azia.az
azia.az

Qışqırıqla idarəetmə – Məmur etikasının son həddi

Bu gün, 15:46


Qışqırıqla idarəetmə – Məmur etikasının son həddi
Bakı şəhər İcra Hakimiyyətinin Təftiş və Nəzarət şöbəsinin müdiri Zülfəli İsmayılovun vətəndaşa qarşı nümayiş etdirdiyi kobud davranış, yayılan videoda açıq-aşkar görünür. Kadrlar göstərir ki, dövlət məmuru vətəndaşla nəzakətsiz, aqressiv və alçaldıcı tonda danışır, onu təhqir edir və əsəbi şəkildə üzərinə qışqırır. Bu görüntülər cəmiyyətdə haqlı olaraq qəzəb doğurub.

Videonu izləmək üçün linkə toxunun: https://www.tiktok.com/@dogruxeber.tv/video/7561879110419533064?is_from_webapp=1&sender_device=pc

Əgər bir dövlət məmuru, xüsusilə də nəzarət funksiyasını daşıyan şəxs bu cür davranırsa, deməli, sistem daxilində intizam, mədəniyyət və vətəndaşa hörmət anlayışından danışmaq artıq çətindir. Dövlət məmurunun borcu xidmətdir, vəzifə kreslosu arxasında özünü “hakim” kimi aparmaq deyil. Bu davranış nə qanunlara, nə dövlət qulluqçusunun etik davranış kodeksinə, nə də cəmiyyətin mənəvi dəyərlərinə sığır.

Hər kəs bilməlidir ki, vətəndaş qarşısında qışqıran, onu alçaldan, dövlət adına yaraşmayan şəkildə davranan şəxs dövlətə xidmət etmir – o, dövlətin nüfuzuna zərbə vurur. Bu cür məmurların davranışı dövlətə inamı sarsıdır, vətəndaş-məmur münasibətlərində uçurum yaradır.

Bu, təkcə bir şəxsin kobudluğu deyil – bu, sistemin içindəki məsuliyyətsizliyin, nəzarətsizliyin və cəzasızlığın nəticəsidir. Əgər bir məmur özünü bu qədər sərbəst hiss edirsə, deməli, ya arxasında kiminsə dayandığına inanır, ya da bu cür halların nəticəsiz qalacağını bilir.

"DoğruXeber.tv" olaraq hesab edirik ki, bu hadisə dərhal araşdırılmalı, Bakı şəhər İcra Hakimiyyətinin rəhbərliyi tərəfindən prinsipial mövqe ortaya qoyulmalıdır. Dövlətin adına, məmur adının şərəfinə hörmət qoymaq istəyiriksə, bu cür şəxslərə qarşı konkret tədbirlər görülməlidir.

Vətəndaş dövlətin təməlidir. Ona qışqırmaq, onu təhqir etmək, “hakimiyyət nümayəndəsi” kimi özünü aparmaq dövlət idarəçiliyi deyil – özbaşınalıqdır. Bu özbaşınalığa göz yumulduqca, sistemin içindən hörmət və etibar yox olacaq.

Bu hadisə bir siqnal olmalıdır – dövlət məmuru öz davranışına görə məsuliyyət daşımalıdır. Vəzifə kreslosu kiminsə şəxsi mülkü deyil. Hər məmur anlamalıdır ki, vətəndaş qarşısında qışqırmaq, onu təhqir etmək, artıq sadəcə etik pozuntu yox, dövlətin nüfuzuna yönəlmiş təxribat sayılır.

"DoğruXeber.tv" olaraq məsələni diqqətdə saxlayırıq və rəsmi qurumlardan bu görüntülərlə bağlı açıqlama gözləyirik. Dövlət adına ləkə gətirən belə davranışlar cəzasız qalmamalıdır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi