Bakı Nəqliyyat Agentliyinin tender qanunsuzluqlar: milyonlar necə talanır?
Azərbaycanda dövlətdən maliyyələşən təşkilatların sifarişçi olduqları satınalmalarda qalib olan şirkətlərin böyük əksəriyyəti ilə maxinasiyalar etməsi, qanun pozması barədə çox yazılıb. Tenderlərdə qalib olan şirkətlər barədə səthi aparılan araşdırmalar da, yazılanların böyük əksəriyyətinin həqiqət olduğunu açıq-aşkar göstərir. Bu yazıda cumhuriyyet.az-ın araşdırmasına görə bu cür şübhəli tenderlərdən birinə də Bakı Nəqliyyat Agentliyi “imza” atıb.
Məmur oğlu ilə müəmmalı tender
Belə ki, mötəbər mənbədən əldə etdiyimiz məlumata görə, ötən ilin iyul ayının 9-da Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən keçirilən satınalmanın qalibi olan “Alpina Parking Consulting” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) yüksək vəzifəli məmurun övladına məxsusdur.
İki milyonluq tenderin qalibi olan MMC rəhbərinin atası hansı dövlət məmurudur? -
“Alpina Parking Consulting” MMC-nin qalib olduğu satınalmanın məbləği 2 milyon 124 min manat təşkil edir.
İki milyonluq tenderin qalibi olan MMC rəhbərinin atası hansı dövlət məmurudur? -
Şirkət Bakı şəhərinin inzibati ərazisində yerləşən yoldan kənar parklanma sahələrinin ümumi qiymət siyasətinin araşdırılması, müəyyən edilməsi və iqtisadi əsaslandırılması, yoldan kənar parklanma sahələrinin analiz edilməsi, infrastrukturun qurulması üçün məsləhət və parklanma yerlərinin idarəedilməsi üzrə audit xidmətini həyata keçirəcək.
İki milyonluq tenderin qalibi olan MMC rəhbərinin atası hansı dövlət məmurudur? -
“Alpina Parking Consulting” MMC 14.02.2020-ci il tarixində dövlət qeydiyyatına alınıb. Şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Eldar Tağızadə küçəsi, ev 18A, qanuni təmsilçisi Əhmədzadə Sənan Rafiq oğludur. Bununla bağlı cumhuriyyet.az-ın əldə etdiyi məlumata görə, 1992-ci il təvəllüdlü Əhmədzadə Sənan adi şirkət sahiblərindən sayılmır. Belə ki, Əhmədzadə Sənanın atası Rafik Əhmədov Nazirlər Kabineti Aparatının Beynəlxalq kredit və yardımlar üzrə şöbəsi müdirinin müavini vəzifəsində çalışır.
İlginc məqam budur ki, BNA-nın keçiridyi sözügedən tender “Dövlət Satınalmaları Haqqında” Qanuna görə keçirilə bilməz. Buna səbəb isə Qanunun 13.1 maddəsinin tələblərinin pozulmasıdır. Belə ki, Dövlət Satınalmaları Haqqında” Qanunun 13.1-ci maddəsinə görə Satınalan təşkilatdan hüquqi, maliyyə və ya təşkilati asılılığı olan malgöndərənlərin (podratçıların) həmin təşkilat tərəfindən keçirilən satınalma prosedurlarında iştirakına yol verilmir. Məlum olduğu kimi, burada isə sifarişçi təşkilat olan Bakı Nəqliyyat Agentliyi qalib elan edilən təşkilatın qanuni təmsilçisinin atasının yüksək vəzifə tutduğu Nazirlər Kabinetinə tabeli qurumdur. Digər maraqlı məqam isə keçirilən tenderdə Maliyyə və İqtisadiyyat nazirliklərinin nümayəndələrinin yuxarıda qeyd olunan məqama diqqət etməmələridir. Qanunvericiliyə görə tender predmeti bir milyon manatdan artıq olduqda Maliyyə və İqtisadiyyat nazirliklərinin nümayəndələri tender komissiyasının tərkibinə mütləq daxil edilməlidir.
Heç yerdə adı olmayan şirkətə milyonlar hədiyyə edilir
Ötən il Bakı Nəqliyyat Agentliyi marşrut xətlərinin planlaşdırılması, qrafik üzrə idarə olunması üçün proqram təminatının alınmasına dair elan etdiyi açıq tenderə yekun vurub. Bununla bağlı cumhuriyyet.az xəbər verir ki, dəyəri 3 milyon 498 min manat olan tenderin qalibi “Aris” MMC olub.
Tenderin şərtlərində bildirilir ki, şirkət proqram təminatının öyrədilməsi üzrə təlim, Bakı şəhərində fəaliyyət göstərən ictimai nəqliyyat vasitələrinin marşrut xətlərinin planlaşdırılması və qrafiklər üzrə idarə olunması üçün ümumi proqram təminatı (lisenziya), Bakı şəhərində fəaliyyət göstərən ictimai nəqliyyat vasitələrinin marşrut xətlərinin planlaşdırılması və qrafiklər üzrə idarə olunması üçün ümumi proqram təminatının quraşdırılması və sazlanması, təqdim olunan struktur məlumatlarının emal olunaraq sistemə inteqrasiya olunmasını həyata keçirəcək.
“Aris” MMC ilə bağlı apardığımız araşdırmalar zamanı məlum oldu ki, əsasən suvarma sistemləri sahəsində ixtisaslaşan şirkət 19.03.2018 tarixində yaradılıb. Nizamnamə kapitalı 100 manat olan şirkətin qanuni təmsilçisi Ruslan Haqverdiyev Rüstəm oğludur.
Qeyd edək ki, “Aris” MMC təkcə bu il nəqliyyat sektorunda keçirilən 4 tenderin qalibi olub. Belə ki, Nəqliyyatı İntelektual İdarəetmə Mərkəzi”nin “Telefoniya sistemi üçün avadanlıqlar, quraşdırılması və sazlama işləri” (41844.57 AZN) BNA-nın “İnformasiya və kommunikasiya texnologiyaları üzrə 12 (on iki) aylıq texniki xidmət (828360 AZN). Və “Bakubus” MMC-nin İnformasiya Texnologiyaları sahəsi üçün texniki dəstək xidmətlərinin satınalınması (220248.89 AZN) üzrə keçirilən tenderlərin qalibi olub… Şirkət başqa dövlət qurumlarının keçirdiyi satınalmaların qalibi olmayıb.
Yenə “ARİS” MMC, yenə qanunsuzluq
Bakı Nəqliyyat Agentliyi “ARİS” MMC ilə maliyyə dəyəri 3 milyon 498 min 316.5 AZN olan müqavilə imzalayıb. Bunla bağlı cumhuriyyet.az bildirir ki, müqaviləyə əsasən şirkət Bakıda fəaliyyət göstərən ictimai nəqliyyat vasitələrinin marşrut xətlərinin planlaşdırılması və qrafiklər üzrə idarə olunması üçün ümumi proqram təminatını, iş və xidmətləri həyata keçirməli və bununla əlaqədar BNA-nı müvafiq mallarla təmin etməlidir.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında qeyd edilir ki, “ARİS” MMC 19 mart 2018-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 100 manat olan MMC-nin hüquqi ünvanı Yasamal rayanu, Hüseyn Cavid pr, ev 87A, m 757-də yerləşir. Şirkətin qanuni təmsilçisi isə Haqverdiyev Ruslan Rüstəm oğludur.
Onunla bağlı açıq mənbələrdə heç bir məlumat yoxdur. “ARİS” MMC isə BNA-nın şübhəli tenderlərində iştirak edən şirkət kimi tanınır. Məsələ burasındadır ki, BNA bu ilin avqust ayında MMC ilə 828 min 360 AZN dəyərində müqavilə imzalayıb. Müqavilədə “ARİS” MMC-nin “İnformasiya və kommunikasiya texnologiyaları üzrə 12 (on iki) aylıq texniki xidmət” həyata keçirməsi nəzərdə tutulub.
Mediada yayılan məlumatlara görə, “ARİS” MMC daha əvvəl də BNA-nın keçirdiyi tender müsabiqəsində qalib olub. Bu ilin fevralında qurum şirkətlə 220 min 248.89 AZN dəyərində müqavilə imzalayıb. “ARİS” MMC BNA üçün “Personal kompyuter, server, şəbəkə, telefoniya infrastrukturu və avtobuslarda ödəniş sistemlərinin yenidənqurulması və aylıq texniki xidmətləri” göstərib.
2019-cu ildə isə BNA ilə ARİS MMC arasında 2 müqavilə imzalanıb. İddialara görə, hər iki müqavilə satınalma proseduru keçirilmədən “ARIS” MMC-yə verilib. Maliyyə dəyəri 1 milyon 201.8 AZN olan birinci müqavilədə foto və video qeydiyyatı aparan xüsusi aşkarlama cihazlarının satın alınması və quraşdırılması nəzərdə tutulur. İkinci müqavilə isə şirkətin BNA-nı bu sistemin fəaliyyətini təmin etmək üçün serverlər və informasiya texnologiyaları avandanlıqları ilə təmin etməsi ilə bağlıdır. Müqavilənin maliyyə dəyəri 1 milyon 595.4 min AZN olub.
Göründüyü kimi BNA “ARİS”ə vaxtaşırı müraciət edir. Bu da tenderlərin şəffaf keçirildiyinə şübhələri artırır. Digər tərəfdən, mediada gedən məlumatlara görə, “ARİS” MMC-nin dövlət büdcəsinə 68 min 836.62 manat vergi borcu var. “Dövlət Satınalmaları haqqında” Qanunun 6.2.5-ci maddəsi vergi borcu olan şirkətlərin tenderdə iştirakını qadağan edir.
Məsələ ilə əlaqədar BNA-dan münasibət öyrənməyə çalışsaq da, qarşı tərəf mövqe bildirməyib.