Müdafiə Nazirliyi Əkrəm İmamoğlunun Atatürkün mavzoleyində imzaladığı dəftəri götürdü
Ötən həftənin bazar günü keçirilmiş bələdiyyə seçkilərindən sonra daxili siyasətində sakitliyin pozulduğu Türkiyədə daha bir siyasi qalmaqal yaşanıb. Bu dəfə də əsas “rollarda” iqtidarda olan AKP ilə müxalifətçi CHP-nin rəhbər şəxsləridir. Virtualaz.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, bələdiyyə seçkilərinin qeyri-rəsmi nəticələrinə görə, İstanbul böyük şəhər bələdiyyəsinin sədri seçilmiş CHP üzvü Əkrəm İmamoğlu Ankarada Atatürkün məzarını ziyarət edərək, mavzoleyin xatirə dəftərinə ürək sözlərini yazıb. Qeydini İmamoğlu “İstanbul böyük şəhər bələdiyyəsinin sədri” olaraq imzalayıb.Bu jest hazırda İstanbulda seçkilərin nəticələrinə etiraz etmiş və bir çox rayonlarda onların yenidən sayılmasına nail olmuş AKP təmsilçilərinin sərt etirazına səbəb olub. Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan baş verənlərlə bağlı deyib: “Anıt qəbirdə baş vermiş hadisədə baxırsınız ki, İstanbuldan bəyəfəndi gedir. Sən mandatını almısanmı? Almamısan. Mandatını almadığın halda, Anıt qəbirdə protokol nəyi tələb edir, bundan da xəbərin yoxdur. Orada bunu müşayiət edənlər də səhv ediblər, dəftəri necə yazmalı olduqlarını da bilmirlər. Belə bir şey yazmağa haqqın da yoxdur. Bələdiyyə sədri mandatını al, buyur. O vaxt rahat et. Buna heç kim mane ola bilməz. Amma bu elədiyi protokol baxımından səhvdir.Mandatını almadığı halda belə bir iş gördü və nə oldu? Milli Müdafiə Nazirliyi dəftəri oradan götürdü”.Əkrəm İmamoğlu dövlət başçısının bu şərhini cavabsız qoymayıb. O bildirib:“Anıt qəbirdəki dəftəri götürüblərsə, bir də gedərəm, bir də imzalayaram. Fürsət tapdıqca Anıt qəbirə gedəcəyəm, yenə gedərik, yazarıq. Bizim üçün problem olmaz. O ki qaldı qaydalara bu cür həssaslıqlarına, İstanbulda tətbiq olunan qaydalara aid bir şərh vermirlər, nəzər yetirmirlər. Hələ də heyrətlə qarşılayıram. İstanbulda mövcud olan şəraitin ən böyük səbəbkarı seçki gecəsi verilən “qazandıq” açıqlamasıdır”.