azia.az
azia.az

AMEA Mərkəzi Nəbatat Bağının 2021-ci il üzrə fəaliyyətinin hesabatı dinlənilib

21-12-2021, 17:54

AMEA Mərkəzi Nəbatat Bağının 2021-ci il üzrə fəaliyyətinin hesabatı dinlənilib
AMEA Mərkəzi Nəbatat Bağının 2021-ci il üzrə fəaliyyətinin hesabatı dinlənilib
20 dekabr 2021-ci il tarixində AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin (BTEB) Elmi şurasının və Mərkəzi Nəbatat Bağının (MNB) Elmi şurasının birgə iclası keçirilib.
İclasda Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Nəbatat Bağının 2021-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyətinin hesabatı dinlənilib.
Tədbirdə AMEA-nın vitse prezidenti, Biologiya və Tibb Elmləri Bölməsinin sədri, akademik İradə Hüseynova, BTEB-nin Elmi şurasının üzvü Afiq Məmmədov, Mərkəzi Nəbatat Bağının baş direktoru Natiq Allahverdiyev, icraçı direktoru Həsən Babayev, Botanika İnstitutunun baş direktoru Səyyarə İbadullayeva, Mikrobiologiya İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Pənah Muradov, Zoologiya İntititunun direktoru vəzifəsini icra edən, a.e.ü.f.d. Ələddin Eyvazov, Mərkəzi Nəbatat Bağının Elmi şurasının üzvləri və digərləri iştirak edib.
Tədbiri giriş sözü ilə açan Akademik İradə Hüseynova AMEA-da aparılan struktur islahatları haqqında məlumat verərək bildirib ki, cari ildə Mərkəzi Nəbatat Bağında baş direktor və icraçı direktor vəzifələrinə təyinatlar olub, strukturda dəyişikliklər edilib.AMEA Mərkəzi Nəbatat Bağının 2021-ci il üzrə fəaliyyətinin hesabatı dinlənilib
Sonra hesabatı təqdim etmək üçün sözü Mərkəzi Nəbatat Bağının icraçı direktoru, biologiya elmləri doktoru Həsən Babayevə verilib.
Həsən Babayev geniş təqdimatla çıxış edərək bildirdi ki, 2021-ci ildə Mərkəzi Nəbatat Bağında elmi-tədqiqatlar “Biomüxtəlifliyin, torpaq və su ehtiyatlarının müasir yanaşmalarla tədqiqi, bərpası, mühafizəsi, səmərəli istifadəsi, elektron məlumat bazaları və xəritələrinin yaradılması” istiqamətində aparılır. Bağın bütün elmi strukturları “Mərkəzi Nəbatat Bağının kolleksiya fondunun mühafizəsi və kompleks tədqiqi” problemi üzrə elmi-tədqiqat işlərini yerinə yetirir. Bu problem üzrə cari ildə 5 mövzunu əhatə edən 11 iş və 21 mərhələdə tədqiqat işləri davam edir. 2021-ci ildə Mərkəzi Nəbatat Bağının alimləri tərəfindən 2 monoqrafiya, 1 kitab, yerli mətbuatda 9 məqalə və 8 tezis, xarici mətbuatda 13 məqalə (onlardan 7 məqalə İmpakt faktorlu jurnallarda) və 4 tezis, “Mərkəzi Nəbatat Bağının elmi əsərləri” jurnalının XVIII cildinın 2-ci nömrəsi çapa verilmiş, elmi işçilərin əsərlərinə 9 istinad edilmişdir.Fəlsəfə doktoru hazırlığı üzrə 1 dissertasiya işi müdafiə edilmiş, 1 əməkdaşımız dosent elmi adı almışdır.
Həmçinin H. Babayev çıxışında Mərkəzi Nəbatat Bağında Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Ramiz Mehdiyevin tapşırığına əsasən genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində sahələr təmizlənməsi, bellənməsi, Bağın alimlərindən ibarət yaradılmış komissiyanın birgə rəyi əsasında təcrübə sahələrində yeni bəzək, dərman, efiryağlı və digər bitki nümunələrinin mərhələlərlə əkininə start verilməsi, yol infrastrukturunu yeniləmək məqsədilə döşəmə plitələrinin salınması, yeni elektrik, su və kanalizasiya xətlərinin çəkilməsi, su hovuzlarının təmizlənməsi işləri barədə məlumat verdi. Cari ilin noyabr ayının 17-də AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev Mərkəzi Nəbatat Bağında həyata keçirilən abadlıq-quruculuq işləri ilə tanış olmuş, bu işləri yüksək qiymətləndirərək öz tapşırıq və tövsiyələrini vermişdir.
Hesabat ətrafında geniş müzakirələr aparılıb, məruzəçi BTEB-in və institutun Elmi şurasının üzvlərini maraqlandıran sualları cavablandırıb.
Sonda çıxış edən akademik İradə Hüseynova Bağın fəaliyyətini müsbət qiymətləndirərək, növbəti illərdə ölkədaxili və beynəlxalq əməkdaşlığın daha da inkişaf etdirilməsini tövsiyə edib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi