.
Bununla belə, maraqlıdır, Vüsal Ələkbərovun dediklərində həqiqət payı ola bilərmi? Həqiqətənmi Bakı Hərbi Məhkəməsində araşdırılan cinayət işinə Vüsal Ələkbərovu özünün dediyi kimi, beynəlxalq casus şəbəkəsi cəlb edib? Bu mümkündürmü?
“Bakı” Hüquq Şirkətinin rəhbəri, hüquqşünas Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, Vüsal Əkbərovun söylədiyi versiyaya inanıb-inanmamaq hər kəsin öz işidir: “Aylardır ki, cinayət işi üzrə məhkəmə prosesi keçirilir. Hər bir təqsirləndirilən şəxs kimi Vüsal Ələkbərovun da özünü ağla gələn və gəlməyən üsullarla müdafiə etmək azadlığı, hüququ var. Onun məhkəmədə dediyi fikirlərin nə qədər ciddi olması dediyi andan gülüşlə qarşılanmasından aydındır. Vüsal Ələkbərov özü də deyir ki, mən dediklərimi təsdiq edə bilmərəm. Bunu da dünya casus şəbəkəsinin iş metodları ilə, iz itirmə qabiliyyətləri ilə izah edir. Vüsal Ələkbərov Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsində İbtidai İstintaq İdarəsinin 2-ci şöbəsinin rəisi olub. Onun barəsində Bakı Hərbi Məhkəməsi 10 iyul 2017-ci ildə ittihamedici hökm çıxarıb. Həmin məhkəmənin hökmü ilə Vüsal Ələkbərov əmlakı müsadirə edilməklə 12 il müddətinə azadlıqdan məhrumetmə cəzasını məhkum olunub. Onun ittiham edildiyi maddələrə diqqət edək: Vüsal Ələkbərov külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu ilə tələb etmədə; ağır və ya xüsusilə ağır cinayətlər haqqında cinayət işi üzrə sübutları saxtalaşdırmada; vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə külli miqdarda rüşvət almada; vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşmada təqsirli bilinib. Bu gün də onun barəsində məhkəmə hökmü qüvvəsindədir. Vüsal Ələkbərovun barəsindəki ittihamedici hökmdə açıq-aşkar cinayət əməlləri üzrə faktlar, sübutlar sadalanır. Yəni Vüsal Ələkbərovun cinayət əməlləri ortadadır. Vüsal Ələkbərovun yolu nə vaxtsa xarici kəşfiyyat orqanlarının nümayəndələri ilə kəsişibsə, bu haqda ən azı özü məlumatlıdır. Belədirsə, o, geniş ictimaiyyətə açıqlamasa da, yazılı şəkildə müvafiq orqanlara bu haqda rəsmi şəkildə müraciət etməli idi. Vüsal Ələkbərovun belə bir müraciəti olubsa, bu haqda məhkəmədə məlumat verməli idi. Deməli idi ki, ”məni təqib edən casus şəbəkəsi haqda dövlət orqanlarına məlumat vermişəm". Bunu demirsə, deməli, belə bir müraciəti olmayıb. Sadəcə, məhkəmədə özünü müdafiə etməyə çalışır. Onun baş vurduğu yol mümkün olan özünümüdafiə yollarından ən bərbadıdır".
Hüquqşünas deyir ki, Vüsal Ələkbərovun tutduğu vəzifə də onun dediklərinin həqiqətlə əlaqəsi olmadığını ortaya qoyur: “O, MTN-in istintaq idarəsində şöbələrdən birinin rəisi vəzifəsində çalışıb. Yəni Vüsal Ələkbərov əməliyyatçı deyil, müstəntiq olub. Xarici kəşfiyyat orqanının diqqətinə düşməsi mümkündür. Amma əks-kəşfiyyat istiqaməti üzrə əməliyyatçıları buraxıb, istintaq idarəsindəki şöbələrdən birinin rəisini qaralamaq, öz maraqları çərçivəsində həbs etdirmək inandırıcı deyil. Xarici kəşfiyyat orqanı şöbə rəisini həbs etdirməklə nəyə nail olmaq istəyir?”
Hüquqşünas deyir ki, Vüsal Ələkbərovun istintaqa cəlb olunması konkret zərərçəkən şəxslərin şikayətləri, ifadələri əsasında baş tutub: “İş üzrə zərərçəkənləri sayı bir deyil, iki deyil. 36 zərərçəkən şəxs var. Onların da ən azı 10 nəfərini MTN-də başına oyun açan, barələrində qeyri-qanunu həbs-qətimkan tədbirlərinin seçilməsində rol alan, ailələrindən pul alınandan sonra azad edilməsində birbaşa iştirak edən Vüsal Ələkbərov olub. Bu əməlləri də beynəlxalq casus şəbəkəsi həyata keçirib? Yaxşı olar ki, Vüsal Ələkbərov özünü müdafiə etmək üçün başqa bir üsul seçsin”.
“Yeni Müsavat”