“Kərim Babayevi Rostovun Berezovskisi adlandırırlar, hara baxırsan onun torpağıdır...”
Rusiyanın Rostov vilayətinin Aksay rayonunun başçısı, aprelin 12-də Federal Təhlükəsizlik Xidmətinin əməliyyatçıları tərəfindən həbs olunan Vitali Borzenkonun işi üzrə əsas fiqurant, azərbaycanlı biznesmen Kərim Babayevin ya Azərbaycana, ya Türkiyəyə qaçdığı ehtimal edilir. Virtualaz.org xəbər verir ki, bu barədə müxalif jurnalist Sergey Reznik RostovGazeta-ya deyib.
Xəbər verildiyi kimi 27 ildir həmin vəzifəni tutan Borzenko korrupsiyada, dələduzluqda, dövlət mülkiyyətində olan torpaqları qanunsuz satmaqda, çirkli pulların yuyulmasında ittiham olunur. Onunla birlikdə Kərim Babayevin iki oğlu-Vadim və Eduard da saxlanılıb. Daha sonra Vadim polis nəzarətinə verilməklə sərbəst buraxılıb. Kərim Babayev Aksay rayonunda “Almaz” və “Atlant” adlı iri bazarların, çoxsaylı digər kommersiya obyektlərinin və torpaq sahələrinin sahibidir.
“Mən bilmirəm Babayev harada gizlənir. Lakin bizim ümumi tanışlarımız israr edir ki, əgər o yaxşıca gizlənməyə imkan tapıbsa ya Türkiyədədir, ya da Azərbaycanda. Onun İstanbulda yaxşı əlaqələri var, Azərbaycanda isə Kərim Babayev sadəcə olaraq “qızıl adamdır”. Mənim hakimiyyət dairələrindən olan tanışlarım Kərim Kazımoviçi Rostovun Berezovskisi adlandırırlar. Çünki hara baxırsan onun torpaqlarıdır”,-Sergey Reznik deyib.
Bundan əvvəl 161.ru hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən bildirirdi ki, Kərim Babayev Azərbaycana, nüfuzlu qohumlarının yanına qaça bilər. Mənbənin bildirdiyinə görə, böyük ehtimalla Babayev güc strukturlarının hələ 6 ay əvvəldən onun barəsində əməliyyat tədbirləri keçirməsi barədə məlumatlandırılıb. Nəticədə o, həbsdən yayınaraq Azərbaycana qaçıb. “Çünki Rusiyada olmaq indi onun üçün çox təhlükəlidir, burada o, öz oğullarına və lazımlı partnyoruna kömək edə bilməz”,-mənbə deyib. Əlavə edib ki, Kərim Babayevin qohumları arasında Rusiyada fəaliyyət göstərən çoxlu biznesmenlər də var.