azia.az
azia.az

İxlasın təntənəsi – şəhidlikdir

15-10-2020, 11:32

Hacı İlqar İbrahimoğlu,

ilahiyyatçı-filosof

İxlasın təntənəsi – şəhidlikdir
Bismilləhir-Rahmənir-Rahim!

Məhərrəm-Səfər əyyamını yaşamaqdayıq. Bu əyyamı yaşamaq – həm də Kərbəla məktəbinin öyrətdiyi dərslərə daha geniş anlamda nəzər salmaq, verilən ibrətləri daha əhatəli öyrənməyə imkan verir.


İxlasa sahib olanlar Allahın ən böyük mükafatını qazanar

Kərbəla məktəbinin öyrətdiyi ən ciddi dərslərdən biri də - ixlasdır. Sözsüz ki, Aşura məktəbini, onun diriliyini, həmişəyaşarlığını anlamaq üçün ixlas mövzusunu anlamaq çox önəmlidir. Bizlərin Aşura məktəbindən götürə biləcəyi ən böyük dərs – ixlas, xalis, pak niyyət və saleh əmələ can atmaqdır.

Allah Təala Qurani-Kərimdə “Bəqərə” surəsinin 112-ci ayəsində buyurur: “Bəli, özünün bütün vücudunu Allaha təslim edən kəs, yaxşı əməl sahibi olsa, onun üçün Rəbbinin yanında məqamına uyğun bir mükafat vardır. Onlar üçün (axirətdə heç) bir qorxu yoxdur və onlar qəmgin olmayacaqlar”.

Ayəyə diqqət etdikdə, anlayırıq ki, insanın ixlaslı olması, özünü başdan-başa Rəbbinə təslim etməsi, özünü Allahınkı etməsi, bütün ruhiyyəsini, niyyətini Allaha bağlaması – onun əməlisaleh hala gəlib çatmasına, bütün əməllərinin gözəl, nurani, Allah bəyənən olmasına gətirib çıxardır.

Əgər niyyət pak və əməl saleh olarsa, o insanın Allah dərgahında xüsusi bir məqamı olar və nəticədə böyük bir əcri, mükafatı olar. Bunun da təzahürləri olaraq həmin kəsdə Allahın 2 mühüm inayəti olar. Həmin insanlarda qorxu olmaz və həmin insanlar qəmgin olmazlar. Yəni, bir insan ki, özünü Rəbbinə bağlayıb, Allah üçün yaşayır, bütün niyyətini, halını, varlığını Rəbbinə təslim edər, bütün əməllərində Allahın razılığının ardınca olar və əməlisaleh olar və bunu davamlı edər – o insanın Allah qatında xüsusi mükafatı olar, o insanın qorxu və qəmginlik kimi narahatlıqları olmaz.


İxlas – quru şüar deyil, saleh əməllədir

Ayənin təfsirində görürük ki, insanların cənnətə daxil olma səbəbi ixlasla Allaha bəndlik etmək və saleh əmələ malik olmaqdır. Cənnətin yolu boş-boş, quru şüarlar və iddialardan deyil, təmiz və pak niyyət, daxili paklıq və bundan irəli gələn saleh, dürüst əməllərdən keçir. Cənnətə daxil olma, Allahın hüzurunda mükafat əldə etmək yalnız xəyal qurmaqlarla, istəmələrlə, arzu etmələrlə olmur. İnsan iradəvi olaraq öz niyyətinin, əməllərini niyə etdiyinin keyfiyyətinə fikir verməlidir. Əməlləri niyə etdiyinə, keyfiyyətinə fikir verərsə, niyyətlər düzələrsə və əməlin keyfiyyəti o niyyətə uyğun olarsa, saleh əməl olarsa – Allahın hüzurunda böyük mükafatlar ona şamil olar.

Ayədən aydın olur ki, davamlı həyata keçirilən əməl Allah qatında mükafatlandırıla bilər. Ayədə ki, gəlir “yaxşılıq edənlər”, bu, bir davamlı hala işarədir. Saleh əməl – gözəl, pak niyyətli insanların davamlı halıdır. Bu, bir mövsümi, fraqmental hal deyil. Ona görə də deyə bilərik ki, davamlı diri iman və bunun kökündə dayanacaq, bəhrəsi olan pak niyyətin əməli halı – davamlı saleh əməldir. Əgər insanda bu olarsa, Allah hüzurunda bəndəsinin bir məqamı olar ki, ona görə, onun əcri verilər və halında iki xüsusiyyət olar – qorxusu və qəmginliyi olmaz.


Allahın xüsusi rəhmətini qazanmaq ixlasdan keçir

Allahın mükafat və əcr verməsi, Allahın rübubiyyətinin təzahürüdür. Niyyəti paklaşdırmaq, saleh əməl etmək – iradəvi və şüurli bir prosesdir. Iradə və şüurun bəhrəsi olan bir bəndəlik halı Allahın xüsusi rübubiyyətindən bəhrələnmə, xüsusi rəhmətindən bəhrələnməyə gətirib çıxardar. İxlas, niyyətdə paklıq – həm saleh əmələ, həm gözəl mükafata və həm də bəndənin psixoloji-ruhi sığortalanmasına gətirib çıxardar. Həmin insanların qorxuları olmaz. Nədən qorxsunlar?! Allahın hüzurundadırlar, fəsaddan, mənfilikdən uzaq, Allaha sığınmış, niyyəti pak, əməli saleh durumdadırlar və Allahın bəndəsi olduqları üçün böyük mükafatları var.

Bu bəndələr Allahın sığınacağına daxil olublar. Buna görə də qəm-qüssələri olmayacaq. Çünki, Allaha bəndəlik yolundadırlar və bu yolda İlahi harmoniyaya qoşulmaqları səbəbindən hüzur, aramlıq halı onlara şamildir.

Böyük ariflərin, alimlərin buyuruşlarından aydın olur ki, ixlas – mühüm əxlaqi fəzilətlərdəndir. İxlassızlıq insan üçün böyük bir ağrı və xəstəlikdir. Ümumiyyətlə, insanın ən böyük mənəvi xəstəliklərindən biri – ixlassızlıqdır. Allah bizə ixlas sağlamlığı inayət etsin.

Allah Təala iman və ixlas əsasında görülmüş işlərə böyük bərəkətlər, təsirlər verər. Bunun da ən ali nümunəsi – Aşura məktəbidir. İman, əqidə və ixlasla yoğrulmuş bir məktəb, yaşanmış bir hərəkatdır Aşura. Buna görə də Allah Təala bu məktəbə əsrlər boyudur böyük bərəkətlər verir və təsiri də göz qabağındadır.

Ümumilikdə isə götürsək, şəhidlərin də ixlasının bərəkətidir ki, şəhidlər davamlı olaraq insanlar üçün nümunəyə çevrilir, insanların qəlbində onlara davamlı sevgi və məhəbbət olur. Şəhidlik məqamının özü – ixlasın təntənəsidir.

İxlas nədir?

İxlas nədir? İxlas – niyyətin xalis və təmiz edilməsidir. İxlas budur ki, insan öz niyyətinə diqqət etsin. “Mən təhsili niyə alıram?”, “niyə işləyirəm?”, “niyə yatıram?”, “niyə dururam?”, “niyə namaz qılıram?”, “niyə sevinirəm?”, “niyə qəmlənirəm?” və s. əməllərimizin “niyə”sinə diqqət etməliyik. Niyyəti xalis və pak etdikdən sonra, xalis və pak əmələ nail olmaq mümkündür.

İxlas – əslində insanın özünün İlahi vəzifəsini, məsuliyyətini tapması və ona əməl etməsidir. Eqosuna, qrup maraqlarına görə, maddi bonuslara görə deyil, Allahın razılığına görə, Allah qatında vəzifəsini dərk etməsinə görə davranışa ixlas deyilir. Ixlasın mahiyyətində insanın öz İlahi dərgahda vəzifəsini tapıb, həyata keçirməsi dayanır. Üzərinə düşəni tanıma və ona əməl etməkdir ixlas. İnsan fərqinə varar ki, boynuna düşən nədir. Bunu yerinə yetirərkən başqa amilləri kənara qoyar. Çünki amillər, bəhanələr bitməyəcəkdir.

Əgər insan ixlaslı yaşamaq istəyirsə, bu an üçün Allah qatında vəzifəsi, “boynuna düşən nədir”i anlamalı və onu yerinə yetirməlidir. Əgər kənar amillər, faktorlar, kənar mülahizələr müdaxilə edilərsə, ixlas sıradan çıxar, qatqılı, qarışıq bir vəziyyət yaranar və bütün müsibətlər də oradan qaynaqlanmış olar.

İxlasın mərkəzində nədir?

İxlası olan insan üçün hədəf mühümdür. İxlası olan insan, Allaha etimad edir. Bəlli bir hədəfi var və o hədəfə çatmaq istəyir. Allahın razılığı olan həmin hədəfə çatmaq üçün artıq qalan hər şey onun üçün təfərrüat olur. Niyyəti – o hədəfə qovuşmaq, o hədəfə çatmaqdır. O hədəfə aparan yolların bütün çətinliyi, bütün mürəkkəbliyi – artıq ikinci dərəcəlidir. İxlaslı insanın Allah razılığı olan bir İlahi hədəfi var və haşiyəvi mövzular onun üçün önəm daşımır.

İxlasın mehvərində, mərkəzində Allah dayanır. İxlaslı insan Allaha aşiqdir, Allahı sevir, Allahınkıdır, Allahınkı olmaq istəyir. Əgər bir gözəl işi Allaha görə görürsə, həmişə görər. Əgər bir gözəl işi nəfsinə görə, kiməsə görə, vəziyyətə, maraqlara, maddi vəziyyətə, cürbəcür emosional hallara görə həyata keçirərsə – bütün bunlar ötəri olduğu üçün, onun da davranışlarında müxtəlif büdrəmələr əmələ gələr.

Ona görə də Aşura səhnəsində sonacan qalan insanlar – ixlaslı insanlar oldular. Çünki, Allahın eşqi ilə yola çıxmışdılar və heç bir maraqlara görə deyildi ki, onların dəyişməsi bunların halına təsir qoysun. Onlar Allah eşqi ilə, Allaha məhəbbətlə yola çıxmışdılar, ona görə də sonadək Allaha qovuşmaq eşqi ilə yaşayırdılar. Aşura qəhrəmanlarının niyyətlərinin mərkəzində, motivasiyalarının mərkəzində Allah idi. Ona görə də davamlı və səbatlı halda idilər. Niyyətlərimizin mərkəzinə Allahı gətirsək, ən ali vəziyyətə gəlib çatmış olarıq.


İxlası olan insanda bu xüsusiyyətlər də var

Bəs nə bilək ki, bizdə ixlas var ya yox? Bunun üçün müəyyən ölçü meyarlarımız olmalıdır, yəni ixlasın xüsusiyyətlərini tanımalıyıq. Əgər insanda ixlas varsa, bunlar da olacaq. Ixlas olduğu zaman bu keyfiyyətlər də meydana çıxır.

Birincisi, Allaha etimaddır. Mümkün deyil ki, bir insan desin ki, mən Allaha xatir yaşayıram, amma Allaha etimadı olmasın. İxlasın kökü – Allah iman və Allaha etimaddır. Əgər insanın gerçək imanı varsa – Allaha tam mənada etimad edər, Ona sığınar və bunun nəticəsində ixlas vəziyyəti meydana gələr.

Ixlasın zəruri keyfiyyət və xüsusiyyəti – Allaha etimad, Allah arxayınlıq və əminlikdir. Bu, bütün mənəvi bünövrənin köküdür. Aşura məktəbinə diqqət etdikdə görürük ki, zahirdə bütün şərtlər Aşura qəhrəmanlarının əleyhinədir. Azdırlar, çətin şəraitdir, məhdudiyyətlər var, hər tərəfdən sıxıntı var və s. Amma haqdırlar və haqq olmalarına da əmindirlər. Sayın azlıq və çoxluğu onları narahat etmir.

İxlasın zəruri cəhətlərindən biri də bəsirətdir. Çünki, bəsirət olmasa, insan Allaha üçün xalis, ixlaslı olmayacaq. Başqa amillər onu səbatlı vəziyyətindən tez çıxardacaq. Bəsirət ixlası yaradır və gücləndirir və sonradan ixlas da bəsirəti artırır. Onminlərlə insan bəsirətsizliyinin nəticəsində Allaha yaxınlaşmaq qəsdi ilə Aşurada dövrün, zəmanənin İmamını (ə) mühasirəyə alır və qürbət qəsdi ilə qətlə yetirməyə can atır. Bunlar, ibrət götürülməli mövzulardır.

İxlasın digər bir xüsusiyyəti – isar və fədakarlıqdır. Çünki, ixlas – zatən isar, fədakarlıq, nələrdənsə keçib Allaha görə etməkdir. Deməli, ixlasın göstəricilərindən biri – isar və fədakarlıq, Allaha xatir keçməsi, güzəşt etməyi bacarmaq, şəxsi motivləri deyil, ali, İlahi motivləri qəbul etməkdir.

Yekunda deyə bilərik ki, ixlasın nəticələri – bərəkət, qəlblərə yönəlmə, Allahın təşəkkürü, mükafatı və əcridir. İnsan Allahın onun üçün nəzərdə tutduğu böyük mükafat və əcri yalnız ixlasa yiyələnməklə əldə edə bilər.

Allahım, bizlərə davamlı ixlas halına yiyələnməyi nəsib et!

Allahım, Sənə sığınmağı, etimad etməyi, əməllərimizi xalisləşdirməyi, gözəl əməl sahibi olmağı bizlərə nəsib et!

Allahım, hallarımıza səbatlılıq, əməllərimiz davamlılıq inayət et! Amin!


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi