Mərkəzi Nəbatat Bağında 2021-ci idə aparılmış elmi-tədqiqat işlərinin yekunlarına dair hesabat
Mərkəzi Nəbatat Bağında 2021-ci idə aparılmış elmi-tədqiqat işlərinin yekunlarına dair hesabat
Mərkəzi Nəbatat Bağı - ölkəmizin xüsusi ekoloji, elmi, mədəni və estetik dəyərə malik təbiət ərazilərindən biridir. Burada elmi-tədqiqat, maarifləndirmə və təhsil məqsədilə dünyanın müxtəlif guşələrindən olan canlı bitki kolleksiyaları becərilir, öyrənilir, eyni zamanda, nümayiş etdirilir.
Paytaxtda yerləşən bu Bağın əsas elmi fəaliyyəti yerli və introduksiya olunmuş dekorativ və faydalı bitkilərin biologiyası, ekologiyası, becərilmə texnologiyasının işlənib hazırlanması, perspektivli növ və sortların yaşıllaşdırma işlərinə tətbiqi ilə bağlıdır. Onun əsas fəaliyyət istiqamətlərindən biri də ətraf mühitin və bitkilər aləminin mühafizəsi ideyalarının əhali arasında təbliğindən ibarətdir.
Cari ildə Mərkəzi Nəbatat Bağı Azərbaycan Respublikası Prezidentinin Fərman və sərəncamlarının, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarının, habelə Dövlət proqramlarının icrasında iştirak etmiş, aparılan elmi-tədqiqatlar 1 problemin həlli üzrə 5 mövzunu əhatə edən 11 iş və 21 mərhələdə yerinə yetirilmişdir. Hesabat ilində Bağın əməkdaşları tərəfindən ümumilikdə 38 elmi əsərin, o cümlədən 2 monoqrafiya, 1 kitab, 22 məqalə və 13 məruzə tezisləri yerli və xarici elmi mətbuatda nəşr edilmiş, 7 məqalə impakt faktorlu jurnallarda dərc edilmişdir. Bağın əməkdaşlarının bir çox respublika və beynəlxalq onlayn tədbirlərdə iştirak etmişdir.
Cari ildə oduncaqlı bitkilər kolleksiyalarını zənginləşdirmək məqsədi ilə Şimali Amerika, Şərqi Asiya və Aralıq Dənizi mənşəli bəzi ağac və kol bitkilərinin introduksiyası istiqamətində tədqiqatlar aparılmışdır. Pyrus L. və Rosa L. cinslərinə aid olan 3 növün mədəni şəraitdə toxum vasitəsi ilə çoxaldılması öyrənilmişdir. Bitkilərin in situ və ex situ şəraitində böyüməsinin müqayisəli tədqiqi nəticəsində məlum olmuşdur ki, in situ şəraiti onların böyümə və inkişafı üçün daha əlverişlidir.
Vitis labrusca L.- labrusqa üzümü, Jasminum officinale L.- dərnan jasmini, Ampelopsis aconitipholia Bunge.- akontayarpaq ampelopsis, Rubus idaeus L.-moruq kimi bəzi lian növlərinin böyümə və inkişaf dinamikası tədqiq edilmiş və müəyyən olunmuşdur ki, torpaq-iqlim amilləri nizamlanan şəraitdə növlər öz bioloji imkanlarını daha asan biruzə verirlər.
Bununla yanaşı hesabat ilində Calocedrus deccurens - kaliforniya sidri, Thyopsis doloprata - sallaq tuya növlərinin Abşeron şəraitində toxumla çoxaldılması, morfoloji-anatomik quruluşunun və biometrik göstəricilərinin öyrənilməsi üzrə tədqiqat işləri davam etdirilmişdir.
Hesabat dövründə Viburnum cinsinə aid olan Viburnum opulus - adı başınağacı, V.lantana - lantana başınağaçı, V. Orientale - şərq başınağacı və s. növlərin ex situ şəraitində uyğunlaşma xüsusiyyətləri öyrənilmiş, Cotoneaster Medik. cinsinə daxil olan növlər isə toxumla çoxaldılmışdır.
Azərbaycan florasından olan yemişan növlərinin (Grataegus caucasica - Qafqaz yemişanı, G. mikrophulla - xırdayarpaq yemişan, G. pentaguna.- beşyuvalı yemişan, G. orientalis - Şərq yemişanı) boy və inkişaf dinamikası tədqiq edilmişdir. Növlərin cücərtilərin əmələ gəlməsinə, yerüstü və yeraltı orqanların inkişafına görə bir-birindən fərqləndiyi müəyyən edilmişdir.
Bu dövr ərzində Aralıq dənizi mənşəli oduncaqlı bitkilərin introduksiyası və kolleksiya fondunun inventarlaşdırılması, III dövr Arktik floranın bəzi mezotermik reliktlərinin (Alnus barbata, Philadelphus caucasicus, Salix alba) çoxaldılması, Verbascum L., Melissa L. və Alcea L. cinslərinə aid olan bəzi növlərin isə ontogenezinin, çiçəklərinin kimyəvi tərkibinin öyrənilməsi üzrə tədqiqatlar aparılmış və Azərbaycan bitkiliyi üçün əhəmiyyətli nəticələr əldə edilmişdir.
Eyni zamanda Artemisia absinthium növünün kulturada mövsümi inkişafı öyrənilmiş, ümumi fitopatogen mikobiotası müəyyən olunmuş, Asparagus cinsi növlərinin inkişaf biologiyası və yerüstü orqanlarının kimyəvi tərkibi tədqiq edilərək becərilmə aqrotexnikası, həmçinin Tropik Amerika və Cənubi Afrika florasından 6 yeni tropik kserofit bitki növünü introduksiya yolu ilə Abşeronda örtülü şəraitə introduksiyası, onların ilkin inkişaf dövründə ontogenezi, orqanogenezi, morfo-anatomik quruluşu öyrənilmiş və öyrənilən növlərin aqrotexniki qulluq qaydaları işlənib hazırlanmışdır.
Cari ildə Qrandiflora və Şrab qrupu qızılgüllərin introduksiya olunmuş sortlarının və seleksiya üsulu ilə yetişdirilmiş hibridlərin perspektivliyinin qiymətləndirilməsi məqsədilə onların böyümə və inkişaf ritmi, dekorativ xüsiyyətləri, çiçəkləmə biologiyası, xəstəlik və ziyanvericilərə, həmçinin, quraqlığa davamlılığı və s. xüsusiyyətləri öyrənilmiş, ıkiillik dekorativ çiçək bitkilərinin çoxaldılması istiqamətində işlər aparılmışdır.
Azərbaycan ərazisində təbii halda bitən 8 növ ardıcın deskriptor əlamətləri tədqiq edilmiş, Samur-Yalama Milli Parkı meşələrinin karbon tutma potensialının qiymətləndirilməsi üzrə tədqiqatlar aparılmış və bəzi ağac növlərinin radial artım dinamikası öyrənilmişdir.
Azərbaycan floristikasını və Mərkəzi Nəbatat Bağının canlı bitki kolleksiyalarını zənginləşdirmək məqsədilə dünyanın bir sıra ölkələrinin Nəbatat bağları ilə toxum mübadiləsi işləri həyata keçirilmişdir.
AMEA Mərkəzi Nəbatat Bağının nəzdində fəaliyyət göstərən və sahəsi 20 hektar olan Şamaxı Təcrübə-Dayaq Məntəqəsində Azərbaycan florasından olan yabanı dərman, efir yağlı və nekrarlı bitkilərindən ibarət kolleksiya yaradılmaqdadır.
Elmi tədqiqat işlərinin nəticələrinin istehsalata tətbiqi məqsədilə Mərkəzi Nəbatat Bağında seleksiya və hibridləşdirmə üsulu ilə yetişdirilmiş “Professor Lütfi Zadə”, “Akademik Cəlal Əliyev”, “Leyla”, “Akademik Həsən Əliyev”, “Qara gilə”, “Abşeron simfoniyası” və “Şərqin səhəri” bağ qızılgülləri üçün Patent və Müəlliflik Şəhadətnamələri alınmışdır.
Azərbaycan Respublikasının işgaldan azad edilmiş ərtazilərin florasının təbii ehtiyatlarının təyin edilməsi, biomüxtəlifliyinin bərpasını təmin etmək məqsədilə Mərkəzi Nəbatat Bağında həmin regionlar üçün xarakterik olan və işğaldan əvvəl həmin ərazilərdən gətirilərək introduksiya edilən nadir və nəsli kəsilmək təhlükəsində altında olan taksonlardan ibarət kolleksiya yaradılmışdır.
Mərkəzi Nəbatat Bağının baş direktoru Natiq Allahverdiyev və icraçı direkturu, biologiya elmləri doktoru Həsən Babayev Biologiya və Tibb Elmləri Bölməsinin təşkilatçılığı ilə Tərtər rayonunun Şıxarx qəsəbəsində keçirilən Tarla seminarında iştirak etmişdir. B.e.d., prof. Elman İsgəndər Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq əmri ilə “İşğaldan azad edilmiş ərazilərdə bioloji müxtəlifliyin monitorinqinin aparılması” işçi qrupunun tərkibində Zəngilan rayonundakı Bəsitçay Dövlət Təbiət Qoruğuna ezam edilmişdir.
AMEA-nın elmi-tədqiqat müəssisələri ilə təhsil sisteminə daxil olan müəssisələr arasında inteqrasiyanın müasir dövrün tələblərinə uyğun inkişafını təşkil etmək məqsədilə Mərkəzi Nəbatat Bağında AMEA-nın elmi-tədqiqat müəssisələri və Azərbaycanın bir sıra ali təhsil müəssisələrinın tələbələri ilə tədris-yaradıclılq məşğələləri və maarifləndirici tədbirlər keçirilmişdir
Rusiya Elmlər Akademiyasının Tsitsin adına Baş Botanika Bağının “Dekorativ bitkilər” şöbəsi ilə Mərkəzi Nəbatat Bağının “Dekorativ bitkilərin introduksiyası və seleksiyası” laboratoriyası arasında Rosa L. cinsindən olan müxtəlif qızılgül sortlarının əkin materiallarının mübadiləsi aparılır.
Azərbaycan Respublikasının Energetika Nazirliyinin Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti ilə imzaladığı İcra Müqaviləsinə uyğun olaraq Abşeron və Xızı rayonlarının bitki örtüyünün monitorinqi layihəsi üzrə işlər yekunlaşmışdır. Ərazidə yayılmış bitkilər təyin olunmuş, nadir və nəsli kəsilməkdə olan bitkilər və onların kateqoriya və statusu müəyyənləşdirilmişdir.
“Azərbaycan Milli Elmlər Akademiyasının 2020-2025-ci illər üçün inkişaf proqramı”nda nəzərdə tutulmuş tədbirlərin icrası ilə əlaqədar Mərkəzi Nəbatat Bağında Dövlət və AMEA-nın Rəyasət Heyətinin müəyyən etdiyi prioritet istiqamətlərə uyğun elmi-tədqiqat işləri həyata keçirilməkdədir; struktur islahatların aparılması və idarəetmənin təkmilləşdirilməsi ilə bağlı ilkin layihə hazırlanmış və Bağın Elmi şurasının müzakirəsinə təqdim olunmuşdur; Mərkəzi Nəbatat Bağının mövcud kadrlarının attestasiyası, onların elmi-təcrübi və Bağın kolleksiya fondunun saxlanılması, zənginləşdirilməsi və becərilməsində fəaliyyətlərinin qiymətləndirilməsi steminin keyfiyyətcə yaxşılaşdırılması istiqamətində işlər aparılmışdir; 2021-ci ildə dərman bitkilərinin becərilməsi üsullarının təkmilləşdirilməsi istiqamətində elmi tədqiqatlar həyata keçirilmişdir.
Bakı Dövlət Universitetinin Botanika kafedrası ilə AMEA-nın Mərkəzi Nəbatat Bağı arasında 5 il müddətində kadr hazırlığı və elmi-tədqiqat sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanmışdır. Mərkəzi Nəbatat Bağında İnşaat-Memarlıq Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Tibb Universiteti, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Azərbaycan Dövlət Mədəniyyət və Rəssamlıq Akademiyası, Azərbaycan Turizm və Menecment Universiteti və digər universitetlərinin yüzlərlə tələbəsi yay istehsalat məşğələləri və tədris, ixtisas, yaradıclılq və pedaqoji təcrübələri keçmişlər.
Batumi Nəbatat Bağı, Qazaxıstanın Manqışlaq Eksperimental Botanika Bağı və Mərkəzi Nəbatat Bağı arasında 5 il müddətində qarşılıqlı əməkdaşlıq çərçivəsində razılaşma memorandumu imzalanmışdır.
Mərkəzi Nəbatat Bağında elektron elm əsasən elmi idarəçiliyin təkmilləşdirilməsinə, AMEA və onun müxtəlif təşkilatları ilə sənəd dövriyyəsinin sürətləndirilməsini təmin etməyə imkan verir. Bağın www.bakubotanicalgarden.az və proceedingscbg.az saytı vasitəsi ilə dünya elm məkanına inteqrasiya edilir.
Hesabat ilində fəlsəfə doktoru hazırlığı üzrə 1 dissertasiya işi müdafiə edilmiş, 1 əməkdaşımız dosent elmi adı almışdır.
Cari ildə Mərkəzi Nəbatat Bağında 137 əməkdaş, o cümlədən 30 nəfər elmi işçi çalışır ki, onlardan 1 nəfəri AMEA-nın müxbir üzvü, 4 nəfəri elmlər doktoru, 16 nəfəri isə biologiya üzrə fəlsəfə doktorudur.
Cari ilin iyun ayında AMEA Geologiya və Geofizika İnstitutu, AMEA Botanika İnstitutu ilə birlikdə Qusar və Xaçmaz rayonlarında bitki örtüyünün morfologiyası üzrə tədqiqatlar aparılmış, bitkilər toplanaraq herbariləşdirilmiş, bir neçə bitki növü Mərkəzi Nəbatat Bağına introduksiya edilmişdir. Tədqiqat torpaqda olan radiasiyanın bitki örtüyünə təsirini öyrənir. Tədqiqat üzrə çöl və laboratoriya işləri davam etdirilir. Bundan əlavə Mərkəzi Nəbatat Bağının əməkdaşları respublikamızın Şamaxı, Şabran, Göyçay bölgələrində elmi ezamiyyətdə olmuş, oradan müxtəlif bitkilərin toxum və əkin materiallarını gətirərək Bağın kolleksiyalarını zənginləşdirmişlər.
Əməkdaşlarımız “Alimlər Covid-19-la mübarizədə ön sıralarda” mövzusunda elmi seminarda, Xocalı faciəsi ilə bağlı toplantıda, Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə keçirilən yığıncaqda , “Qarabağın biomüxtəlifliyi, torpaq və su ehtiyyatları: keçmişi bugünü və gələcəyi” mövzusunda konfransda, “Tibb elmləri və innovasiyalar” mövzusunda 4-cü Beynəlxalq Konqresin işində, Qazaxıstanın Almatı və Türkiyənin Muğla şəhərlərində Avro-Asiya biomüxtəlifliyi üzrə 5-ci beynəlxalq simpoziumda, Türkiyənin Ankara şəhərində keçirilən III Beynəlxalq Ankara multidissiplinar tədqiqatlar konfransında, Türkiyənin Antalya şəhərində keçirilən “Baytarlıq, aqrar və həyat elmləri” üzrə Beynəlxalq Konfransda, “Aqrar təsərrüfatların inkişafının yeni istiqamətləri və ətraf mühitin mühafizəsi” mövzusunda respublika elmi konfransında onlayn və oflayn iştirak etmişlər.
Mərkəzi Nəbatat Bağında Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Ramiz Mehtiyevin tapşırığına əsasən genişmiqyaslı abadlıq-quruculuq işlərinə start verilmiş və hal-hazırda bu işlərinin ilkin mərhələsi başa çatmışdır. Bağın alimlərindən ibarət yaradılmış komissiyanın birgə rəyi əsasında təcrübə sahələrində yeni dekorativ dərman, efiryağlı və digər bitki nümunələrinin, həmçinin meyvə ağaclarının 10 000-dən çox növünün əkini mərhələlərlə həyata keçirilmişdir. Bağda aqrotexniki tədbirlər tətbiq olunmuş, su, kanalizasiya sistemi yenilənmiş, su hovuzlarının təmizlənilməsi və təmiri başa çatmışdır. Ekskursiyaya açıq sahələrin yolboyu hissələrinin abadlaşdırılması məqsədilə beton döşəmə plitələrinin salınması prosesi artıq yekunlaşmışdır. Bağın 1-ci sahəsində yeni işıq dirəkləri quraşdırılmış və müasir tələblərə cavab verən led lampaları ilə təhciz edilmişdir.
Cari ilin noyabr ayının 17-də AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev Mərkəzi Nəbatat Bağında həyata keçirilən abadlıq-quruculuq işləri ilə tanış olmuş, bu işləri yüksək qiymətləndirərək öz tapşırıq və tövsiyələrini vermişdir.
“Bakı xəbər.com”, ARB, “Elm TV”, CBC, Xəzər TV, Space TV, ATV, İnterAZ televiziya kanallarında Mərkəzi Nəbatat Bağında növmüxtəlifliyin qorunub saxlanması, zənginləşdirilməsi, işğaldan azad olunmuş ərazilərdə floraya dəymiş ziyanın müəyyənləşdirilməsi və bərpası mövzularında elmi, maarifləndirici müsahibələr, Mərkəzi Nəbatat Bağında aparılan bərpa və yenidərqurma işləri ilə əlaqədar məlumatlar verilmişdir.
AMEA Mərkəzi Nəbatat Bağı müxtəlif sosial layihələrə dəstək işini uğurla davam etdirir. Belə ki, ƏMANƏT - Şəhid və Qazi Övladlarının Fərdi İnkişafına Dəstək Layihəsinin 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə təşkil etdiyi tədbirin bir hissəsi Nəbatat Bağında baş tutmuş, tədbirdə, ümumilikdə 40-a yaxın Şəhid və Qazi xanımları və övladları iştirak etmişdir.
27–sentyabr “Anım günü” ilə əlaqədar AMEA Mərkəzi Nəbatat Bağında “Qarabağın florası və bitki örtüyü”nə həs olunmuş açıq qapı günü keçirilmişdir.
Mərkəzi Nəbatat Bağında Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin 60 illik yubileyi münasibəti ilə 60 ədəd Şərq çinarından ibarət “Prezident Çinarlığı” salınmışdır. Ağacəkmə aksiyasında AMEA-nın Prezidenti, akademik Ramiz Mehdiyev, AMEA-nın vitse-prezidentri, akademik İradə Hüseynova, AMEA aparatının üzvləri, Biologiya və Tibb Elmləri Bölməsinin elmi müəssisələrinin rəhbərləri, Mərkəzi Nəbatat Bağının əməkdaşları, eləcə də KİV nümayəndələri iştirak etmişlər.
Natiq Allahverdiyev,
AMEA Mərkəzi Nəbatat Bağının
baş direktoru