Leyla Əliyeva Emin Ağalarovun Heydər Əliyev Sarayında keçirilən konsert proqramında iştirak edib
![]()
Azərbaycanın Xalq artisti, tanınmış müğənni və bəstəkar, bir sıra nüfuzlu mükafatların laureatı, “Jara” Beynəlxalq Musiqi Festivalının təşkilatçısı Emin Ağalarov dekabrın 14-də Heydər Əliyev Sarayının səhnəsində konsert proqramı ilə çıxış edib. Konsertin tamaşaçıları sırasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da olub.![]()
Konsertdən əvvəl çıxış edən E.Ağalarov ona göstərilən dəstəyə və yaradıcılığına verilən yüksək qiymətə görə tamaşaçılara minnətdarlığını bildirib. Müğənni deyib: “Doğma səhnədə çıxış etmək böyük məsuliyyət və böyük şərəfdir. Səmimi sevgiyə görə çox sağ olun. Mən Azərbaycanı çox sevirəm, burada böyük məmnuniyyətlə çıxış edirəm”.
Konsertdə “Moy Azerbaydjan”, “Davay sbejim v Baku”, “Naçistatu”, “Still”, “Amor”, “Ya luçşe vsex jivu” və digər hitlər səslənib. Eminin ifasında dahi Müslüm Maqomayevin əfsanəvi “Mavi əbədiyyət” mahnısı konsertin kulminasiya nöqtəsi olub.![]()
“Müslüm Maqomayev unikal səsə sahib idi. Onun xatirəsi daim yaşayacaq. Şadam ki, mən bu gün bu mahnını sizin üçün ifa etdim”, - deyə Emin qeyd edib.
Bakılı tamaşaçılar Xalq artistinin konsertini sürəkli alqışlarla qarşılayıblar.
Sonda müğənni səmimi qəbula görə tamaşaçılara bir daha təşəkkür edib. E.Ağalarov deyib: “Konsertə gələn hər kəsə, xüsusilə də Leyla Əliyevaya məni dəstəklədiyinə görə təşəkkür edirəm. Leyla Əliyeva böyük ürəyə malik çox gözəl insandır”. (AzərTAc)