Fuad Nağıyev hara yoxa çıxıb - Onun Ramiz Mehdiyevlə nə əlaqəsi var?
Dövlət Turizm Agentliyi yaratmaqda məqsəd mədəniyyət və turizm sahəsində dövlət idarəçiliyini təkmilləşdirməkdir. Agentlik turizm sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasına, fiziki və hüquqi şəxslər arasında, dövlət orqanları, beynəlxalq və qeyri-hökumət təşkilatları arasında koordinasiyaya cavabdehdir.
Bu təşkilatın turizm sahəsinə dair bir sıra başqa öhdəliyi də var. Görəsən Turizm Agentliyi həqiqətən öhdəlikləri yerinə yetirə bilirmi?
Ataların bir misalı var: “balıq başdan iylənər.” Bu ilin mart ayının 4-də dövlət başçısı agentliyin sədri Fuad Hümbət oğlu Nağıyevə işində yol verdiyi nöqsanlara görə şiddətli töhmət elan etdi. Elə həmin gün Dövlət Turizm Agentliyi Aparatının əməkdaşı Nicat Hüseynov Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən şübhəli şəxs kimi tutulub və məhkəmə tərəfindən barəsində həbs qətimkan tədbiri seçilib.
Qeyd edim ki, Hesablama Palatasının bu qurumda apardığı və 2021-2024-cü illəri əhatə edən audit yoxlamasında Faiq Nağıyevin rəhbərlik etdiyi agentlikdə 18,5 milyon manatlıq maliyyə pozuntusuna yol verildiyi üzə çıxıb. Mediada yayılmış məlumata əsasən Fuad Nağıyev Dövlət Turizm Agentliyində aparılan xidməti yazışmaların sızdırılmasına görə şiddətli töhmət alıb.
Bildirilir ki, bu agentlik Azərbaycana qarşı düşmən mövqedə olan “Transparency International” təşkilatında işləmiş və ya bu təşkilatla əməkdaşlıq edən şəxslərin yuvasına çevrilib. Dövlət Turizm Agentliyi sədrinin ətrafı davamlı olaraq xidməti məlumatları müxtəlif təşkilatlara, ayrı-ayrı şəxslərə ötürüblər. Hətta dövlət orqanları arasında daxili yazışmaları da xarici ölkələrin Azərbaycandakı səfirliklərinə ötürüblər.
Fuad Nağıyevin qayınanası Rəna Səfərəliyeva uzun illər “Transparency International” təşkilatı ilə əməkdaşlıq edib. O, bu qurumun Azərbaycandakı nümayəndəsi olub. Vaxtilə bu təşkilatda onun yetişdirdiyi bəzi şəxslər indi Dövlət Turizm Agentliyində işləyirlər. Rəna Səfərəliyeva hamının yaxşı tanıdığı, uzun müddət Xarici Dillər İnstitutunun (indiki Dillər Universiteti) rektoru olmuş Zemfira Verdiyevanın qızıdır.
Sonda Fuad Nağıyev haqqında bir faktı da bildirim. O, vaxtilə mədəniyyət və turizm naziri işləmiş, “boz kardinal” Ramiz Mehdiyevin qruplaşmasının əsas üzvlərindən biri olan Əbülfəs Qarayevin köməkçisi olub.
Sima Babayeva