Fransalı nazirin iş təklif etdiyi bakılı qadın - Adilə Əliyeva kimdir?
Adilə Əliyeva Fransada yaşayan azərbaycanlı pianoçudur. O, Bakıda anadan olub. Atası azərbaycanlı, anası rus əsillidir. Anası Çar Rusiyanın aristokrat zümrəsindən olan qraf Konstantin Nikolayeviç Xudyakovun qızı olub. Həkim olan babası 1917-ci il bolşevik inqilabından sonra Azərbaycana göndərilib. Uzun müddət Qarabağda xidmət edib. Bakıya gəldikdən sonra isə burada müğənni Xurşid Qacarla evlənib.
Adilə Əliyeva onu ilk dəfə musiqi məktəbinə Xurşid xanımın apardığını söyləyir: "Xurşid xanım məni musiqi məktəbinə apardı. Doğru və vicdanlı insan idi, elə qapının ağzındaca direktora dedi ki, əgər onun istedadı yoxdursa, qov! Başqasının yerini tutmamalıdır”.
Bu hadisə baş verəndə Adilə xanımın beş yaşı olub. Anası qrafinya Nina Konstantinovna da biokimyaçı olmasına baxmayaraq, musiqini çox sevib, eləcə də atası. O, valideynlərinin bu yolda ona böyük dəstək olduqlarını deyib.
Uğura aparan addımlar
İlk dəfə pianoda çaldığı əsər altı yaşında bütün SSRİ-də yayımlanan Ümumittifaq radiosunda səsləndirilib. Tamaşaçı qarşısında ilk çıxışı isə yeddi yaşında Leo Qinzburqun dirijorluğu altında olub, Bethovenin ilk fortopiano əsərini səsləndirib.
Bakıda Bülbül adına orta ixtisas musiqi məktəbini bitirdikdən sonra Moskvada Çaykovski adına Dövlət Konservatoriyasına daxil olub, buranı fərqlənmə diploma ilə bitirib və aspiranturaya daxil olub. Moskvadakı musiqi təhsilinin sonunda fortepiano, musiqi nəzəriyyəsi və kompozisiya üzrə qızıl medala layiq görülüb. Eyni zamanda, musiqi üzrə işini müdafiə edib.
Bakıya qayıdış
Musiqçi kimi Moskvada ulduzu parıldamayan Adilə Əliyeva təhsilini bitirdikdən bir müddət sonra Bakıya qayıtmağa məcur olub. Bakıda bir müddət "Azkonsert”də işləyib. 1980-86-cı illərdə Bakının Yasamal rayonunun deputatı olub. Adilə Əliyevanın ilk konsertləri də Bakıda baş tutub. Amma yenidən Moskvaya qayıdıb. Dediyinə görə, dövrün məşhur bəstəkarları Qara Qarayev, Kabalevski, Rodion Şedrin, Kirill Volkov, Flyarkovski peşəkar musiqiyə qayıtmaq üçün onu dilə tutublar.
Rusiyanın paytaxtında Moskva Konservatoriyasından olan professor və solistləri bir araya gətirən "Rusiya ulduzları”nın rəhbəri olub.
1990-cı ildə Moskvadan Fransanın Ansi şəhərinə konsert verməyə gedir. Konsertdəki çıxışı şəhər meri və Fransanın kommunikasiya nazirinə təsir edir. Nazir konsertdən sonra Fransada qalması üçün ona iş təklif edir. Beləliklə, işi ilə əlaqədar İsveçrəyə bir aylıq getməyi düşünsə də, bu, geri qayıdışı olmayan bir yola çevrilir. Otuz ildən çoxdur Fransanın Ansi şəhərində yaşayır.
Özəl bəstələr
Əllidən çox ölkədə konsert verən və müxtəlif proqramlarda çıxış edən Adilə Əliyeva Marsel Landovski, Qara Qarayev, Mariuş Konstant, Loren Petitqrard, Şedrin, Çaykovski, David Bayers kimi dünyaca məşhur bəstəkarların əsərlərini ifadə edib. Lüserndə Beynəlxalq Musiqi Festivalı, Stokholmda Kral Sarayının Musiqi Festivalı, Visbadendə Reynqau Musiqi Festivalı, Belçikada Beynəlxalq Flandriya Festivalı, BBC-nin konsert proqramları və sair daxildir. Eləcə də Vatikan və Hollandiyada konsertlər verib.
"Melodia”, "Cascavelle”, "Gallo-Suisse”, "Emi Classics”, "Disque office”, "ASB classics” kimi məşhur səsyazma studiyalarında 50-yə yaxın CD və DVD-si yazılıb. Buradakı müasir əsərlərin əksəriyyəti onun üçün xüsusi olaraq bəstələnib.
300-dən çox radio və televiziya kanalı onun çıxışlarını yayımlayıb. Eyni zamanda, dünyanın 200-dən çox radio və telekanalda haqqında xüsusi verilişlər və proqramlar hazırlanıb. Bura İngiltərə (BBC), Almaniya ("Deutschland Funk”), Belçika (RTBF, BRT), ABŞ, Hollandiya, Fransa, İsveçrə (DRS, RSI, RSR), İsveç, Norveç, Finlandiya, Danimarka, İrlandiya, keçmiş SSRİ və sair daxildir.
Haqqında çəkilmiş filmlər
Adilə Əliyevaya "Dostluq melodiyaları” adlı sənədli film həsr olunub. Burada Şostakoviçin ikinci konsertini ifa edib. Eləcə də həyatı və musiqi karyerası haqqında "Musiqidə yaşamaq” adlı bir sənədli film çəkilib.
O, bir müddət İsveçrədə də yaşayıb. Həmin dövrdə bir çox konsertlərdə ifa edib və Frank Martin kimi bəstəkarların əsərlərinin səsyazmasında iştirak edib. 2009-cu ildə isə isveçrəli rejissor Joel Yent tərəfindən həyatına dair sənədli film çəkilib və həmin il Biarritz Beynəlxalq Festivalının mükafatı üçün namizəd olub.
Yaradıcılıq fəaliyyətində Moskvada Raxmaninov konsertlərinin ən yaxşı ifaçısı, beynəlxalq VILLA-LOBOS müsabiqəsi və "Cənubi Qafqaz” müsabiqəsinin laureatı olub.
Sevimli bəstəkarları
Cenevrə və Ansidə fortepiano professorudur.
2001-ci ildən Fransa Beynəlxalq Musiqi Akademiyasının direktorudur, eyni zamanda orada pianodan dərs deyir. 1996-cı ildən Fransada hər iki ildən bir adına beynəlxalq müsabiqə keçirilir. Müsabiqə belə adlanır: "Adilə Əliyeva adına pianoçuların beynəlxalq müsabiqəsi”. Hər dəfə 40 ölkədən, eyni zamanda, Azərbaycandan 255-ə yaxın musiqiçi bu müsabiqədə iştirak edir. Qaliblərin ümumi mükafat fondu 26 min avrodur. Bunun bütün xərcini Fransa dövləti ödəyir.
Adilə Əliyeva əsasən Avropa ölkələri və ABŞ-da konsert proqramları ilə çıxış edir. Çıxışlarında daha çox Liszt, Bethoven, Prokofiyev, Raxmaninov və başqa bəstəkaların əsərlərinə üstünlük verir. O, azərbaycanlı bəstəkarlardan Qara Qarayev, Cövdət Hacıyev, Vaqif Mustafazadə, Tofiq Quliyev, Oqtay Rəcəbov, Arif Məlikov un ds əsərlərin ifa edir.
Dünyaca məşhur musiqiçilər onun haqqında
Fransa İncəsənət Akademiyasının keçmiş rektoru, bəstəkar Marsel Landovski Adilə Əliyevanı "əsrin ən yaxşı pianoçularından biri” adlandırıb.
İngilis bəstəkar David Bayers: "Adilə Əliyeva qeyri-adi texniki virtuozluq və interpretasiya bacarığına malikdir. Onun ifasında sehrli cazibə, böyük qüvvə, ilahi eşq hiss olunur.
Finlandiyalı musiqi tənqidçisi Vesa Siren: "İfası bəşəridir, çox ehtiraslıdır, hədsiz individualdır”.
Fransalı musiqi professoru Vansan Düpark: "İfamda texniki qüsurlar çox idi, Adilə xanımın səyləri nəticəsində bu problemi həll etdim. Əks halda, artıq ümidimi itirmişdim. Adilə xanımın ifası həm fiziki, həm də qəlbən zəngindir”.
Bespalla tanışlıq
Ukraynalı həyat yoldaşı, bəstəkar Sergey Bespalla İsveçrədə tanış olub.
"Bizim tanışlığımız İsveçrədə keçirilən birgə konsert proqramında baş tutdu. Bütün xanımlardan minimum bir bal yuxarıda gördüyüm xanımım Fransada təkcə sənətkarlıq yox, onu tanıyan fransalılara əsl xanımlıq nümunəsi də göstərir”, - həyat yoldaşı o gün haqda deyir.
Ürəkdəki Azərbaycan nəğməsi
Az qala hər müsahibəsində Azərbaycana olan sevgisini dilindən əskik etməyən pianoçu konsertlərində ötən əsrin ən böyük soyqırımlarından birinə səhnə olmuş Xocalını da unutmur.
"Mən öz pianomla belə bir əhd-peyman bağlamışam: "Barmaqlarımla dünyanı, ürəyimlə Azərbaycanı çalaq”, - Adilə Əliyeva deyir.
Adilə Əliyeva Dünya Azərbaycanlıları Qurultayında da iştirak edib.