azia.az
azia.az

Siz də deyirsiz, Paşinyan Ərdoğandan imtina edir...

31-08-2021, 23:27



Müəllif: Fuad Şərifzadə

Müdrik Pelevinin sözlərini dəyişərək tam məsuliyyətlə iddia etmək olar ki, dünyada ermənilər əleyhinə qəsd həqiqətən mövcuddur, ancaq problem ondadır ki, bu qəsddə Ermənistanın bütün yaşlı əhalisi iştirak edir…

İndi isə erməni jurnalistlərin hazırladığı və hamının qarşısına sərdiyi növbəti “qəsd nəzəriyyəsi” barədə. Güman ki, o, Ermənistanın baş nazirinin və Türkiyənin prezidentinin yaxınlarda etdikləri bəyanatlarla bağlıdır.
Siz də deyirsiz, Paşinyan Ərdoğandan imtina edir...
Nikol Paşinyanın bölgədə sülh kontekstində Türkiyə tərəfindən müsbət siqnallar gördüyünü, Rəcəb Ərdoğanın isə buna cavab olaraq Türkiyənin Ermənistanla münasibətlərinin mərhələli normallaşmasına hazır olduğunu söyləmələrindən dərhal sonra Yerevanın bir neçə saytı kütləni bir il əvvəlki “qaynar” mövzu ilə təsirləndirmək qərarına gəlib. Söhbət Ermənistanın bütün hava şirkətlərinin üzünə bağlanmış Türkiyə səmasından gedir.



«44 günlük müharibənin başlamasından 20 gün əvvəl, - “Armeniya” internet-saytının müxbiri Satenik Ayrapetyan məqaləsinin yarımsərlövhəsində yazır, - 2020-ci ilin 9 sentyabrından Türkiyə Ermənistanda qeydiyyatı olan təyyarələrin özünün hava məkanına daxil olmasını qadağan etdi. Ermənistan qeydiyyatı olan təyyarələrin Türkiyə hava məkanına girişinin qadağan olunduğuna dair heç bir aeronaviqasiya məlumatı dərc olunmadı… Erməni təyyarələrini istismar edənlərdən alınan məlumata görə, Türkiyənin bütün imtinaları əsaslandırılmadan təqdim olundu…»

Ardınca - intriqa məqsədi daşıyan daha bir tizer:

«Niyə Ermənistan qarşılıqlı qadağa tətbiq etmədi və Türkiyədə qeydiyyatdan keçmiş təyyarələrin Ermənistanın hava məkanına daxil olmasını məhdudlaşdırmadı?»

Müasir informasiya istehlakçısı adətən uzun mətnləri oxumur - internet jurnalistikası çoxdan istifadəçilərə öyrədib ki, sərlövhə və yarımsərlövhə mətnin əsas məzmununu əks etdirir.

Beləliklə, yuxarıdakı mətndən məntiqlə hansı nəticələr çıxır? Gizli məna aydındır: Ankara Bakının hərbi planları barədə əvvəlcədən bilirdi, deməli, Türkiyə Azərbaycanla birlikdə Ermənistana qarşı “hərbi təcavüz”ün planlaşdırılmasında iştirak edib, öz səmasını da erməni sərnişin və nəqliyyat təyyarələrinin üzünə ona görə qapayıb ki, diaspordan olan könüllüləri, həmçinin döyüşən ordu üçün silah-sursatı Yerevana çatdırmaq mümkün olmasın.

Vəssalam! Mətnin sonrasını oxumamaq da olar, belə ki hər şey aydındır: «Bu cür aşkar xainlikdən sonra, - Qafan və ya Spitakdakı sıravi “obıvatel” ucadan qışqırır, - Türkiyə ilə hansı sülhdən söhbət gedə bilər?»

Fikrimcə, bu cür “qorxulu nağıllar” hətta səmimi etiqadla yazılsa belə, erməni cəmiyyətinə nikbinlik aşılamır, əksinə, onu ənənəvi vəziyyətinə - milli özünütəcridə və “Mənim bədbəxt xalqım!”, “Ətraf düşmənlərlə doludur!” şüarları altında siyasi mazoxizmə qaytarır.

Çaşdırıcı odur ki, əgər səbrini toplayıb “Armeniya” saytındakı mətni sonadək oxusanız, çox tezliklə Türkiyənin öz hava məkanını erməni təyyarələri üçün açmaqdan imtina etməsinin əsl səbəbini biləcəksiz.

Və həmin səbəb mənzərəni köklü şəkildə dəyişir. Məlum olur ki, 2020-ci ilin iyununda, ciddi pozuntuların aşkarlanmasından dərhal sonra Avropa komissiyası Ermənistanda qeydiyyatdan keçmiş bütün aviaşirkətlərə Avropa İttifaqının ərazisi üzərindən uçmağı qadağan edib.



Ermənistanın baş nazirinin keçmiş məsləhətçisi Akop Çaqaryanın sözlərinə görə, Ermənistan aviaşirkətlərinin Avropa aviasiya təhlükəsizliyi agentliyinin “qara siyahı”sına düşməsi Türkiyəni həmin addımı atmağa məcbur edib.

Ermənistan mülki aviasiya Komitəsinin rəhbəri Tatevik Revazayının müsahibəsi isə vəziyyətə tam aydınlıq gətirir. Onun sözlərinə görə, Beynəlxalq hava nəqliyyatı assosiasiyasının (IATA) ekspertləri uçuşların təhlükəsizliyi xidmətinin səviyyəsini yoxlayarkən dəhşətə gəliblər: Ermənistanın bayrağı altında çalışan aviaşirkətlərin uçuşların təhlükəsizlik qaydaları və normaları haqqında elementar anlayışları belə yox imiş - söhbət şassilərin köhnəlmə dərəcəsindən başlamış təyyarəçilərin və ekipaj üzvlərinin hazırlıq səviyyəsinə qədər gedir.

Ermənistanın ictimai xadimlərinin və jurnalistlərin cavab tədbiri kimi ölkənin hava məkanına Türkiyə təyyarələrinin daxil olmasını məhdudlaşdırmaqla bağlı çağırışları isə adi demaqoqiyadan başqa bir şey deyildi: Ermənistan da Türkiyə kimi Beynəlxalq mülki aviasiya təşkilatının (ICAO) üzvü olduğundan, Çikaqo konvensiyasına müvafiq olaraq özünün hava məkanının istifadəsi məsələsində ayrı-seçkilik sərgiləyə bilməz.

Qəribə və bir qədər də gülməli tarixçə alınır - rəsmi nəşr əvvəlcə qəsdən çaşdıraraq istədiyini reallıq kimi qələmə verir, sonra isə elə özü də yazdıqlarını sənədlərlə təkzib edir. Və məqalə müəllifinin məntiqinə necə yanaşmalı olduğumuzu bilmirik - növbəti keyfiyyətsiz işə görə tənqidmi edək, yoxsa həqiqətə görə təşəkkürmü?


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi