İmamoğlunu kim prezident etmək istəyir?
Türkiyədə növbəti seçkilərin erkən, yoxsa vaxtında (2023-cü ilin iyunu) keçiriləcəyi hələ məlum deyil, amma seçki kampaniyasının qeyri-rəsmi olaraq başladığını söyləmək mümkündür. Bunun əlamətləri artıq görünür: hakimiyyət də, müxalifət də seçici dəstəyi qazanmağa və rəqibini “zəif yerlərindən vurmağa” yönəlmiş ardıcıl gedişlər etməkdədir.
Sosial-iqtisadi çətinliklər, işsizlik, qiymət artımları, türk lirəsinin ucuzlaşması və ümumilikdə əhalinin yoxsullaşması 20 ildir Türkiyə siyasətinin dominant aktoru olan Rəcəb Tayyib Ərdoğanın uğur hekayəsini zədələyib. Əsasən bu səbəblərdən 2021-ci ilin 11 ayı müxalifətin psixoloji üstünlüyü şəraitində keçdi, gündəmi onlar diktə etdi. Xüsusən dekabrın ilk yarısında valyuta bazarındakı çaxnaşma, TL-nin fasiləsiz rejimdə devalvasiyası ölkədə iqtisadi böhranla paralel, idarəetmə böhranının da yaşandığı təəssüratını yaratmağa başlamışdı. Vəziyyət o həddə çatmışdı ki, sahibkarlar hədsiz məzənnə volatilliyi nəticəsində məhsullarına qiymət də qoya bilmirdilər. Belə təsəvvür yaranırdı ki, güclü avtokratik idarəetmə vertikalında problemlər yaranıb və ipin ucu sanki qaçır. Amma ayın axırına yaxın prezident Ərdoğan iki mühüm həmlə edib, müxalifət sıralarında çaşqınlıq yaratmaqla, göstərdi ki, onun siyasi ölümü barədə söz-söhbətlər hələ ki şişirdilmiş fikirlərdir.
Əvvəlcə minimum əməkhaqqı 50 faiz artırılaraq 2800 lirədən 4250 lirəyə qaldırıldı. Bu, nominal olaraq çox yüksək artımdır. İkinci qərarın prezident tərəfindən açıqlandığı dəqiqələrdə isə həmin axşam (20 dekabr) 18 lirəyə qədər yüksəlmiş ABŞ dollarının məzənnəsi bir anda 11 lirəyə endi. Doğrudur, iki gün sonra məlum oldu ki, TL-nin itirdiyi mövqeləri geri qaytarmağa başlaması valyuta intervensiyası nəticəsində baş verib, belə ki, prezident danışarkən dövlət bankları və Mərkəzi Bank bazara külli miqdarda (müxalifətin dediyinə görə 19,1 milyard) dollar çıxarmağa başlayıblar. Yeni qərara əsasən TL ilə olan bank əmanətləri ABŞ dollarına (həmçinin, avroya və sterlinqə) indekslənib, bundan sonra əmanətçilərin məzənnə dəyişikliyindən yaranacaq itkilərini dövlət kompensasiya edəcək. Bu mühüm qərar ona yönəlib ki, əhali TL hesablarını dollara çevirməsin, bazarda ajiotaj dayansın, lirə stabilləşsin və insanlar yastıq altında saxladıqları dollarları da lirəyə dəyişməyə həvəslənsinlər. Hər iki qərarın nə dərəcədə yararlı olacağı və iqtidara siyasi xal qazandırıb-qazandırmayacağı başqa mövzudur (qənaətimcə, bunların effekti qısamüddətli olacaq), hökumətin son həftələr apardığı “lirənin düşməsində özümüz maraqlıyıq, bu, ixrac gəlirlərimizi artıracaq, nəticədə xarici ticarət kəsirimiz bağlanacaq, yeni iş yerləri yaranacaq, Çin modelinə keçirik, əziz vətəndaşlar!” təbliğatı da bu qərarla boşa çıxmış oldu. Lakin fakt budur ki, R.T.Ərdoğan özünün “prime” dönəmini xatırladırcasına yenidən gündəmi diktə etməyə başlayaraq müxaliflərini reaksioner mövqeyə çəkilməyə vadar edə bilmişdi.
Müxalifətin ani çaşqınlığı üzərindən atmağa çalışaraq cavab həmlələrini düşündüyü bir məqamda isə gündəmi yenə dövlət başçısı özü dəyişdi və İstanbul böyük şəhər bələdiyyəsinin başqanı Əkrəm İmamoğlu ilə bağlı mövzu ilk sıraya yüksəldi. Prezident Ərdoğan bildirdi ki, CHP lideri Kılıçdaroğlu qazandıqları bələdiyyələrdə bir nəfərin belə işdən çıxarılmayacağına söz verdiyi halda, seçkidən sonra təkcə İstanbulda 15 min nəfər işdən çıxarılıb və bir qismi terror təşkilatları ilə əlaqəsi olan 45 min nəfər işə qəbul edilib. Bunun ardınca Daxili İşlər Nazirliyi PKK-çılar başda olmaqla, 557 nəfərin İstanbul bələdiyyəsinin qurumlarında işə götürüldüyü barədə rəsmi açıqlama yaydı.
Ərdoğanın iqtisadi qərarları və bunun nəticəsində lirənin dəyər qazanmasının müzakirə olunduğu bir məqamda İmamoğlu mövzusunun gündəmə gətirilməsi ciddi strateji kommunikasiya xətasıdır. Şübhəsiz ki, ortada ciddi qanunsuzluq və iddia edildiyi kimi, terror təşkilatları üzvlərinin şəhərdə sərbəst gəzib-dolaşması, dövlət orqanında çalışıb, maaş alması faktları varsa, buna qarşı hər zaman tədbir görülməlidir. Lakin bu məsələlərdə mövcud Türkiyə hökumətinin inandırıcılıq problemi var. Türkiyə siyasətini izləyənlər bilir, siyasi rəqiblərə yönəlik “terrorçularla əməkdaşlıq”, “terror təşkilatlarına xidmət etmək”, FETÖ-cü, PKK-çı, DHKP-C-çi ittihamları o qədər ucuzlaşıb ki, artıq həqiqət olsa belə, buna kimsə inanmır. Hələ üstəlik, söhbət müxalifətin əlindəki ən böyük bələdiyyədən və onun ulduzu son iki ildə parlamağa başlayan rəhbərindən gedirsə, burada siyasi motiv axtarmamaq ümumiyyətlə, əşyanın təbiətinə zidd olardı. Səslənən iddialara (hələ ki rəsmi ittiham deyil) nəzər yetirdikdə, hətta doğru olsa belə, bunun əsasında bələdiyyə başqanını ittiham etməyin nə qədər haqlı, nə dərəcədə hüquqa uyğun olduğuna dair ən azından şübhələr yaranır. İstanbul bələdiyyəsində terrorçuların çalışdığı barədə iddianı ilk dəfə 9 dekabrda daxili işlər naziri Süleyman Soylu Böyük Millət Məclisindəki büdcə müzakirələrində dilə gətirmişdi. Bu iddia prezident və DİN tərəfindən dekabrın 26-da təkrarlandı. Sual yaranır: əgər həqiqətən bələdiyyədə bu qədər terrorçu varsa, DİN niyə bu barədə məlumat əldə edən kimi (9 dekabrdan əvvəl) tədbir görməyib? Eləcə də, S.Soylunun TBMM-dəki bəyanatından keçən 17 gündə polis və ya prokurorluq nə üçün hərəkətə keçməyib? Digər tərəfdən, məlumdur ki, Türkiyədə vətəndaşlar dövlət və ya özəl sektorda işə qəbul olunarkən onlardan başqa sənədlərlə bərabər “adli sicil kaydı” (barəsində məhkumluq, şərti cəza, cərimə, hər hansı hüquqdan məhrum edilmə kimi hallarla bağlı məhkəmə qərarının olub-olmamasına dair ədliyyə orqanlarının arayışı) tələb edilir. İstanbul bələdiyyəsində işə götürülənlər də ədliyyə orqanından “təmiz” olduqlarına dair rəsmi kağız alıblar. Bələdiyyə vətəndaşdan başqa hansı sənəd və ya məlumat tələb edə bilər ki?
Əlbəttə, istisna deyil ki, kimlərinsə hansısa terror təşkilatları ilə gizli əlaqələri var, lakin 86 min işçisi olan bələdiyyənin bunu araşdırıb, öyrənməsi mümkün deyil. Bu cür məlumatlar yalnız əmniyyət təşkilatında, xüsusi xidmət orqanlarında olur, onlar belə bir informasiya əldə edən kimi, hərəkətə keçib, həmin şəxsləri sorğuya almalı idilər. Bunlar hələ ki edilməyib. Nazir Soylunun parlamentdəki çıxışından dərhal sonra İmamoğlu ona məktub göndərərək terrorçu olduğu iddia edilən şəxslərin siyahısını istəsə də, bu məktuba da cavab verilməyib. Bu kimi səbəblərdən “İmamoğlu terror təşkilatları ilə əməkdaşlıq edir” fikrinin aşılanması Türkiyə ictimai rəyində ciddi qəbul olunmur.
İstanbulda 2019-cu ilin bələdiyyə seçkiləri zamanı 31 mart – 23 iyun aralığında baş verənlər hələ zehinlərdə təzədir. Məlum olduğu kimi, CHP və İyi Partidən ibarət Millət İttifaqının namizədi olan Ə.İmamoğlu Ədalət və İnkişaf Partiyasının (AKP) 2-ci siması, o dönəm Böyük Millət Məclisinin sədri olan Binəli Yıldırımı 14 min səs fərqi ilə məğlub etmişdi, lakin prezident Ərdoğan “10 milyondan çox seçicisi olan İstanbulda 13-14 min səslə seçkini qazandım havasına girməyə kimsənin haqqı yoxdur” deyə qanunla əlaqəsi olmayan qəribə bir məntiq irəli sürərək nəticələri qəbul etmədi, hakim partiya isə səsvermənin gedişində kütləvi əliəyrilik və qanun pozuntularına yol verildiyi barədə böyük ictimai kampaniyaya start verdi. Guya FETÖ-cü komissiya üzvləri hansısa məntəqələrdə saxtakarlıq etmişdilər, şəhərin Büyükçekmece rayonunda 11 min vətəndaşın qanunsuz qeydiyyata düşərək müxalifətə səs verdiyi iddia olunurdu. Polis və prokurorluq bu iddialarla bağlı araşdırmalara başladı. Bir çox məntəqədə səslər yenidən sayıldı, nəticə dəyişmədikcə, AKP yeni-yeni məntəqələrdə təkrar səssayma barədə məsələ qaldırırdı. Bütün bunların nəticəsində ali seçki qurumu (YSK) İstanbul bələdiyyə başqanlığı seçkilərinin nəticələrini ləğv etdi. Türkiyənin demokratiyaya keçidinin başlanğıcı sayılan 1950-ci il seçkilərindən bəri ilk dəfə idi ki, siyasi iqtidarın basqısı ilə ali seçki qurumu bu cür böyük miqyaslı seçkinin nəticəsini ləğv edirdi. 23 iyuna təyin olunan təkrar seçki ərəfəsində Ərdoğanın İstanbula gələrək şəxsən kampaniya aparmasına baxmayaraq, İmamoğlu bu dəfə hər hansı mübahisəyə yer buraxmayacaq şəkildə 806 min səs fərqi ilə zəfər qazandı.
Xalqın ortaya atılan iddialara, aparılan qara PR kampaniyasına güvən duymaması və İmamoğlunun haqsızlığa məruz qaldığı, Türkiyə türkcəsi ilə desək, mağdur edildiyi barədə ictimai rəyin formalaşmasının seçkinin nəticəsinə mühüm təsiri oldu. Zatən seçki qanunsuzluqları və Binəli Yıldırımın səslərinin oğurlandığı barədə hakim partiyanın iddialarının heç biri rəsmi təsdiqini tapmadı, prokurorluq orqanları cinayət işləri açmaq üçün hər hansı ip ucu əldə edə bilmədilər. AKP liderinin müavini Əli İhsan Yavuzun o günlərdə söylədiyi “Heç bir şey olmasa belə, kəsinliklə bir şeylər oldu” cümləsi Türkiyə siyasətinin komik anlarından biri kimi yadda qaldı…
Türkiyə toplumunda haqsızlığa məruz qalan, dövlət gücü ilə əzilən siyasətçiyə hər zaman rəğbət olub, elə Ərdoğanın İstanbul bələdiyyə başqanı olduğu dövrdə, 1998-ci ildə şeir oxuduğuna görə 10 ay həbsə məhkum edilməsi faktını xatırlatmaq yerinə düşər, bu olay “Rəis”in siyasi yüksəlişində az rol oynamayıb. Yaxşı, bəs, bu yollarda saysız-hesabsız “ayaqqabı köhnəltmiş” Ərdoğan kimi təcrübəli siyasət adamı bunu bildiyi halda, niyə İmamoğlunu hədəf alır? Üstəlik, elə bir dönəmdə ki, İmamoğlunun adı müxalifətin prezidentliyə potensial vahid namizədlərindən biri qismində hallanır, hətta rəy sorğuları onun Ərdoğan qarşısında ciddi şansa malik olduğunu göstərir. Belə bir dövrdə İstanbul bələdiyyə başqanına qarşı irəli sürülən bu tip suçlamalara kim etimad edər? Bəzən istər-istəməz belə bir konspirologiya ağıla gəlir ki, bəlkə dövlətin dərinliklərində hansısa qrup Ərdoğanı bu şəkildə yönləndirməklə İmamoğlunun yüksəlişinə yol açır? Amma bilinən həqiqət bundan ibarətdir ki, bəzən Ərdoğanın şəxsi hiss və duyğuları rasional düşüncə və hesablamalara güc gəlir, əlində cəmləşdirdiyi hüdudsuz dövlət gücü də onun əvvəllər olduğu kimi, soyuq başla siyasət mühəndisliyi ilə məşğul olmasına əngəl törədir. Uzağa getmədən yenə 2019-cu ildə baş verənləri misal kimi xatırladaq – gördüyümüz kimi, bu seçkinin nəticələri Türkiyə siyasətinə ciddi təsir göstərməkdə davam edir – o zaman hakimiyyətə yaxın bəzi jurnalist-yazarlar da 31 mart seçkisinin ləğvinin yanlış olduğunu və bunun müxalifətin işinə yarayacağını söyləyirdilər, amma prezident onları dinləmədi, “İstanbul kimi bir şəhəri CHP-yə vermək olmaz” duyğusu üstün gəldi. Nəticə məlumdur.
İndi “bələdiyyədəki terrorçular” hekayəsi əsasında İmamoğlunun hüquqi təqibə məruz qalması, vəzifəsindən kənarlaşdırılması baş verərsə, onda Ərdoğanın bir vaxtlar söylədiyi “İstanbulu qazanan Türkiyəni də qazanar” sözünün gerçəkləşmə ehtimalının xeyli yüksələcəyini deyə bilərik. Yox, iqtidar bu iddiaları rəsmi ittihama çevirmədən yarı yolda dayanarsa, bu da müxalifətin dəyirmanına su tökmək anlamına gələn növbəti taktiki yanlışlıq olacaq. (Hələlik görünən budur ki, hökumət bələdiyyə başqanının işdən uzaqlaşdırılması, yerinə qəyyum təyin olunması kimi variantların onun – yəni İmamoğlunun lehinə işləyəcəyini anlayır.)
Əkrəm İmamoğlunun məsələyə reaksiyasına gəldikdə isə qeyd etməliyik ki, o, atılan bu cür “pas”ları məmnuniyyətlə qəbul edib, rəqibin qapısına yönəltməkdə gecikmir. Yeri gəlmişkən, Ərdoğan kimi, İmamoğlu da futbolçu olub (bir müddət də “Trabzonspor”un rəhbərliyində fəaliyyət göstərib), bu da onların həyat yolundakı bənzər detallardan biridir.
2022-ci ildə Türkiyə siyasətinin hərarəti daha da yüksələcək.